Bayramda necə görünməli?
Modelyer Fəxriyyə Xələfova Yeni il gecəsi necə geyinmək haqda məsləhətlər verib. Axı qarşıdan İlan ili gəlir. Deyir:
«Ondan başlayaq ki, 2013 — İlan ilidir, buna görə də onun qarşılanması görünüşcə ilan dərisini xatırladan geyimlərdə keçməlidir. Geyimdə gümüş, qızıl və mis metal rəng çalarlar üstünlük təşkil etməlidir. Bu rənglərdə hazırlanmış don sizin bədəninizdə mükəmməl görünəcək».
Bir sözlə, əsl gürzə rəng çalarları. Lakin Xələfovanın qara rəng həvəskarlarına da tövsiyələri olub. Axı qara ilan da var. Lakin Xələfova bu rəngə başqa rakursdan baxır:
«Matəm libasında Yeni ili qarşılamaq tam doğru deyil. Ona görə də modelyerlər yüngül ipəkdən və streyçdən hazırlanmış klassik qara don- futlyar kolleksiyalarını təqdim ediblər. Donlara nazik taxma tüllər vurulub, muncuq və payetlər səpilib. Bu universal gecə libasını siz istənilən bayrama geyinə bilərsiniz.
Əgər ayaqlarınız uzundursa və ya siz qəribə incə dabanlı ayaqqabıları sevirsinizsə, o zaman qısa ətək tamamilə sizə məqbuldur. Yox, əgər siz «maksi» uzun geyinməyə üstünlük verirsinizsə, onda burada heç bir məhdudiyyət yoxdur».