ATƏT Qarabağ münaqişəsi ilə bağlı «mövqe» açıqlayıb
ATƏT Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində Minsk Qrupu nümayəndə heyətinin rəhbərləri — Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Hillari Klinton və Fransanın Avropa məsələləri üzrə naziri Bernar Kazenyov dekabrın 6-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər. «Turan»ın xüsusi müxbirinin Dublindən verdiyi məlumata görə, onlar əsasən tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar.
«2012-ci il iyunun 18-də Los-Kabosda prezidentlərimizin bəyan etdikləri kimi, tərəflər Helsinki Yekun Aktının prinsiplərini əldə rəhbər tutmalıdır. Bu prinsiplər əsasən güc və ya güclə bağlı təhdidin tətbiq olunmaması, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutur.
Həmçinin bizim ölkələrin prezidentlərinin 2009-cu ildə Akvil və 2010-cu ildə Muskok bəyanatlarında əksini tapmış elementlər nəzərə alınmaqla və prezidentlərin 2011-ci il Dovil bəyanatlarına əsaslanaraq tərəfləri sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırıq», — deyə nazirlərin bəyanatında ifadə edilir.
«Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatı ilə əlaqədar sülh prosesində sürətli irəliləyiş gözləntiləri özünü doğrultmadı. Bunun müqabilində tərəflər qarşılıqlı anlaşmaya əsaslanan saziş əldə etmək əvəzinə, çox vaxt danışıqlar prosesində birtərəfli üstünlük axtarıblar», — deyə sənəddə qeyd olunur.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri 1994-cü ildə bağlanan atəşkəs haqqında sazişə əməl etməyi davam etdirməyə çağırılırlar. Ayrıca qeyd olunur ki, hərbi güc tətbiqi münaqişəni həll edə bilməz.
«Biz tərəfləri əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yardım edən fəaliyyət və bəyanatlardan çəkinməyə çağırırıq. Tərəflərin liderləri öz əhalilərini düşmən deyil, yenidən qonşu kimi, digər tərəfin mədəniyyətinə, tarixinə və ənənələrinə tam hörmət şəraitində yaşayacaqları günə hazırlamalıdır», — bəyanatda qeyd olunur.
Nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanma yollarının müzakirəsinə hazır olmalarını alqışlayır.
«Bizim ölkələrimiz yenə də tərəflərə yardım göstərmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin öz üzərinə düşür», — deyə bəyanatda vurğulanır.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədri Qarabağ münaqişəsi haqqında fikir bildirib. O bu ilin aprel ayından etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qarşıdurmanın çoxalmasına diqqəti çəkib. Hesab edir ki, bu, region xalqları üçün bu qədər məhvedici olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün reaksiya vermək zərurətinə dəlalət edir. Məlumata görə, bu barədə bu gün İrlandiya paytaxtında açılan ATƏT XİN Şurasının 19-cu iclasında ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmon Gilmor bildirib.
Gilmor şəxsi nümayəndəsi Anjey Kasprşikə silahlı insidentlərin çoxalmasının qarşısını almaq məqsədilə «regionda apardığı fəal işə görə» təşəkkürünü bildirib. «Biz ölkələrimizin vətəndaşlarının maraqlarına xidmət edirik. 2015-ci ilə — Helsinki Bəyannaməsinin 40-cı ildönümünə yaxınlaşarkən hamını konstruktiv əməkdaşlığa və təşkilatımızla həmrəylik nümayiş etdirməyə çağırıram», — deyə Gilmor ATƏT XİN Şurası iştirakçılarına xitab edib.