«Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu»
«Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu» — ölkəmizin Macarıstan səfirliyində bu adda beynəlxalq konfrans keçirilib. Sayca VII olan builki beynəlxalq konfrans Azərbaycanla Macarıstan arasında — ölkəmizin çox böyük önəm verdiyi, bizimlə dərin tarixi bağlantıları olan bu Avropa ölkəsi ilə diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmişdir. Konfransı giriş sözü ilə Macarıstan səfirimiz Vilayət Quliyev açmışdır. Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr üzrə dövlət katibi Piter Siyyarto və hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini — icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov konfrans iştirakçılarına təbrik nitqi ilə müraciət etmişlər. Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir, deyə səfirlikdən aldığımız xəbərdə deyilir.
Səfir Vilayət Quliyevin moderatorluğu ilə keçən birinci bölmədə Macarıstan XİN Qafqaz və Mərkəzi Asiya departamentinin rəisi, Macarıstanın Azərbaycanda akkreditə olunan ilk səfiri Erne Keşkeni, Macarıstan parlamentinin üzvü, parlamentin Beynəlxalq Əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşü, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, defense.security internet portalının naşiri və baş redaktoru, siyasi şərhçi Peter Dunai, Azərbaycanın Macarıstan səfirliyinin müşaviri Anar İmanov diplomatik əlaqələrin müxtəlif aspektlərinə dair məruzələrlə çıxış etmişlər.
Akademik Urxan Ələkbərovun sədrliyi ilə keçən ikinci bölmədə «Avrasiya» jurnalının baş redaktoru, tarixçi-şərqşünas Borbola Obruşanskanın, Milli Məclisin üzvü, tarix elmləri doktoru Musa Qasımlının, Budapeştdəki Eötvöş Lorand Universitetinin dosenti, azərbaycanşünas alim Mariya Keneşinin, AZER-GLOBE ictimai-siyasi tədqiqatlar institutu Qafqaz tarixi mərkəzinin rəhbəri Şəlalə Həsənovanın, Macarıstan EA akademiki, Eötvöş Lorand Universiteti hüquq fakültəsinin dekanı Həmzə Qaborun Azərbaycan-Macarıstan münasibətlərinin tarixi aspektlərinə həsr olunmuş məruzələri dinlənilmişdir.
Tanınmış macar hüquqşünası, akademik Həmzə Qaborun sədrlik etdiyi üçüncü bölmə Azərbaycan-Macarıstan münasibətlərinin hüquqi, iqtisadi, siyasi aspektlərinə və təhlükəsizlik məsələlərinə həsr olunmuşdur. Bu bölmədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili departamentinin direktoru Rövşən İbrahimov, Macarıstan XİN-in elmi-tədqiqat institutunun icraçı direktoru Erjebet Roza, Azərbaycan Diplomatiya Akademiyasının əməkdaşı Lalə Cumayeva və Macarıstanın Gənc Sahibkarlar Assosiasiyasının prezidenti Partik Kovaç məruzə etmişlər.
Səfir Vilayət Quliyev beynəlxalq konfransın işinə yekun vurmuşdur. Konfransın işində Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Macarıstan Parlamentinin üzvləri, Macarıstanın elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Konfransın işi Macarıstanın elektron KİV-ində geniş işıqlandırılmışdır. Konfrans çərçivəsində səfirlik xətti ilə son bir il ərzində çap olunmuş kitabların təqdimat mərasimi keçirilmişdir.