Muəllif:

Bakının havası — ən çirkli hava…

Standartlara əsasən, böyük şəhərlərin üçdə bir hissəsi yaşıllıq zolağı olmalıdır. Belə ki, adambaşına ən azı 25 kv.m yaşıllıq zolağı düşməlidir. Avropa ölkələrində adambaşına düşən yaşıllıq zolağı 50 kv.m, Rusiyada 25 kv.m-dir.
Vaxtilə Azərbaycanda adambaşına düşən yaşıllıq sahəsi 7 kv.m idisə, indi bu göstərici çox aşağıdır. Ona görə də paytaxtın havası ən çirkli hava hesab olunur. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, paytaxtda havanın çirklənmə səviyyəsi bütün normalar üzrə 2-3, hətta 10 dəfə artıqdır.
Bakıda 1991-ci ildə adambaşına 21,1 kv.m yaşıllıq düşdüyü halda, 16 il sonra — 2007-ci ildə bu rəqəmin 6-7 kv.m-ə qədər endiyi aşkarlanıb. Bakıda 1920-ci ildən cəmi 3 hektar sahə ilə başlayan yaşıllıq 1991-ci ildə ən yüksək həddə çatıb. 1992-ci ildən yaşıllığın həcmi azalmağa başlayıb. Zeynalov:
«Biz dəfələrlə təklif etmişik ki, min hektarlarla meşə zolağı salınsın. Bu bizi heç də xilas etməyəcək. Yaxşı olardı ki, hər evin qarşısında heç olmazsa bir-iki dənə ağac olsun. Belə olan halda hər kəs həm bu ağaclara qulluq etmiş olur, həm də bu ağaclar oranı oksigenlə təmin etmiş olar, havanı təmizləyər. Məsələn, paytaxtın «Beşmərtəbə» deyilən ərazisində yaşıllıq zolağı olduğundan orada oksigen digər yerlərə nisbətən normaldır. Amma hamının «Sovetski» kimi tanıdığı ərazidə oksigenin miqdarı demək olar ki, normalara cavab vermir. Ona görə də həmin ərazidə hava ən çirkli havalardan biridir. Odur ki, Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir».
Yaşıllığın normadan aşağı olması problemini şişirdən məsələlərdən biri də Azərbaycanda havaya atılan tullantıların 75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Məsələn, 2010-cu ildə ölkə üzrə havaya 957 min ton tullantı atılıb ki, bunun da 742 min tonunun (77 faizinin) mənbəyi avtomobillərdir. Bu, orta dünya göstəricisindən üç dəfə yüksəkdir.
Tibb elmləri doktoru Adil Qeybulla avtomobillərin havaya buraxdığı zəhərli qazların da şəhərin havasını, həm də insanların sağlamlığını korlayan hal adlandırdı:
«Avtomobillər texniki xidmətdən keçsə də, yanmış məhsulların nə dərəcədə ultizasiya məsələsi nəzərə alınmır. Nəticədə, bir çox avtomobillər ətraf aləmə həddən artıq ziyan vurur. Yararsız avtomobilin hərəkəti zamanı mühərrikdə problemlər olduqda yağ yanma kamerasında natamam yanır ki, bu da insan orqanizminə toksidi və konsragen, yəni şiş əmələ gətirici təsir göstərir. Uzun müddət bu cür qazla nəfəs alma müxtəlif xəstəliklərin artmasına səbəb olur. Sübut olunub ki, bir kubmetr havada bir naloqram benzokrem törəməsi varsa, hər 100 min nəfərdən 18-də ağciyər xərçənginin əmələ gəlməsinə səbəb olur. Bakıda yararsız avtomobillərin çox olması havanın çirklənmə səviyyəsinin daha çox olmasına rəvac verir ki, belədə xəstəliklərin də baş vermə ehtimalı artır».
Tanınmış ekoloq, MEA Radiasiya Probləmləri İnstitunun əməkdaşı, professor İslam Mustafayev bunu ölkə üzrə avtomobillərin sayının artması ilə bağlayırlar. Statistik göstəricilərə nəzər salsaq, Azərbaycanda hər il maşınların sayı orta hesabla 50-70 min çoxalır. Bakı üzrə 2002-ci ildə 154.908, 2003-cü ildə 205.072, 2004-cü ildə 249.857, 2005-ci ildə 295.862, 2006-cı ildə 363.918, 2007-ci ildə 427.083, 2008-ci ildə 502.369, 2009-cu ildə 549.511, 2010-cu ildə bu rəqəm 598.132-ə qədər yüksəlib.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ölkəyə idxal edilən və ölkədə istehsal edilən yol-nəqliyyat vasitələri üçün «Avro — 3» ekoloji standartlarını təsdiq etməsini irəliyə doğru addım saymaq olar.
Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyat fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlovun sözlərinə görə, «Avro-3″ə keçid nəticəsində avtomobillərin havaya atdığı zərərli komponentlerin miqdarı iki dəfədən çox azalacaq:
«Avtomobilin havaya atdığı tullantı qazının tərkibində 5 zəhərli komponent var — karbon qazı, dəm qazı, azot oksidi, karbohidrogen birləşmələri və tüstüləmə. «Avro» standartlarında bu göstəricilər müxtəlif tipli avtomobillər üçün öz əksini tapıb. «Avro-3″ə keçməklə bu komponentlərin miqdarı azalacaq. Məsələn, «Avro-3″də dəm qazının miqdarı «Avro-2″yə baxanda 60-70 faiz azdır».
Lakin professor Nizami Süleymanov bu məsələni həll etməyi mümkün sayır. «Ən müasir avtomobillərdə belə, yanacaq tam yanmır və yanacağın 20 faizdən 40 faizə qədəri yanmamış və ya yarım yanmış halda çölə atılır». Alim iddia edir ki, onun rəhbərliyi altında yaradılmış nanokatalizatorlar mühərriklərə bağlandıqdan sonra 100 faizə yaxın yanma göstəricisi almaq mümkündür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 738