Muəllif:

Bu şeirlər sazın sehrindən doğulub

Hidayət Nurun «Azərbaycan deyəndə» şeirlər toplusunu vərəqlərkən diqqətimi bir şeir cəlb etdi. Deyir ki, həcc ziyarətinə gedənlər çoxdur, lakin hər gedib-gələnə hacı deyilməz, şeytanı tuşlayıb, ona daş atanların çoxu xislətcə şeytanlardır ki, var. Məgər belə deyilmi?
Gördüm ki, bu şeirlərin sırasında Borçalı və dünyaya göz açdığı Sarvan mövzusu ayrıca yer tutur. Oxuduqca görürdüm ki, Borçalıya həsr etdiyi şeirlərində səmimidir. Buna təbii baxmaq lazım gəlir, çünki özü sazlı-sözlü Borçalının Sarvan elində dünyaya göz açmış, orta məktəbi orada bitirmişdir. Hələ məktəb illərində Əmrah Gülməmmədov, Xındı Məmməd, Hüseyn Saraclı, Kamandar Əfəndiyev kimi ustad aşıqları çox dinləmişdir. Onların sazının-sözünün sehri bu gəncin mənəvi dünyasına, bədii təfəkkürünün biçimlənməsinə böyük təsir göstərmişdir. O diyarın hər bir insanı kimi, Hidayət Nurda da bu el sənətinə özəl bir münasibət var. Sazdə xeyli saz havasını gözəl ifa etdiyini az görməmişik.
Maraqlıdır ki, düşüncələrini bədii sözlə ifadə etməyi pis bacarmayan Hidayət Nur ixtisasca tamam başqa sahənin adamıdır — fizika-riyaziyyat elmləri doktoru, professordur. MEA Fizika İnstitutunun laboratoriya rəhbəri, məhsuldar alimdir. Hidayət Nur vətəni və milləti ilə nəfəs alır, ölkəsi ilə fəxr edir və onu əyilməz, qollu-qanadlı və güclü bir dövlət kimi görmək istəyir.
Hidayət Nur neqativ halları, vəzifəyə, şan-şöhrətə uyanları, məddahları, yaltaqları, bir tikə çörəyə görə «bəli, baş üstə» deməyə adət edənləri, həddini aşanları, min dona girənləri, rüşvətxorları da şeirə gətirə bilir, onlara bədii sözün kəsəri ilə baxmağı bacarır. Oxucularını hər anın qədrini bilməyə, vaxtı boş yerə keçirməməyə, mənalı yaşamağa çağırır.
Hidayət Nur sevgi şeirlərində, eşqində səmimidir, onun gözündə Borçalı qızı dünyanın gözəllər gözəlidir. Müəllif yaşadığı duyğuları, dərk etdiyi gerçəkliyi çox şairanə bir üslubda ifadə edə bilir.
Topluda lirik şeirlərlə yanaşı iki poema da yer alır. «Üç məzar» poemasında Tiflisin köhnə müsəlman qəbiristanlığında Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərin məzarları önündəki düşüncələrini qələmə almış və onların ömür yollarını öz prizmasından keçirmişdir.
«Yuxu» poemasında isə röyada Şah İsmayıl ilə həsb-hal edir. Vətənin indiki dolaşıq əhvalı barədə düşüncələrini bölüşürlər. Görürük ki, müəllif tarixi məqamları ustalıqla təhlildən keçirə bilmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 644