Muəllif:

Bakıdan Samaraya kölə aparıb

Bu üç qardaş XXI yüzildə quldarlıq yolu ilə varlanmaq istəyiblər. Öz soydaşlarını köləyə çevirmək, onların haqqı ödənilməyən əməyi hesabına gəlir götürməyin mexanizmini düşünüblər. Qeyri-insani bir mexanizm, insanı brunlu-qulaqlı heyvanla eyniləşdirən bir mexanizm. Lakin bu cinayətin üstü açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşlarının Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Səid İlyasovun cinayət işi üzrə məhkəmə başlayıb.
DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Massiv 1, ev 8-də pasport qeydiyyatında olan Səid İlyasov (1966) həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etdikləri təsdiqlənib.
… Səid, Rzabala və Əvəz İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəlib və ehtiyac içində yaşayan, kasıb ailədən olan azərbaycanlıları hədəfə götürüblər. Onlara Rusiyda «tikinti sektorunda iş» təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, ötən il dekabrın 10-da isə Samaraya aparıblar. Dəstədə hərənin öz vəzifəsi olub.
Məsələn, Oleq adlı bir nəfər ötən ilin noyabrın 23-də Əvəz İlyasovu gölə gətirməsi üçün Rusiyadan Azərbaycana göndərib. Bir aydan sonra Əvəz İlyasov Bakıya gəlib və Biləcəri qəsəbəsində və «3 mikrorayon» ərazisi kimi tanınan «qul bazarı» adlandırılan yerə yollanıb.
Əvəz İlyasov orada 14 nəfər taparaq onlara 500 ABŞ dolları məbləğində əmək haqqı və Samara vilayətinin Alekseyevka qəsəbəsində iş, orada yaxşı həyat şəraiti vəd edib.
Dekabrın 10-da aldadılmış azərbaycanlılar Alekseyevkaya gəliblər. Burada onları digər qardaş — Rzabala qarşılayıb və onların pasportlarını alıb. Səid İlyasov fəhlələrə nəzarətçi kimi təqdim olunub.
Tora düşmüş bədbəxtlərə kiçik bir otaq ayrılıb, onlara qonşularla münasibət qurmaq qəti yasaq olunub. Elə həmin gündən bu 14 adam donuz fermasının tövlələrini kürüməyə, heyvanlara baxmağa başlayıblar… Bir qarın çörəyə. O da ölməmək, ayaq üstə dayana bilmək, işləyə bilmək üçün…
Səid İlyasovla cinayət əlaqəsinə girən qardaşları — Rzabala və Əvəz İlyasov Azərbaycan hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. Hazırda hər iki şəxs barəsində İnterpol vasitəsilə axtarış elan olunub.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İddia edir ki, «xəbəri olmayıb». Deyir ki, bu şəxsləri Samaraya qardaşları Rzabala və Əvəz aparıb, burada isə onu məsuliyyətə cəlb ediblər… Məhkəmə isə davam edir.
Qeyd edək ki, bir müddət əvvəl Ucar rayon sakinləri — Zamin Kərimov və Şahin Fətəliyev də bir qrup Azərbaycan vətəndaşını eyni üsulla aldatmışdılar. Onlar zərərçəkmişlərə Samara şəhərində yüksək maaşla tikintidə işləməyi təklif edib, sənədlərinin qaydaya salınmasında da kömək etmişdilər. Bu adamlar orada bir müddət tikintidə işlədikdən sonra anlayıblar ki, onlara işlədiklərinə görə pul verilməyəcək və Ucara qayıtmaq qərarına gəliblər. Lakin Şahin Fətəliyev, Zamin Kərimov və sonuncuların Samarada yaşayan tanışları onların sənədlərini əllərindən alıb. Vəziyyəti belə görən fəhlələr qaçmaq məcburiyyətində qalıblar. Lakin quldarlar «qaçaq kölələri» tuta bilmiş, döyə-döyə Şahinin qardaşı evinə aparmışdılar. O gündən kölələri nəzarət altında işlədir, işdən sonra birini it damına, birini zirzəmiyə, o birisini maşın qarajındakı çalaya bağlayırmışlar ki, qaçmasınlar. Ölümlə hədələyirmişlər.
Bu hadisənin üstünün açılmasına səbəb fəhlələrdən birinin sənədini əldə edərək Azərbaycana qaça bilməsi olmuşdu. Bu fəhlənin şikayətindən sonra işə Azərbaycan hüquq-mühafizə orqanları qarışmış, kölələr azad edilmişdi. Onlara işgəncə verənlərdən ikisi — Şahin Fətəliyev və Zamin Kərimov həbs olunaraq Azərbaycana gətirilmişdi. Zamin Kərimov 3 il 2 ay, Şahin Fətəliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 321