Muəllif:

Azərbaycan tarı ayrı, İran tarı ayrı

Azərbaycanlıların tar ifaçılıq sənəti UNESCO-nun siyahısına daxil edildi və bu mədəni hadisə ilə bağlı Bakıda Beynəlxalq Muğam Mərkəzində törən keçirildi. Söhbət ondan gedir ki, bizim ölkədə orijinal tar ifaçılıq sənəti UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Törənin gedişində Muğam Mərkəzinin foyesində tarda Azərbaycan xalq musiqiləri səslənirdi.
Bu hadisə İran Musiqi Evi adlı qurumu qıcıqlandırıb. Onlar iddia ediblər ki, tar İran musiqi sənətinə aiddir və bunu əsaslandıran «ciddi sübutlarını» UNESCO-ya təqdim edəcəklər.
Bu iddia bizim musiqi bilicilərində təəccüb doğurub. Reaksiya belə olub ki, Azərbaycan tarı ayrı, İran (fars) tarı ayrıdır. Uyqur qardaşlarımızın musiqi mədəniyyətində önəmli yer tutan tar da fərqlidir. Məsələn, göstərilib ki, Azərbaycan tarında 11, İran tarında 5-6 dil var, pərdələrində də fərqlər var. Azərbaycan tarında klassik əsərlər ifa oluna bilir, İran tarı bu imkandan məhrumdur. Yəni biz UNESCO siyahısına öz tarımızı daxil etmişik, onlar da öz tarlarını daxil etməkdə sərbəstdirlər.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan tarının təkmilləşdirilməsində Sadıqcanın müstəsna xidmətləri olub. Əməkdar artist, məşhur tar ifaçısı və pedaqoq Həmid Vəkilov Sadıqcandan sonra tara yenilik gətirmiş ikinci azərbaycanlı musiqişünasdır. O, tarın bəm simini digər simlər səviyyəsinə endirərək tarın qolunun davamını (sonluğu) artıraraq zil səsləri əldə etmişdi. Yəni tarın diapazonunu aşağı və yuxarı registrdə uzadaraq 2,5 oktavadan tam 4 oktavaya çıxarmışdı. 1967-ci ildəki bu ixtirasından üzü bu yana bu iş üzərində fasiləsiz olaraq düşünmüşdür. Tarın daha keyfiyyətli şəkildə köklənməsi üçün tarın kəlləsini vintli aşıqlarla təchiz edərək dəyişir: 11 sim, 11 aşıq. Hər sim bir aşığa bağlanır.
F.Montinin çardaş əsərini yeni təfsirdə (yorumda) ifa etməsi və burada ilk dəfə olaraq tarda flajelot üsulunu andıran çox zil səsləri əldə etməsi onun yeni sənət uğuru olmaqla yanaşı, tarın təkmilləşdirilməsi sahəsində elədiyi yeniliklərə daha bir əlavə idi.
Bu maraqlı sənətçi ilk dəfə olaraq tarda özü-özünü müşayiət etmək üsulunu sınamışdır, yəni F.Tarreqanın «Alhambra xatirələri» əsərini gitaradan tara uyqulayır, bununla da ilk dəfə olaraq tarda melodiyanı çalmaqla yanaşı, harmonik səslərlə melodiyanın müşayiətinə nail olur. Bundan başqa, Həmid Vəkilov konsert əsnasında tarı ayaqüstə çalan ilk sənətçidir.
Əlavə edək ki, həmin törəndə xalq artisti, professor Ramiz Quliyevin tar ifalarından ibarət diskin təqdimatı da keçirildi. Nazir Əbülfəs Qarayev tarın milli musiqi sənətimizdə xüsusi önəm daşıdığını vurğuladı. Qeyd etdi ki, milli musiqimizin atributlarından biri olan tar alətlərin zivəsində dayanır və tarın UNESCO siyahısına daxil olması bu alətin dünya musiqi mədəniyyətində ayrıca yer tutduğunun təsdiqidir. Az sonra Mədəniyyət və Turizm Nazirliyi də öz növbəsində İranın UNESCO-nun qərarına etirazına münasibət bildirdi (APA). Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya İran tərəfinin tarla bağlı istədiyi vaxt UNESCO-ya müraciət edə biləcəyini vurğuladı:
«Qeyri Maddi-Mədəni İrs üzrə Konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, əgər hər hansı bir mədəni elementi bir ölkə təqdim edirsə, bu element həmin ölkənin adından daxil olursa, həmin element və mədəni irsin daşıyıcıları digər ölkələrdə varsa, həmin ölkələr gələcəkdə UNESCO-ya bununla bağlı müraciət edə bilərlər. Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan olduğu üçün onlar bunu Azərbaycan tərəfi ilə müzakirə etməlidirlər. Bu hər bir ölkənin öz suveren hüququdur.
Azərbaycan tərəfi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-ya təqdim etməklə, həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Bu şərtlər daxilində xüsusi fayl hazırlanıb UNESCO-ya təqdim olunub. Təbii ki, bu, bir günlük deyil, bir illik aparılan bir işin nəticəsidir. Bu prosesdə Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitənin üzv ölkələrinin, eyni zamanda İran ekspertlərinin də təmsil olunduğu Məşvərət Şurasının iclasında bu qərar çıxarılıb». Vasif Eyvazzadə bildirib ki, Azərbaycan tərəfinin təqdim etdiyi fayllar, film və digər məlumatlar sırf Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində göstərilən fəaliyyətlərlə bağlıdır:
«Yəni burada hər hansı bir ölkəyə iddia göstərilmir. Faylın özündə də hətta qeyd olunub ki, tar sənəti — İran, Türkiyə, İraq kimi ölkələrdə var. Amma Azərbaycan tarı spesifik xüsusiyyətlərə malikdir». Şöbə müdiri əlavə edib ki, UNESCO-ya təqdim olunan hər bir sənəddə bütün beynəlxalq hüquq normaları, eyni zamanda Konvensiyanın şərtləri və UNESCO-nun təlimatları tam nəzərə alınır:
«Bu məsələ ilə məşğul olan ekspertlər, digər rəsmi qurumlar məsələni anlayışla qəbul edib. Çünki bu məsələyə başqa cür yanaşmaq mümkün deyil. Biz bütün qayda və normalara riayət etmişik. Qaldı ki, bu gün İran tərəfinin mətbuatda qaldırdığı məsələyə, sözsüz ki, İran ictimaiyyəti bu məsələnin təfərrüatlarını, faylların şərtlərini bilmir. Onlar orada aparılan müzakirələrin mahiyyətinə bələd olmadıqları üçün müəyyən fikirlər səsləndirirlər. Bunu biz anlayışla qəbul edirik və gözləyirik ki, İranın rəsmi qurumları, bu işlə məşğul olan insanlar ictimaiyyətə məsələnin təfərrüatlarını izah etsinlər. Biz İranın rəsmi qurumlarına da təşəkkürümüzü bildirmək istərdik ki, onlar məsələni UNESCO şərtləri daxilində anlayışla qəbul ediblər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 554