Azərbaycan və Türkiyə: XİN-lər arasında siyasi məsləhətləşmələr keçirilib
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyini davam etdirməsi «status-kvo»nun dəyişdirilməsinə birbaşa təsir edəcək. Dünən Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrdən sonra Xələf Xələfov belə bir açıqlama verib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məsləhətləşmədə Azərbaycan heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə heyətinə isə xarici işlər nazirinin müavini Fatih Ceylan başçılıq edib.
Məlumata görə, görüşün gedişində iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin hazırkı vəziyyətin, Yüksək Strateji Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış sənədlərin müddəalarının tələb etdiyi məsələlərin həyata keçirilməsində qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilib. İki qardaş ölkə arasında regional münasibətlərlə yanaşı, beynəlxalq çərçivədə əməkdaşlığın mühümlüyü də vurğulanıb, diaspor təşkilatlarının birgə fəaliyyəti üçün ortaq mexanizmlərin olmasının vacibliyi qeyd edilib. İkitərəfli münasibətlərin ümumi səviyyəsindən məmnunluq ifadə edilməklə yanaşı, bunun daha dinamik şəkildə reallaşdırılması yollarına toxunulub.
X.Xələfov Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, iki ölkənin maraqlarının bütün sahələrdə üst-üstə düşdüyünü bildirib, nəinki regionda, həmçinin beynəlxalq səviyyədə birgə fəaliyyətin məhsuldar nəticələrinin olduğunu xatırladıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayaraq, bunun davam etdirilməsinin regionda sülhün bərqərar olmasına xidmət etməklə yanaşı, «status-kvo»nun dəyişdirilməsinə birbaşa təsir edəcəyini bildirib. ATƏT Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın destruktiv mövqeyini qeyd edib. Türkiyənin Ermənistanla sərhədlərini münaqişə həll olunmayana qədər açmayacağına dair yüksək səviyyədə bəyanatlarını məmnunluqla xatırladaraq, buna ictimaiyyətin olduqca həssas yanaşdığını söyləyib.
Xələf Xələfov və türkiyəli həmkarı Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən enerji, nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar. Xələfov regionda stabilliyin və davamlı inkişafın təmin olunmasında başlıca maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edib. O, Azərbaycanın hazırda siyasi, iqtisadi, beynəlxalq institutlar çərçivəsində güclü dövlət olduğunu, regional layihələrin həyata keçirilməsində başlıca rol oynadığını vurğulayıb, Ermənistanın işğalçı siyasətinin rəsmi İrəvanın bütün regional layihələrdən təcrid olunduğuna gətirib çıxardığını bildirib.
Xələfov Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasının zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.