Bakıda Macarıstan Ticarət Evi açıldı
Ermənilərin məlum hadisə ilə bağlı saldıqları haray-həşirə baxmayaraq Macarıstan-Azərbaycan iqtisadi əlaqələri daha da sürətləndi. Budapeştdəki müzakirələrin ardınca Bakıda Macarıstan Ticarət Evinin açılış mərasimini gördük. İşlər daha da irəli getməlidir, heç olmasa ona görə ki, Macarıstanla tarixi bağlantılarımız daha dərindədir.
Mərasimdə iqtisadi inkişaf naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto çıxış etdi. Bəlli oldu ki, bura Macarıstanın xarici ölkədəki ilk ticarət evi imiş.
Bakıda Azərbaycan-Macarıstan işgüzar görüşündə Peter Siyarto xüsusi olaraq vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır, onun ölkəsi Azərbaycandan qaz alınmasında maraqlıdır. Başqa layihələr də var. Məsələn, gələn il Budapeştdə Macarıstan-Azərbaycan səhiyyə investisiya forumu planlaşdırılır. Macarıstanın əczaçılıq sahəsində ən iri korporasiyasının təmsilçiləri Bakıya gələcək.
Bundan başqa, Macarıstan tərəfi istəyir ki, birbaşa Bakı-Budapeşt aviareysi işə başlasın. Açıqlandı ki, Macarıstanın «Wizz Air» aviaşirkəti artıq bu yöndə danışıqlar aparır.
İqtisadi inkişaf naziri Şahin Mustafayevin gətirdiyi rəqəmlərə görə, ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 2,6 dəfə artıb. Ş.Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir. Macarıstanın tikinti, yük maşınlarının istehsalı, məişət tullantılarının idarə olunması, turizm, aviadaşımalar və s. sahələr üzrə şirkətləri ölkəmizə ciddi maraq göstərirlər.
Bəs Ramil Səfərov barədə bu yaxınlaradək səslənən qarşılıqlı açıqlamalar? Bunlar artıq keçmişdə qalıb. Macarıstan səfiri Zolt Çutora bir daha vurğuladı ki, «Ramil Səfərovun məsələsi sırf hüquqi məsələdir. Macarıstan həmişə təcavüzə qarşı çıxıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ölkələrimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Daim inkişaf edən siyasi əlaqələrimiz yüksək səviyyədədir. Ölkələrimizə səfər edən turistlərin sayı get-gedə artır».