Muəllif:

Avtomobillərə texniki baxış ləğv edilsin

Parlamentin deputatı avtomobillərin icbari qaydada texniki baxışdan keçirilməsinin ləğvinin tərəfdarıdır. Millət vəkili Çingiz Qənizadə «Trend»ə texniki baxışın lazımsız bir prosedur olduğunu deyib və qonşu ölkələrin təcrübəsindən yararlanaraq onun ləğvini lazım bilir.

Xatırladır ki, bu gün magistral yollarda texniki baxışdan keçmiş nasaz, işıqları yanmayan, bərbad vəziyyətdə olan şəxsi avtomobillər və ictimai nəqliyyat var. Millət vəkili hesab edir ki, yol polisi əməkdaşları avtomobillərin texniki cəhətdən sazlığına nəzərət etməlidir. Belə ki, hansı avtomobildə nasazlıq varsa, həmin avtomobilin sahibinə xəbərdarlıq edilməlidir. Deputat deyir:

«Təklif edirəm ki, avtomobilləri texniki baxışdan keçirmək əvəzinə texniki qüsurlara görə sürücülər və avtomobil sahibləri xəbərdarlıq aldıqdan sonra inzibati qaydada cəzalandırılsınlar. Vətəndaş bilməlidir ki, idarə etdiyi avtomobilin arxa işığı yanmadan yola çıxarsa, cərimələnəcək».

Təbii ki, Baş Dövlət Yol Polisi İdarəsi buna tərəfdar çıxmaz. Qurumun şöbə rəisi Kamran Əliyev «Trend»ə açıqlamasında bildirib ki, texniki baxışın ləğv olunması ilə razı deyil. Onun sözlərinə görə, arxa işıqları yanmayan avtomobili yolda müəyyən etmək asan olsa da, mexaniki hissəsi nasaz olan avtomobili müəyyənləşdirmək çətindir.

İdarə sözçüsü deyib ki, il ərzində ölkədə avtomobilin texniki nasazlığı səbəbindən 5-6 nəfər həyatını itirib. Şöbə müdiri hesab edir ki, sürücülər məsuliyyətsiz olduqları üçün avtomobilin texniki baxışdan keçirilməsini sürücünün ixtiyarına buraxmaq düzgün olmaz.

«Sürücülər texniki baxış məsələsinə düşünülmüş şəkildə yanaşacaqlarmı? Əgər sürücü 1 ay əvvəl sürücülük hüququ olmadan sərxoş vəziyyətdə tutulub inzibati məsuliyyətə cəlb olunursa, 1 ay sonra eyni hərəkəti təkrar edir, 3 nəfərin ölümünə səbəb olur. Belə insanın öhdəsinə avtomobilin texniki baxışdan keçirilməsini buraxmaq olarmı?», — deyə Əliyev sual edir.

Qeyd edək ki, bəzi ölkələrdə avtomobillərin texniki baxışdan icbari qaydada keçirilməsi ləğv olunub. Gürcüstan təcrübəsinə görə, bu prosedur rüşvət mənbəyidir. Hər bir normal adam öz mülkiyyətinin saz vəziyyətdə  olmasında özü maraqlı olur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 618