Azərbaycanın 2012-ci il hərbi strategiyası
«Ordunun Aynası» əlavəsi 2012-ci il üçün Azərbaycanın xarici hərbi siyasətinin xronologiyasını incələməkdə davam edir. Ötən sayımızda ölkənin bir sıra xarici təşkilat (NATO) və ölkələrlə (ABŞ, Türkiyə, Almaniya) hərbi əməkdaşlığının xronologiyasını təqdim etmişdik. Hazırda isə digər ölkələr və birlik: Çexiya, Fransa, Böyük Britaniya, İtaliya, Litva, Pakistan, İran, Polşa, Xorvatiya, Kolumbiya, Qazaxıstan, Çin, Rumıniya, Bolqarıstan, Malayziya, Özbəkistan, Koreya, İsrail, Avstriya, Sloveniya, Ukrayna, Qətər, Bəhreyn, MDB çərçivəsində hərbi əməkdaşlığının vəziyyətini gözdən keçirəcəyik. Ümumilikdə, ortada olan bilgilərə görə, Azərbaycan MN 2012-ci il ərzində NATO-nun ən azı 12 üzv ölkəsi ilə hərbi əməkdaşlıq siyasətini davam etdirib. Lakin bu əməkdaşlığın Azərbaycan SQ-nin inkişafına nə dərəcədə ciddi təsir göstərdiyini demək çətindir. Amma bir məsələ aydındır ki, əksər ölkələrlə imzalanmış hərbi sazişlər olduqca ambisiyalı hədəfləri nəzərdə tutur, gerçəklikdə isə onların əksəriyyətinin tətbiqinə rast gəlmək olmur.
Bu araşdırma zamanı MN-nin www.mod.gov.az saytının, eləcə də nazirlikdə təmsil olunan rəsmilərin ara-sıra səsləndirdikləri məlumatlardan, www.milaz.info saytında əksini tapan məlumatlardan və «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin təhlillərinə istinad olunub.
Litva: imkanlar tükənib?
Litva Azərbaycan SQ-nin NATO standartlarına uyğunlaşdırılmasına davamlı dəstək verən ölkələrdən hesab olunur. Bu ölkə alyansda yeni üzvlərdən olmasına baxmayaraq, Güney Qafqazdakı tərəfdaş ölkələrlə əməkdaşlığının qurulması istiqamətində ciddi çalışır.
Xatırladaq ki, iki ölkənin milli Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq haqqında Saziş 2002-ci il avqustun 27-də Vilnüsdə imzalanıb. Sazişə əsasən tərəflər bu sahələrdə əməkdaşlıq edəcəklər: NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakdan əldə edilmiş təcrübə mübadiləsi; çoxmillətli hərbi birliklərin funksiyaları və formalaşması ilə bağlı məsələlər sahəsində təcrübə mübadiləsi; silahlı qüvvələr üzərində demokratik nəzarət; silahlı qüvvələr üçün qanuni çərçivənin formalaşması; müdafiə siyasəti və strategiyası; müdafiə planlaşdırması və büdcə; komanda, nəzarət və kommunikasiyalar; beynəlxalq sülhün dəstəklənməsi və humanitar əməliyyatlar; ətraf mühit məsələləri və çirklənməyə nəzarət; mülki fövqəladə planlaşdırma; maddi-texniki təminat və qarşılıqlı maraq doğuran digər sahələr.
Beləliklə, cari ildə tərəflər arasında aşağıdakı istiqamətdə əməkdaşlıq nəzərə çarpıb:
Aprelin 27-də Azərbaycan MN və Litva Milli Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində «Əməliyyatlar təcrübəsinin öyrənilməsi, analizi və qazanılmış təcrübələrin proqramlarda tətbiq edilməsi məqsədilə məlumat bazasının yaradılması, eləcə də standartlaşdırma üzrə ekspert görüşü» keçirildi.
Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, 26-27.04.2012 tarixində Bakıda Əməliyyatlar təcrübəsinin öyrənilməsi, analizi, qazanılmış təcrübələrin proqramlarda tətbiq edilməsi məqsədilə məlumat bazasının yaradılması və standartlaşdırma üzrə ekspert görüşü keçirildi. 08-11.05.2012 tarixində isə Kaunasda (Litva) «Hospitallaşdırmadan əvvəl hərbi travmatoloji yardım» mövzusunda kurs keçirildi.
Sentyabrın 17-də müdafiə naziri Səfər Əbiyev Litva Respublikasına rəsmi səfər etdi. Səfər Əbiyevlə Litvanın mili müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirildi. Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alındı və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq haqqında yenilənmiş saziş imzalandı. Daha sonra, Səfər Əbiyevlə Litva Parlamentinin sədri xanım İrena Dequtuiene və baş nazir Andrius Kubilius arasında görüşlər keçirildi. Görüşlərdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində oldu.
20.08-21.12.2012 tarixlərində isə hərbçilərimiz Vilnüsdə (Litva) Beynəlxalq ingilis dili kursuna qatılıblar. 10.09-21.12.2012 tarixlərində Azərbaycan zabitləri Vilnüsdə Kiçik zabitlər üçün (QQ) qərargah kursunda iştirak ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan hərbçiləri Litva ilə ikitərəfli əməkdaşlıq planına əsasən, 08.08.2012-19.06.2013 tarixlərində Tartuda (Estoniya) Birləşmiş Komandanlıq və Baş Qərargah kursuna qatılıblar.
Ekspertlər hesab edirlər ki, Litvanın silahlı qüvvələr üzərində demokratik nəzarət, silahlı qüvvələr üçün qanuni çərçivənin formalaşması və müdafiə siyasəti və strategiyası ilə bağlı təcrübəsi NATO-ya yeni üzv olmuş Şərqi Avropa ölkələri içərisində ən səmərəli hesab olunur. Amma müəyyən subyektiv səbəblərdən Azərbaycanda Litvanın qeyd edilən təcrübəsinin öyrənilməsi yönündə ciddi addımlar atılmayıb.
«Vaxtilə Güney Qafqaz ölkələrinə hərbi yardımların həyata keçirilməsi ilə bağlı fəal rol Baltikyanı dövlətlərə (bir sıra məlumatlara görə, Latviya — Gürcüstan, Litva — Azərbaycan, Estoniya — Ermənistan) həvalə olunmuşdu. 2005-2006-cı illərdə bu istiqamətdə fəallığı sezmək olardı. Amma son 3-4 il ərzində bu istiqamətdə hər hansı ciddi addımlar atılmır», — deyə «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri bildirir.
Hesab edilir ki, imkanların tükənməsindən danışmaq doğru deyil və qarşıdakı dönəmdə Azərbaycan-Litva hərbi əməkdaşlığının dərinləşməsi, 2002-ci ildə imzalanmış sazişin müddəalarının yerinə yetirilməsində ciddi perspektivlər qalır.
Böyük Britaniya: əsas əngəl nədir?
Böyük Britaniya Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına praktik dəstək verən ölkələrdən hesab olunur. Qeyd edək ki, Azərbaycan MN ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında müdafiə əlaqələri və əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2004-cü il avqustun 12-də Bakıda imzalanıb. Sənədə görə tərəflər aşağıdakı sahələrdə əməkdaşlığa dair razılığa gəliblər: a) Azərbaycan Respublikasının hərbi və mülki şəxsləri üçün ingilis dili kurslarının təşkili; b) demokratik cəmiyyətlərdə müdafiənin idarə olunması; c) sülhü dəstəkləmə və humanitar əməliyyatlar; d) silahlara nəzarət; e) Tərəflərin qarşılıqlı olaraq razılaşdırdığı digər bu növ sahələr. Beləliklə, cari ildə iki ölkə arasında baş verən hərbi əməkdaşlıq faktları:
Fevralın 13-24-də Azərbaycan-Böyük Britaniya (BB) ikitərəfli əməkdaşlıq proqramına əsasən Çexiyanın Vişkov şəhərində «Çoxmillətli sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursu» keçirilib.
27.02-23.03.2012 tarixlərində isə elə həmin yerdə Kiçik komandirlər üçün liderlik kursu keçirilib.
02-06.03.2012 tarixində Böyük Britaniya hərbi attaşesinin Azərbaycana səfəri baş tutub.
02-27.07.2012 tarixində isə Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən Vişkovda (Çex Respublikası) «Əməliyyat atıcılığı kursu» keçirilib.
İyulun 19-da müdafiə naziri Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin İcmalar Palatasının üzvü Layəm Foksu qəbul edib. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sentyabrın 24-dən oktyabrın 5-dək Böyük Britaniya Müdafiə Akademiyası və Azərbaycanın MN-nin birgə təşkilatçılığı ilə Bakı şəhərində «Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması» mövzusunda kurs keçirilib. Tədbirdə MN hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, DİN Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin əməkdaşları iştirak ediblər. Kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiqetmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilmə məsələləri müzakirə edilib.
06.09.2012-26.07.2013 tarixlərində isə Azərbaycan-B.Britaniya ikitərəfli əməkdaşlıq Planına əsasən, Azərbaycan hərbçiləri Londonda Krallıq Müdafiə Tədqiqatları Kollecində təhsil alırlar.
Simulyativ Proqnoz Araşdırma Mərkəzinin (SPAM) ekspertləri bildirirlər ki, bir neçə il öncə Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində niyyətlər ortada olsa da, bir sıra məsələlər, xüsusilə də Azərbaycanın Ermənistanla savaş şəraitində olması, eyni zamanda, ölkədə islahatlar prosesinin lazımi səviyyədə olmaması hərbi əməkdaşlığın irəliləməsinə əngəl olub. Bununla belə yaxın perspektiv üçün münasibətlərin dərinləşməsi mümkün sayılır.
Çexiya: gerçəklik sazişlə düz gəlmir
Azərbaycanla ambisiyalı hərbi əməkdaşlıq sənədinə malik daha bir NATO ölkəsi Çex Respublikasıdır. İki ölkə müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş 2009-cu il oktyabrın 1-də Bakıda imzalanıb. Sazişə əsasən tərəflər bu sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər: 1) Tərəflərin Dövlətlərində müdafiə planlaşdırması sahəsində təcrübə mübadiləsi; 2) «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülh və humanitar yardım missiyalarında, eləcə də beynəlxalq təşkilatların sülhün dəstəklənməsi və terrorizmlə mübarizə üzrə digər əməliyyatlarında əldə edilmiş təcrübə mübadiləsi; 3) silahlı qüvvələrin təşkili, hərbi bölmələrin quruluşu və maddi-texniki təminatı, kadr siyasəti və idarəetmə; 4) hərbi təhsil və hərbi heyətin təlimi; 5) Tərəflərin Dövlətlərinin Silahlı Qüvvələrinin təchiz edildikləri silah və hərbi təchizatın modernləşdirilməsinin texniki aspektləri və bu sahədə təcrübə mübadiləsi; 6) Tərəflərin Dövlətlərinin Silahlı Qüvvələrində informasiya sistemlərinin, informasiya və rabitə texnologiyalarının tətbiqi; 7) Mülki-hərbi əməkdaşlıq və Mülki Fövqəladə Planlaşdırma sahələrində əməkdaşlıq; 8) Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Təhlil Prosesi çərçivəsində əməkdaşlıq.
Amma gerçəklikdə ölkələr arasındakı hərbi əməkdaşlığın səviyyəsi gözlənilən kimi deyil. 2012-ci ilin xronologiyasında azsaylı faktlar əksini tapır:
Yanvarın 18-də müdafiə naziri Səfər Əbiyev Çex Respublikasının Azərbaycan səfiri Radek Matulanı qəbul edib. Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivi müzakirə olunub və səfir ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini nazir Əbiyevə təqdim edib. Görüşdə Matula ölkəsinin müdafiə nazirinin Çex Respublikasına rəsmi səfərə dəvət edilməsi ilə bağlı məktubunu bizim nazirə təqdim edib.
Noyabrın 12-16-da isə Azərbaycan-Çex Respublikası ikitərəfli əməkdaşlıq proqramına əsasən, Kütləvi Qırğın Silahlarından müdafiə üzrə Bakıda ekspert görüşü keçirilib.
Polşa: 16 sahədə qeyri-əməkdaşlıq
Ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş 2005-ci il martın 30-da Varşavada imzalanıb. Sazişə görə tərəflər bu sahələrdə hərbi əməkdaşlıq etmək barədə razılığa gəliblər: 1) Tərəflərin Dövlətlərinin müdafiə planlaşdırılması sahəsində təcrübə mübadiləsi; 2) Silahlı Qüvvələrin demokratik cəmiyyətdə fəaliyyət göstərməsi, o cümlədən Silahlı Qüvvələr və müdafiə qurumları üzərində demokratik nəzarət, müdafiə, təhlükəsizlik və silahlara nəzarət sahələrində beynəlxalq müqavilələrin müddəalarının yerinə yetirilməsi; 3) «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülh və humanitar yardım missiyalarında, eləcə də, beynəlxalq təşkilatların sülhün dəstəklənməsinə və terrorizmlə mübarizəyə dair digər əməliyyatlarında iştirak; 4) Silahlı Qüvvələrin təşkili, hərbi bölmələrin quruluşu və maddi-texniki təminat, şəxsi heyətə dair siyasət və idarəetmə; 5) hərbi təhsil və hərbi heyətin təlimi, o cümlədən təhsil və təlim zamanı müasir texniki vasitələrin tətbiqi; 6) mübadilə edilən məxfi məlumatın təhlükəsizliyi ilə bağlı məsələlər; 7) axtarış və xilasetmə xidmətləri üzrə tədbirlər; 8) hərbi elm və tədqiqat; 9) hərbi coğrafiya, hidroqrafiya və meteorologiya; 10) silah və hərbi texnika sahəsində təşəbbüslər, o cümlədən Tərəflərin Dövlətlərinin Silahlı Qüvvələrinin müasir silah və hərbi texnika ilə təminatı, tədqiqat və təkmilləşdirmə, silah və hərbi texnikanın istismarı və təmiri; 11) Tərəflərin Dövlətlərinin Silahlı Qüvvələrinin təchiz olunduqları silah və hərbi texnikanın modernləşdirilməsinin və konversiyasının texniki aspektləri və bu sahədə təcrübə mübadiləsi; 12) Tərəflərin Dövlətlərinin Silahlı Qüvvələrində informasiya sistemlərinin, informasiya və rabitə texnologiyalarının tətbiqi; 13) hərbi tibb; 14) müdafiə sahəsində hüquqi məsələlər; 15) hərbi-mülki əməkdaşlıq və mülki fövqəladə planlaşdırma sahələrində əməkdaşlıq; 16) Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Təhlil Prosesi çərçivəsində əməkdaşlıq.
2012-ci il ərzində Azərbaycan Müdafiə Nazirliyi ilə Polşa arasında aşağıdakı tədbirlər diqqət çəkib:
04.09.12-01.02.13. Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən «Orta səviyyəli ingilis dili» kursu. Varşava, Polşa.
04.09.12-08.02.13. Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən «Yüksək səviyyəli ingilis dili» kursu. Varşava, Polşa.
Göründüyü kimi, 2012-ci ildə ölkələr arasında həyata keçirilən hərbi əməkdaşlıq prosesləri 2005-ci ildə imzalanmış sənəd qarşısında çox kasıb görünür.
Rumıniya: əməkdaşlıq güclənməlidir
Bir neçə il öncə Rumıniyanın Azərbaycan səfirliyinə NATO-nun əlaqələndirici səfirliyi (CPE — Contact Point Embassy) statusunun verilməsi bu ölkə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin yüksələcəyinə təkan hesab olunurdu. Xatırladaq ki, bu iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş» 1999-cu il iyulun 14-də Buxarestdə imzalanıb. Sazişdə bildirilir ki, Azərbaycan və Rumıniya hərbi təhsil və kadrların hazırlanması; qoşunların təlimi; orduda ictimai və mədəni-idman işləri; qarşılıqlı maraq doğuran elmi tədbirlər; hərbi-iqtisadi, hərbi-texniki və hərbi-elmi fəaliyyət; hərbi qanunvericilik və hüquqi yardım; hərbi tibb; mülki müdafiə; etimad və təhlükəsizliyin möhkəmlənməsi üzrə tədbirlər; silahlara nəzarət; NATO üzrə keçirilən tədbirlərdə iştirak etmək üçün birgə fəaliyyət; sülhün təmin olunması və humanitar əməliyyatlar; informasiyanın qorunub saxlanılması; böyük risklərin və təhlükələrin yayılmaması və azaldılması sahəsində əməkdaşlıq edirlər. Sənədə görə, tərəflər hərbi texnika və əmlak nümunələrinin mübadiləsini də həyata keçirə bilərlər.
Amma gerçəkliyə nəzər saldıqda bu gün Rumıniya ilə Azərbaycan arasında rəsmi səviyyədə hərbi münasibətlərin səviyyəsi qənaətbəxş hesab olunmur. Cari il ərzində MN saytında Rumıniya ilə hərbi əməkdaşlığa dair bir fakt əksini tapıb: fevralın 28-də Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul edib. Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub.
Ekspertlər hesab edirlər ki, NATO-nun yeni üzvlərindən hesab olunan Rumıniya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın gücləndirilməsi zərurəti var. Xüsusilə də Rumıniyanın NATO-ya üzvlük yolunda həyata keçirdiyi hərbi-siyasi islahatlar təcrübəsinin araşdırılması və tətbiqi Azərbaycan üçün çox səmərəli olardı. Bu sıradan Silahlı Qüvvələrə demokratik nəzarət mexanizmlərinin tətbiqi, hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində mövcud olan təcrübənin öyrənilməsi Azərbaycan üçün çox vacib hesab edilir.
Bolqarıstan: antikorrupsiya təcrübəsi
Azərbaycan və Bolqarıstanın müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş nazirlər: Səfər Əbiyev və Nikolay Svinarov tərəfindən 2002-ci il sentyabrın 25-də Sofiyada imzalanıb. 2003-cü ilin 29 aprelində o vaxtkı prezident Heydər Əliyev sazişin təsdiqi haqqında sərəncam imzalayıb.
Sazişdə 1995-ci ilin 29 iyun tarixində Sofiya şəhərində imzalanmış «Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Müqavilə»nin məqsəd və prinsiplərini rəhbər tutulur. Tərəflər razılığa gəliblər ki, müdafiə və təhlükəsizlik siyasəti; hərbi-iqtisadi və hərbi-texniki fəaliyyətlər; kadrların hazırlanması; orduda ictimai, idman və mədəni fəaliyyətlər; hərbi qanunvericilik; hərbi-elmi fəaliyyətlər; hərbi tibb; inam və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər; silahlara nəzarət; NATO «SNT» tədbirlərində birgə iştirak; humanitar və sülhü dəstəkləmə əməliyyatları sahələrində əməkdaşlıq etsinlər.
Tərəflər saziş üzrə rəsmi ziyarətlər və işçi görüşləri; təcrübə mübadiləsi və məsləhətləşmələr; təlim layihələrində, təcrübə keçmədə, təkmilləşdirmə kurslarında iştirak; təlimlərdə birgə iştirak; konfranslarda və seminarlarda iştirak; sənədlər, elmi layihələr və lisenziyalar mübadiləsi; qarşılıqlı maraq doğuran məlumatların mübadiləsi; konsertlər, sərgilər, festivallar və digər mədəni tədbirlər çərçivəsində əməkdaşlıq edirlər. Tərəflər ikitərəfli hərbi əməkdaşlığın illik Planını tərtib edirlər. Bu planlar saziş üzrə tərəflərin səlahiyyətli təmsilçiləri tərəfindən hər ilin 15 dekabr tarixinədək növbəti il üçün imzalanır.
2012-ci il iyunun 1-2-də Səfər Əbiyev Bolqarıstanda rəsmi səfərdə olub. İki günlük səfər zamanı müdafiə naziri Bolqarıstanın müdafiə naziri Anyu Anqelov, prezident Rosen Plevneliyev və baş nazir Boyko Borisovla görüşüb. Görüşlərdə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə NATO-nun Çikaqo Sammitində Bolqarıstanın Azərbaycanın ərazi bütüövlüyünü dəstəkləməsi məsələsi xüsusi qeyd olunub. Səfərin ikinci günü bizim müdafiə nazirimiz Bolqarıstanda «Hemus-2012» sərgisinə də qatılıb.
Bolqarıstan Şərqi Avropada təhlükəsizlik və müdafiə sektorunda anti- korrupsiya siyasətini uğurla həyata keçirən NATO üzvlərindən hesab olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycan bu ölkədən şəffaf büdcə planlaşdırılması, parlament qarşısında hesabatlılıq, Silahlı Qüvvələrdə mülki heyətin artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və s. istiqamətdə təcrübə əldə edə bilər.
İtaliya: perspektiv üçün planlar var
Digər NATO ölkələri ilə olduğu kimi, Azərbaycanın İtaliya ilə də hərbi əməkdaşlığının səviyyəsi qənətbəxş sayılmır. Cari ildə tərəflər arasında azsaylı hərbi əməkdaşlıq prosesləri baş verib:
06-07.03.2012 tarixində İtaliya hərbi attaşesi Azərbaycana səfəri edib.
17-19.07.2012 tarixində İtaliya Baş Qərargah Rəisi Biacio Abratenin Azərbaycana rəsmi səfəri olub. İyulun 18-də Səfər Əbiyev general Biacio Abrateni qəbul edib. Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb. Noyabrın 6-da Səfər Əbiyev İtaliya müdafiə nazirinin dəvəti ilə Romaya rəsmi səfərə yola düşüb. Əbiyevin İtaliya müdafiə naziri, admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub. Görüşdə Azərbaycanla İtaliya arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər. Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb. Sonra isə Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkərək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olub. Hərbi mənbələrdən verilən məlumata görə, 2013-cü ildən etibarən İtaliya Azərbaycanla kadrların hazırlığı və silah və hərbi texnikaların satışı ilə bağlı əməkdaşlığı gücləndirmək niyyətindədir.
Fransa: qiymətləndirmə davam edir?
Fransa ilə hərbi əməkdaşlığın səviyyəsinə gəldikdə, münasibətlər çox aşağı səviyyədədir. Cari ildə iki ölkə arasında ciddi hərbi əməkdaşlıq hadisəsi baş verməyib. Bu il iyul ayının 31-də və sentyabrın 27-də müdafiə naziri Səfər Əbiyev Fransanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib. Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonuncu görüşdə fransalı səfir ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib. Xatırladaq ki, 2010-cu ilin fevralında XİN mətbuat katibi Elxan Poluxov bildirmişdi ki, rəsmi Bakı Fransa ilə hərbi sahədə əməkdaşlıq məsələsini nəzərdən keçirir. Bundan öncə Fransanın Azərbaycan səfirliyi Ermənistanla Fransa arasında 2010-cu il fevralın 10-da imzalanmış hərbi anlaşmaya dair verdiyi bəyanatda rəsmi Parisin Azərbaycana da eyni məzmunlu saziş imzalamağı təklif etdiyini bildirmişdi. Elxan Poluxov belə bir təklifin Fransa tərəfindən Azərbaycana göndərildiyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda təkliflə bağlı müvafiq tədbirlər həyata keçirilir, yəni təklifin qiymətləndirilməsi həyata keçirilir və baxılır.
Sloveniya
Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş 2011-ci il martın 2-də Bakıda imzalanıb.
2012-ci ildə Azərbaycan — Sloveniya ikitərəfli əməkdaşlıq planına əsasən bu tədbir diqqəti çəkib:
17.09-05.10.2012. Təməl hərbi dağ təlimi. Lyublyana, Sloveniya.
Pakistan
Pakistan Respublikası ilə hərbi sahədə əməkdaşlığın dərinləşməsi Azərbaycanın strateji məqsədlərinə daxildir. Cari il ərzində iki ölkə arasında aşağıdakı hadisələr diqqəti çəkib:
29.02-02.03.2012. Pakistan Birləşmiş Qəragah Rəisləri Komitəsi sədri general Xalid Şamim Vaynın Azərbaycana rəsmi səfəri.
05.03-20.07.2012. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən «Kiçik zabitlərin qərargah kursu». Novşera, Pakistan.
13-16.03.2012. Pakistan HDQ Müdafiə Kollecinin 41-ci kursunun dinləyicilərinin Azərbaycana tanışlıq səfəri.
26.03-02.06.2012. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən «Zabitlərin təkmilləşmiş kəşfiyyat kursu». Mari, Pakistan.
07.05-29.06.2012. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Antiterror təlim kursu. Çerat, Pakistan.
26.08.2012-29.06.2013. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Qərargah kursu. Lahor, Pakistan.
03.09.2012-20.01.2013. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən İngilis dili kursu. İslamabad, Pakistan.
2002-ci il sentyabrın 16-20-də müdafiə naziri S.Əbiyev Pakistan İslam Respublikasında səfərdə olub. Səfər zamanı hər iki ölkənin müdafiə nazirlikləri səviyyəsində hərbi əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.
İran
Martın 12-də müdafiə naziri Səfər Əbiyev İrana rəsmi səfəri çərçivəsində İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidi ilə görüşüb. Sonra nazirlər media mənsubları üçün mətbuat konfransı keçiriblər. Martın 16-da Səfər Əbiyev İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Görüşdə hərbi-siyasi vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İyulun 7-də Səfər Əbiyev yenidən Məhəmmədbağır Bəhramini qəbul edib. Diplomatik fəaliyyətini başa vuran səfirə öz təşəkkürünü bildirən müdafiə naziri ona gələcək işlərində uğurlar arzulayıb.
Oktyabrın 31-də Səfər Əbiyev İranın yeni Azərbaycan səfiri Möhsün Pakayini qəbul edib. Görüşdə İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda Səfir Möhsün Pakayin İranın Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə nazirinə təqdim edib.
Xorvatiya
Oktyabrın 5-də Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç Azərbaycan Müdafiə Nazirliyində olub. Nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.
Xatırladaq ki, 2012-ci il martın 12-də Bakı şəhərində «Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu» imzalanıb. Sənədə əsasən, tərəflər hər iki dövlətin ərazisi daxilində mina probleminin həll edilməsi məqsədi ilə minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq qurmaq barədə razılığa gəliblər. Tərəflər minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində sistemli şəkildə elmi imkanların yaradılmasında əməkdaşlıq edirlər. Belə bir sistemə xəritəçəkmə, kosmosdan və havadan çəkilmiş fotoşəkillər, məlumatların təhlili, hərbi mühəndislik texnologiyasının təhlili və münaqişələrin tarixi, minaların, partlayıcı vasitələr və partlamamış hərbi sursatın mövcudluq göstəricilərinin müəyyənləşdirilməsi, minalı ərazilərin əhatə dairəsinin kiçildilməsi üçün bütün vasitələr daxildir.
Kolumbiya
İyulun 3-də Səfər Əbiyev Kolumbiya senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi heyəti qəbul edib. Müdafiə naziri Kolumbiya parlament üzvlərinin Azərbaycana səfərinin böyük önəm daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırıb. Müdafiə naziri görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin qurulmasının vacibliyini önə çəkib.
Qazaxıstan
İki ölkə hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş 2004-cü il martın 1-də paytaxt Astanada imzalanıb. Sənədə əsasən tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər: müdafiə siyasəti; hərbi-iqtisadi fəaliyyət; hərbi-texniki fəaliyyət; kadr hazırlığı; orduda ictimai və mədəni-idman işləri; hərbi qanunvericilik və hüquqi yardım; hərbi-elmi fəaliyyət və hərbi tarix; hərbi tibb; etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər; NATO-nun «Sülh naminə tərəfdaşlıq» və «Planlaşdırma və analiz prosesi» proqramları çərçivəsindəki tədbirlərdə birgə fəaliyyət; sülhməramlı əməliyyatların keçirilməsi və humanitar yardımın göstərilməsi məsələləri üzrə məsləhətləşmələr; silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə birgə fəaliyyət; terrorizmə qarşı birgə mübarizə.
2012-ci il ərzində Azərbaycan — Qazaxıstan hərbi əməkdaşlığı üzrə bir sıra hadisələr baş verib:
09-10.04.2012. Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən, Hərbi kadrların hazırlanması sahəsində ikitərəfli layihələrin razılaşdırılması. Bakı, Azərbaycan.
03-04.05.2012. Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən, Hərbi hüququn tənzimlənməsi sahəsində təcrübə mübadiləsi. Astana, Qazaxıstan.
20-23.06.2012. Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən «Sülhməramlı bölmələrin hazırlanması üzrə ekspertlərin işçi görüşü». Bakı, Azərbaycan.
Ukrayna
Aprelin 25-də Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuri Viytevi qəbul edib. Görüşdə hərbi qanunvericiliyin təkmilləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 12-də Ukraynanın müdafiə naziri Dimitri Salamatinin Azərbaycanlı həmkarı ilə görüşü olub. Nazirlərin əvvəlcə geniştərkibli, sonra isə təkbətək görüşü olub. Nazir Səfər Əbiyev Azərbaycanla Ukrayna arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafından söhbət açaraq bildirib ki, son illər bu əməkdaşlıq hərbi və hərbi sənaye kompleksində də özünü geniş şəkildə göstərir. Görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda 2013-cü il üçün Azərbaycan və Ukrayna müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Çin
Martın 16-da Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini qəbul edib. Görüşdə hərbi-siyasi vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İyulun 16-da müdafiə naziri Səfər Əbiyev yenidən səfir Xun Tsuini qəbul edib. Görüşdə hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə olunub. Çin səfiri ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi ataşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
Malayziya
İyunun 28-də Səfər Əbiyev Malaziyanın baş nazirinin departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib. Görüşdə ölkələrarası hərbi əməkdaşlığın qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Özbəkistan
İyulun 16-da Səfər Əbiyev Özbəkistanın Azərbaycan səfiri Şerzod Fayziyevi qəbul edib. Görüşdə hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirə olunub.
Koreya
Oktyabrın 3-də Səfər Əbiyev Cənubi Koreyanın Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edib. Diplomatik fəaliyyəti ilə bağlı yeni səfirə uğurlar arzulayan müdafiə naziri görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin zəruriliyinə toxunub.
İsrail
Avqustun 23-də Səfər Əbiyev İsrailin Azərbaycan səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazir Səfər Əbiyev Mixael Lavon-Lotemin fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.
Avstriya
06-07.03.2012 tarixində Avstriya hərbi attaşesi Azərbaycana səfər edib.
Qətər
Noyabrın 20-də Qətər dövləti Silahlı Qüvvələrinin Baş Qəragah rəisi general Həməd Bin Əli əl-Atiyyənin dəvəti ilə bu ölkədə səfərdə olan müdafiə naziri Səfər Əbiyevin Qətər dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd əl-Tani və Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü olub. Vəliəhdlə görüş zamanı ölkələrimiz arasında mövcud olan əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın gedişatı və perspektivləri, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib. Baş Qərargah rəisi ilə görüş zamanı da hərbi sahədə əməkdaşlığın əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, «Yırtıcı Şahin-3» çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində təşkil olunmuş, Ali Hərbi Rəhbərlərin seminarında iştirak edən Səfər Əbiyev həmin tədbirə qatılan Pakistan müdafiə naziri və Birləşmiş Qərargahlar Komitəsinin sədri, Mərakeşin müdafiə naziri, Belarus SQ Baş Qərargah rəisi ilə də görüşlər keçirərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.
Bəhreyn
Noyabrın 21-də Səfər Əbiyevin ölkəmizə işgüzar səfərə gələn Bəhreyn Müdafiə Qüvvələrinin Komandanı feldmarşal Şeyx Xəlifə Bin Əhməd əl-Xəlifə ilə görüşü olub. Görüş zamanı hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
MDB
İyulun 4-də Səfər Əbiyev MDB iştirakçısı olan dövlətlərin müdafiə nazirləri şurasının Kalininqraddakı növbəti iclasında iştirak etdi.
Dekabrın 11-də Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının Moskva toplantısında iştirak etdi.