Muəllif:

Bakı İH köşklərlə bağlı məhkəmə işinə məhəl qoymayıb

Cümə günü 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Vüsalə Baxışovanın sədrliyi ilə «Turan» İnformasiya Agentliyinin Bakı Şəhər İH-yə qarşı iddiası üzrə ikinci məhkəmə iclası keçirilib. İddia «İnformasiyanın əldə olunması haqqında» qanunun 24.1-ci maddəsinə uyğun olaraq şəhər rəhbəri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin qurulmasına dair məlumatın verilməsindən imtina etməsi ilə əlaqədardır.
«Turan»ın xəbərində qeyd edilir ki, Abutalıbova ünvanlanan 28 avqust tarixli məktubda yeni köşklərin qurulmasının qanuni-normativ tərəfləri, onların hüquqi sahibləri, təyinatı üzrə istifadə olunmamasının səbəbləri, bunun nəticəsində çap nəşrlərinə dəyən zərər haqda suallara cavab verilməsi xahiş olunurdu.
Cavabdeh məhkəmə iclasına məhəl qoymayıb və bu barədə məhkəməni məlumatlandırmayıb. Ötən iclasda meriyanın Ticarət və Xidmət Departamentinin nümayəndəsi məktubda göstərilən suallara cavab verə bilməyib.
Bundan əlavə, köşklərin qurulması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə təqdim olunmuş 2011-ci il 28 oktyabr tarixli 521 saylı sərəncamı «Qasid» yayım firmasına məxsus qəzet köşklərinin dəyişdirilməsinin qanunsuz olduğunu göstərib.
İndiki iclasda V.Baxışova ən çox «Turan» agentliyinin meriyaya sorğusunun ictimai marağa cavab verib-vermədiyini və cavabdehin qarşıya qoyulan sualları cavablandırmalı olub-olmamasını araşdırmağa çalışırdı. O, buna inandırıcı cavab alıb ki, bu da ondan ibarətdir ki, məlumatın kütləvi informasiya vasitələri tərəfindən cəmiyyətin geniş təbəqəsinə təqdim olunması və cəmiyyətin azad informasiya almaq hüququ böyük ictimai əhəmiyyət daşıyır. Və köşklərlə bağlı halda ictimai maraqlar ciddi şəkildə pozulub.
Vəkil Zibeydə Sadıqova (Media Hüququ İnstitutu) hakimdən xahiş edib ki, ictimai maraqları müdafiə edən iddiaçının maraqlarını qorusun, cavabdehin müdafiəçisi rolunda çıxış etməsin.
Məhkəmə problemin ictimai önəmi ilə bağlı məsələyə aydınlıq gətirdikdən sonra V.Baxışova növbəti iclası yanvarın 23-nə saat 15:40-a təyin edib. Məhkəmə iclasının gedişini bəzi səfirliklərin və ATƏT missiyasının nümayəndələri müşahidə ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157