Muəllif:

«Azərsu»: Bakı əhalisinin 95 faizi fasiləsiz içməli su ilə təmin olunacaq

«Azərsu» paytaxta bunu vəd edir. Çoxumuza xəyal kimi görünən bu arzunun çin olacağı deyilir. «Azərsu» ASC-də ötən il ərzində su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu barədə danışılıb.
«Azərsu» mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərə toxunan ASC sədri Qorxmaz Hüseynov bildirib ki, dövlət proqramlarına uyğun olaraq, bütün şəhər və rayon mərkəzləri, eləcə də Bakıətrafı kənd və qəsəbələrin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu sahədə işlərin bir hissəsi layihə mərhələsindədir. 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə isə artıq başlanılıb. Hətta bəzi layihələr üzrə işlərin ilkin mərhələsi uğurla başa çatmışdır.
ASC sədri Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə görülən işlərə toxunaraq qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtın su təchizatında ciddi dönüş yaranıb:
«Son 1 ildə Bakı şəhərində 300 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, gələn ilin əvvəllərində isə Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının 200 mindən çox sakini 24 saat su alacaq. 2012-ci ildə 400 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 30 minindən çoxu bölgələrdə yaşayan kənd sakinləridir. Bu tədbirlər nəticəsində 95 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılıb və bu da ayda təxminən 1 milyon kilovat-saat elektrik enerjisinə qənaət deməkdir. Bizim əsas məqsədimiz bütün istehlakçıları fasiləsiz içməli su ilə təmin etməkdir. Bakı şəhərində yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı su xətlərinin yenidən qurulması ilə fasiləsiz su alanların xüsusi çəkisi 95 faizə çatdırılacaq».
Bəlli olur ki, dünyada ən böyük ultrasüzgəcli qurğusu Azərbaycanda tikilir. Hüseynov rekord müddətə istismara veriləcək qurğunun Abşeron yarımadasının içməli su təchizatında müsbət dəyişiklik yaradacağına inanır. Onun sözlərinə görə, yarımadanı əhatə edən Master Planı üzrə işlər başa çatmaq üzrədir və layihə yekunlaşdıqdan sonra içməli su, kanalizasiya və yağış sularının axıdılması layihələri üzrə tikinti və istismar prosesləri asanlaşacaq.
Bəs keyfiyyət? Deyilib ki, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində tikilən Mərkəzi Laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək. Sədr deyir:
«Ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya ən müasir avadanlıqlarla təmin olunacaq. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir. Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaq. Biz 2013-cü ildə daha çox işləməli olacağıq. Ölkənin bütün rayon mərkəzlərində su və kanalizasiya layihələri icra olunacaq, bəzi ərazilərdə işlər yekunlaşacaq».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 211