Muəllif:

Bakıda Olimpiya çempionatı

Azərbaycan gələcəkdə iki irimiqyaslı mötəbər şahmat yarışına ev sahibliyi edəcək. Belə ki, şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiya çempionatı ölkəmizdə təşkil olunacaq. Bununla bağlı noyabrın 28-də, «JW Mariot Abşeron» mehmanxanasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib. Müvafiq sənədləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, eləcə də gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.

AŞF vitse-prezidenti Faiq Hüseynov müqavilə bəndlərinin müzakirəsinin çox gərgin və mübahisəli şəraitdə keçdiyini bildirib. Bununla belə, o, sonda razılığa gəlindiyini açıqlayıb. Rəhimov bunu Azərbaycan üçün böyük və möhtəşəm tədbir adlandırıb. Onun sözlərinə görə, bu, bütün şahmatsevərlərin sevincinə səbəb olub:

«Türkiyənin İstanbul şəhərindəki Olimpiada ilə müqayisədə, 2016-cı ildə iştirakçıların sayının daha çox olacağına inanırıq. Bu, ölkəmiz üçün böyük təbliğat, şahmatda isə inkişafın göstəricisi olacaq. Bu yarışı Azərbaycana həvalə etdiyi üçün FİDE prezidentinə təşəkkür edirəm. Bu, ölkəmiz üçün böyük idman hadisəsi olacaq. Həmçinin indiyədək keçirilmiş olimpiadalar içərisində ən yaxşılarından biri kimi tarixə düşəcək. Buna Azərbaycanın imkanları da var. Əlimizdən gələni edəcəyik ki, hər 2 yarışı yüksək səviyyədə keçirək».

İlyumjinov isə bildirib ki, bu, təkcə bütün Azərbaycan şahmat sevərlər üçün deyil, 177 ölkəni birləşdirən FİDE üçün də əlamətdar hadisədir:

«FİDE Baş Assambleyasının iclasında da bu məsələ müzakirə olunarkən, heç bir tərəddüd olmadı. Çünki Azərbaycan yeganə ölkədir ki, Şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. 128 ən güclü şahmatçı 2015-ci ilin sentyabrında Dünya Kuboku uğrunda mübarizə aparacaq. Onlar namizədlər turnirinə düşmək üçün yarışacaqlar. Təşkilatçı ölkəyə 3 namizədlə təmsilçilik imkanı veriləcək. Gənclər və böyüklərlə yanaşı, uşaqlar da olimpiadada iştirak edəcəklər».

AŞF-nin digər vitse-prezidenti Mahir Məmmədov FİDE-yə ödənişlər, mükafat fondu, otellər, heyətlərin yerləşdirilməsi, FİDE Baş Assambleyasının keçirilmə şərtləri, ümumi büdcə və digər məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb:

«Amma sonra bütün məsələlərdə razılığa gəlinib. Büdcə 15 milyon avro təşkil edəcək. Yüksək standartlara uyğun keçirmək istəyiriksə, yüksək məbləğ də ayırmalıyıq. Bu məbləğdən 3 milyon avrosu Dünya Kubokuna, qalanları olimpiadaya sərf olunacaq. Heç bir iştirakçı mükafatsız qalmayacaq. Dünya Kubokunun mükafat fondu 1 milyon 600 min avro olacaq. Bütün kommersiya hüquqlarına Azərbaycan tərəfi yiyələnəcək».

Xatırladaq ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari ilin sentyabrında İstanbulda Beynəlxalq Şahmat Fedrasiyası konqresində qəbul edilib. 2015-ci il Şahmat üzrə Dünya Kubokuna və 2016-cı il Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün üç ölkə — Azərbaycan, Estoniya, Bolqarıstan öz namizədliyini irəli sürmüşdü. Yekunda Konqres iştirakçıları yekdilliklə Azərbaycanın lehinə səs vermişdilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 366