Muəllif:

Bakı yenidən «AVRO-2020″yə namizəd olacaq

«Əvvəlcədən bildirildiyi kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Gürcüstan Futbol Federasiyası (GFF) ilə birlikdə 2020-ci ildə futbol üzrə Avropa Futbol Çempionatını təşkil etmək təklifini irəli sürüb və bununla bağlı tenderdə iştiraka hazır olduğunu elan edib. UEFA İcraiyyə Komitəsinin iclasında isə AVRO-2020-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. UEFA və UEFA-ya ya üzv ölkələrin nümayəndələri ilə əvvəlki görüşlərdə bizim assosiasiyamız bu innovativ ideyanı dəstəkləyib. Çünki, hesab edirik ki, AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ümumi bayram olacaq və nəinki bir və ya iki ölkəyə, eyni zamanda, bir çox ölkələrə oyunun əzəmətini hiss etmək imkanı verəcək. Ərizə formasının qısa müddətdə xeyli dəyişiləcəyini nəzərə alaraq, AFFA 2020-ci il Avropa çempionatının təşkilatçı şəhərlərindən biri olmaq üçün Bakının namizədliyini irəli sürmək və müvafiq olaraq sifariş prosesində iştirak barədə qərar qəbul edib.
Bakı son bir neçə il ərzində xeyli inkişaf edib və böyük beynəlxalq tədbirlərə hazır şəhərdir. Buna örnək kimi bu yaxınlarda Bakıda keçirilmiş möhtəşəm Eurovision müsabiqəsini və şəhərimizin sakinlərinin və qonaqlarının xatirəsində böyük futbol tədbiri kimi qalmış FİFA U-17 qadınlararası Dünya Çempionatını göstərmək olar. Bizim gözəl şəhərimizdə yeni və geniş yolların daxil olduğu müvafiq infrastruktur, rahat ictimai nəqliyyat və memarlıq baxımından çox gözəl metropoliten (ümumilikdə 23 stansiya) mövcuddur. 2012-ci il şəhərimizdə yalnız idman ili yox, həm də beşulduzlu lüks otellərin (Hilton Baku, Four Seasons, Abşeron Marriot, Jumeirah Beach Hotel və s.) açılış ili oldu. Bu yaxınlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı təmir olunub və aeroportun yeni binasının inşasına başlanılıb. Çox sayda restoran və kafelər müştərilərə yüksək səviyyəli xidmətə hazırdır.
Ötən il futbol baxımından vacib məqamlardan biri isə təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyevin, FİFA prezidenti Joseph S. Blatterin və UEFA prezidenti Mişel Platininin iştirak etdiyi 65.000-lik fanat tutumuna malik olacaq gözəl bir stadionun inşasının başlanması oldu. Stadionun tikintisi 2015-ci ildə başa çatacaq. Bundan əlavə, Bakıda istər təbii, istərsə də süni ot örtüklü kifayət qədər yeni stadion və məşq meydançası mövcuddur.
Dövlətin dəstəyi ilə ən nümunəvi çempionatlardan biri kimi qiymətləndirilmiş FİFA U-17 qadınlararası Dünya Çempionatının keçirilməsinə nail olduq. Biz əminik ki, dövlətin dəstəyi sayəsində bizim şəhərimiz AVRO-2020-nin təşkilinə namizədlərlə layiqincə rəqabət apara bilər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev sifariş proseduruna uyğun şəkildə fəaliyyət göstərməsini, müvafiq sənədlərin hazırlanmasını və İşçi Qrupun siyahısının təqdim olunmasını baş katib Elxan Məmmədova həvalə edib».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236