Muəllif:

Avrozona ilə müqayisə oluna bilmərik!

Dövriyyəyə iri nominalda əskinasların buraxılması məsələsi yenidən gündəmə gəlib. Mərkəzi Bankın (MB) əsaslandırmasına görə, daha böyük nominalda əskinasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədi güdür. Belə ki, hazırda ölkədə yuxarı nominallı əskinasların xüsusi çəkisi həddən artıq çoxalıb.

Belə bir şəraitdə dünya praktikasındakı kimi əlavə olaraq böyük nominalda əskinaslar buraxılmalıdır ki, yuxarı nominallı əskinaslara düşən yük aradan qalxsın. Söhbət ondan gedir ki, Mərkəzi Bank 200 və 500 nominallı əskinaslar buraxmağa hazırlaşır. Bu addım nə dərəcədə əsaslandırılmış sayıla bilər?

İqtisadçı Vüqar Bayramov hesab edir ki, pul dövriyyəsinə iri nominallı əskinasların buraxılması üçün real iqtisadi zəmin yoxdur. Ekspert bu fikrini bir neçə arqumentlə əsaslandırır:

«Əvvəla, ölkədə orta aylıq əməkhaqqı 400 manat təşkil edir. Dünyanın heç bir ölkəsində əskinasın dəyəri orta aylıq əməkhaqqından çox deyil. 1 əsginasın dəyərinin orta aylıq əməkhaqqından yüksək olması təkcə iqtisadi deyil, psixoloji baxımdan da acınacaqlı haldır. Bu proses istehlak bazarında gərginlik yaranmasına səbəb ola bilər. İri əskinasların dövriyyəyə buraxılması istehlak bazarında qiymət artımına, pulun alıcılıq qabiliyyətinin düşməsinə gətirib çıxarır. Bu baxımdan iri nominallı əskinasların inflyasiya yaradacağı, təəssüf ki, qaçılmaz olacaq».

Ekspert xüsusi olaraq vurğulayır ki, Azərbaycan bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki, Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir. Göründüyü kimi, orta aylıq əməkhaqqı dövriyyədə olan ən yüksək dəyərli əskinasdan 8 dəfə çoxdur. Buna görə də, Azərbaycanda əskinasların nominallarını Avropa ölkələri ilə müqayisə etmək doğru olmazdı».

Bayramov xatırladır ki, dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Deyir:

«Bu ölkədə xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 65 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Bankı əskinasların üzərində rəqəmləri artırmağa tələsmir. Maraqlıdır ki, ABŞ-dan fərqli olaraq Azərbaycan Mərkəzi Bankı dövriyyəyə daha yüksək nominalı olan pullar buraxmaq niyyətindədir».

İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycan manatı yalnız ölkə daxilində yığım vasitəsidir. Baxmayaraq ki, manatdan fərqli olaraq avro həm Avropa Birliyində, həm də kənarda yığım vasitəsi kimi istifadə edilir. Nəticədə iri məbləğli əskinasların avro ilə yığımı sürətlənir. O baxımdan iri əskinasların dövriyyəyə buraxılmasının manatla yığımın artırılması məqsədi daşıdığına dair arqumentlər real ola bilməz. Hətta əsas yığım vasitəsi olan ABŞ dolları da daha aşağı nominallı əskinaslarla öz funksiyasını bütün valyutalardan daha yaxşı yerinə yetirir».

Bayramovun fikrincə, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:

«Bu addım pulun alıcılıq qabiliyyətinin aşağı düşmə tendensiyasını sürətləndirəcək. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169