Muəllif:

Bakı-Tbilisi-Kars dəmiryolu 2014-də işə düşəcək

Bakı-Tbilisi-Kars dəmiryol bağlantısı layihəsi çərçivəsində tikinti işləri 2013-cü ilin sonunda başa çatacaq, yolun 2014-cü ildə işə düşməsi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa və Asiya ölkələrinə yükdaşımalar indidən bir sıra ölkələri maraqlandırır. Q.Nəzirov bildirib ki, artıq bəzi ölkələr bu layihəyə qoşulmaq üçün müraciətlər edib: «Artıq Qazaxıstan bununla bağlı müraciət edib, bu müraciətlər dəmiryolu ilə daşınma tariflərini tənzimləməyə kömək edəcək».
Sədr müavini bildirib ki, layihəyə qoşulan ölkələr bu yolun istismarı üçün xərclərdə iştirak edəcək, eləcə də onlara güzəştli tariflər tətbiq ediləcək.
İş də Karsda bitmir. Azərbaycan hökuməti Naxçıvanı dəmiryolla Karsa bağlamağı düşünür və hətta daha irəli gedərək bu xəttin çəkilişi üçün Türkiyəyə 1 mlrd. dollar güzəştli kredit ayırmağa da hazırdır. Çünki hesablamalara görə, bu işin maliyyə tutumu təqribən 1 mlrd. ABŞ dollarına başa gələcək. Bu niyyət barədə də Qurban Nəzirov danışmışdır.
Onun sözlərinə görə, artıq «Azərbaycan Dəmir Yolları» QSC bununla bağlı layihənin hazırlanması üçün hökumətdən müvafiq tapşırıq alıb. Bununla əlaqədar olaraq dəmiryolunda Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb:
«Bu yaxınlarda Naxçıvanda olmuşuq və İran sərhədindən həmin ərazilərə texniki baxış keçirmişik. Bu baxışın nəticəsi olaraq dəmiryolu tərəfindən texniki tapşırıq hazırlanaraq Nəqliyyat Nazirliyinə təqdim edilib. Hazırda bu texniki tapşırıq öyrənilir».
Q.Nəzirov bildirib ki, Azərbaycan bu məsələdə Türkiyə dəmir yolları ilə də əlaqə saxlayır, çünki Naxçıvan-Kars dəmiryolunun layihələndirilməsi Türkiyə tərəfindən aparılacaq: «Buna görə də həmin texniki tapşırığı Türkiyə tərəfinə də təqdim etmişik».
Baş mühəndisin sözlərinə görə, Kars şəhərindən Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 km ərazidə yeni dəmiryolunun çəkilməsi nəzərdə tutulur. Yolun Türkiyə ərazisində olmasına baxmayaraq, bu yolun Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan yolun tikintisi üçün Türkiyəyə layihənin bütün dəyəri məbləğində — 1 mlrd. dollar həcmində güzəştli kredit ayıra bilər.
Qeyd edək ki, analoji mexanizm Azərbaycan üçün mühüm olan digər dəmir yolu layihəsində — Azərbaycanla Türkiyə arasında dəmiryol rabitəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində də tətbiq edilib. Həmin layihə çərçivəsində yolun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 775 mln. dollar uzunmüddətli güzəştli kredit ayırıb.
Bu layihə ilə əlaqədar olaraq dəmiryolunun Naxçıvan hissəsində də təqribən 10 km-ə yaxın dəmiryolu xəttinin tikintisi nəzərdə tutulur. Bu hissə hazırkı dəmiryolu xəttini Sədərəkə qədər uzatmağa imkan verəcək. Paralel olaraq Naxçıvan Muxtar Respublikasının dəmiryol sistemi də yenidən qurulacaq. Q.Nəzirovun sözlərinə görə, Naxçıvanda uzunluğu təqribən 230 km olan dəmiryolu da yenidən qurulacaq ki, buradakı lokomotiv-vaqon parkı tamamilə yenilənəcək və bu işlər təqribən 700 mln. dollara başa gələcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1044