Bir-bir girin, qapıda yoxlama var
Yazmayacaqdım bu barədə. Ən azından bir müddət. Yox, söz verməmişdim, versə idim, sözümü tutardım. Sözünü tutmayanlardan, sözündən qaçanlardan, yumşaq desək, heç xoşum gəlmir. Nədən yazmayacaqdım? Diasporun fəaliyyətindən. Öncə qeyd edim ki, burda görülən işlərin, Xocalı abidəsnin qoyulmasından başlamış, millətimizi bir yerə yığmaq yolunda görülmüş ən xırda işlərin belə, üstündən xətt çəkmək fikrində deyiləm.
Artıq üç ildən çoxdur ki, bir çox yazı və müsahibələrimdə qeyd edirəm ki, bəsdirin özümüz deyib, özümüz eşitdik. Deyirdim və deyirəm ki, dil öyrənək, vətandaşlıq alaq, ən azından seçib-seçilmək hüququmuz olsun. Seçkilərə gedək. Özümü siyasi partiyalara tanıtdıraq. Bilsinlər ki, bizim də səsimiz var, bizim səsimizə ehtiyac hiss etdirək bunlara. Təbii ki, hər kəs siyasətçi ola bilməz. Ona görə də hər kəsin ucdantutma siyasi partiyalara üzv olmasına gərək də yoxdur. Onda özümüzü bəlkə daha çox biabır etmiş olarıq. Bəzən eşidirik ki, siyasilərlə münasibət lazımdır, nə etməli olduğumuzu isə düzgün anlamırıq. Atdığımız, yaxud atacağımız addımlar hər şeyi korlaya bilər, bəylər! Bəzən aylarla, illərlə heç kimin səsi çıxmır. Bəzən isə ortaya o qədər adam çıxır ki, məəttəl qalırsan. Düşünürsən ki, əgər bu deyilənlər doğru olsa idi, hər kəs bu qədər işlər görmüş olsa idi, gərək ki, bizi Niderlandda tanımayan qalmazdı. Məntiq bunu deyir, deyilənlərə inansaq.
Yadıma bir nağildan balaca bir hissə düşdü: «Bir qadın oğlunu gətirib dəmirçiyə şagird qoyur ki, dəmirçiliyi öyrənsin. Bir həftədən sonra, oğlan daha dəmirçinin yanına gəlmir. Günlərin bir günü dəmirçi küçədə bu oğlanın anasına rast gəlir və soruşur ki, oğlu nə üçün gəlmir onun yanına. Qadın deyir ki, oğlum artıq dəmirçiliyi öyrənib. Hətta mənə də izah edib. Orda nə var ki, dəmiri körükdə qızdırırsan, sonra qoyursan zindanın üstünə… Dəmirçi gülür və deyir ki, halal olsun oğluna ki, bir həftəyə həm özü dəmirçiliyi öyrənib, həm də anasına öyrədib.» Bunu nə üçün xatırladığımı indi yazacam. Bir neçə gün öncə burda, Niderllandda «beynəlxalq» bir tədbir keçrildi. Necə deyərlər, afərin! Adı yaxşı seçilib: «beynəlxalq.» Çox təmtəraqlı səslənir. Məkan da pis deyildi, Niderland parlamentinin binası. Bu elə-belə başa gəlmir ki! Dedik ki, parlamentə gedib-gəlmək lazımdır. Bunu hərfi mənada anladılar və hamılıqla parlamentə girdilər. Girdilər, ancaq elə girdilər ki, necə deyərlər, «nə bağ bildi, nə də bağban». Ancaq bağa «giriş bileti»… Bu mənlik deyil. Həmən tədbirdə də eşitdim, sonradan bir çox yerdə oxudum ki, daha zallara keçmək vaxtıdır, sözümüzü demək zamanıdır. Bunu, «fəaliyyət» tarixi (təxminən) on ili ötmüş təşkilat, yaxud təşkilatlardan eşitmək adama qəribə gəlir. Bəs indiyə qədər nə düşünürdüz, nə işlə məşğul idiniz? İndi narahatdırlar. Narahatdırlar ki, yeni insanlar qatılıb bu işlərə və arada Sabirin: «Ax, necə kef çəkməli əyyam idi, ondaki övladi-vətən xam idi» — beytini də xatırlamamış deyillər (Burda yaşayan soydaşlarımızı «xam» adlandırmaq fikrindən uzağam, sadəcə hərə öz işi ilə məşğuldur). Təbii, əgər Sabirdən xəbərləri varsa! İndi o qədər panikə düşüblər ki, imkanları olsa, bütün təşkilatlarını siyasətə atarlar. Bəylər, öncə bunların siyasi sistemini, dövlət quruluşunu və s. bu kimi məsələləri öyrənmək lazımdır ki, daxil olmaq istədiyin dəryada tez batmayasan. Əgər daxil ola bilsəniz. Axı siyasət böyük bir okeandır. Parlamentə girişlə siyasət öyrənmək olmaz! Yuxarıdakı məsəlim buna və demədiyim bir çox bu kimi atılan addımlara görə idi.
Dediklərimin hamısı bir təşkilata, yaxud bir adama aid edənlər yanılırlar. Bu bizim ümumi mənzərəmizdir (ayrı-ayrı adamlara aid olmaya bilər). Azərbaycandan gələn son heyətlə görüşdən sonra, bir canlanma hiss edirəm Niderlandda. Ümid edirəm ki, bu canlanmadan gözləntilər müsbət olacaq. Yox, yenə də şəxsi maraqlar önə çıxıb, bu maraqlar ödənilmədikdə sakitlik yaranacaqsa… Daha deməyə söz qalmır.
Sevinirəm, sevinirəm ki, bir canlanma var. Təvəzökarlıqdan kənar da olsa, deyəcəm ki, bu silkələnmədə, yaxşı mənada, mənim də rolum var. Az da olsa var. Bunu kimsə dana bilməz. Ən azından itirəcəklərini düşünübən hərəkət edənlər də, ölkəmiz adına bir iş görəcəklərsə, nə xoş mənə. Mənim istədiyim də budur! Bütün təşkilatlara uğurlar. Mən yenə də öz işimdəyəm. Hələ də bunları, yerli insanları, siyasiləri daha dərindən öyrənmək və görüşlərimi keçirməkdə davam edirəm, hələlik təşkilatsız, filansız. Mən gücümü ALLAHdan alıram və O, güc verəndir. Siz gücünüzü kimdən alırsız, «bilmirəm» deyim ki, əlavə suallar çıxmasın. Yerli siyasətə isə bir-bir girin, qapıda yoxlama var, yoxlayırlar…
P.S. İndi söz verirəm ki, bu il daha diaspor fəaliyyəti ilə bağlı geniş yazı yazmayacam. Fürsətdən istifadə edib, bütün millətimizi Yeni il və Həmrəylik Günü münasibətilə təbrik edirəm. Növbəti ildə uğurlar bizimlə olsun.