Muəllif:

Alimentdən yayınan çoxdur

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, boşanan cütlüklərin sayı minlərlədir. «qhtxeber.az» saytı komitəyə istinadən yazır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfər hesabı ilə nikahların sayı 9,3-dən 9-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə qalıb. Təbii ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur.
Onlar mənəvi travmalar almaqla yanaşı, atanın anaya olan pis münasibəti səbəbindən maddi sıxıntılar çəkməyə məcbur olur. Valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınır. Çox zaman isə gəlirlərin əsas hissəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir.
Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bildirib ki, valideynlər ayrılan zaman atanın ananı və uşaqları maddi baxımdan təmin etməsi məcburidir:
«Boşanarkən kişi qadını qida, geyim, qalacaq evlə təmin etməli, həm də onlara aylıq vəsait ödəməlidir. Əvvəllər insanların nə qədər aliment verəcəyi göstərilmirdi. Çünki, əvvəllər maaş yox idi. Biri əkinçiliklə, biri ticarətlə dolanırdı. Yəni gündəlik yeməyi, tələbatı nə qədərdisə, o qədər doyurmalıdır».
Hüquqşünasın fikrincə, boşanmaq valideynləri övladları qarşısında olan məsuliyyətindən heç də azad etmir:
«Bir uşağa görə valideyn qazancının 25 faizini, iki uşağa görə qazancının 33 faizini, uşaqların sayı 3 və daha çox olarsa, qazancının 50 faizini aliment verməlidir. Amma burada söhbət təkcə əmək haqqından getmir, bütövlükdə gəlirlərindən, ümumi qazancından gedir. Ola bilsin ki, hətta uşaq xəstələnibsə, burada alimentdən əlavə xərclər də tutula bilər. Məhkəmə praktikasında belə hallar olur. Alimentin məbləğinin nə qədər olması ilə bağlı məsələyə gəldikdə, bir qayda olaraq, burada hər il uşaqlara, əlilliyə, yetkinlik yaşında olanlara görə minimal yaşayış üçün minimum hədd var».
Baxışov xatırladır ki, kənd yerlərində alimentin məbləği elə də böyük olmur:
«Şəhərlə rayon yerində alimentin məbləğində fərqlər olur. Aliment üçün konkret sabit bir məbləğ yoxdur. Bu, gəlirlərdən, yaşayış minimumundan asılı olan bir məbləğdir. Sabit məbləğin müəyyənləşdirilməsində bu cür hesablamalar aparıla bilər. Eyni zamanda, onu da deyim ki, natura formasında da aliment alına bilər. Digər tərəfdən, aliment ödənilmirsə, məhkəmənin qərarına əhəmiyyət verilmirsə və ya gecikirsə, onda həmin şəxsin axtarılması və alimentdən yayınma ilə bağlı cinayət məsuliyyəti də Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulub. Doğrudur, praktikada çox zaman valideynlər müxtəlif formada alimentdən yayınmağa çalışır. Bu gün gizli məşğulluğun olmasını nəzərə alsaq, kişilər faktiki olaraq bu və ya digər ticarət obyektini qeydiyyatdan keçirmədiklərinə görə bu gəlirlər görünmür».
Baxışovun sözlərinə görə, bir qayda olaraq, gəlirlərin gizlədilməsi olan halda ana atanı məhkəməyə verib əlavə gizlədilən gəlirin alimentini ala bilər:
«Çünki, qanunvericilikdə yazılıb ki, valideyn bütün gəlirlərindən aliment verməlidir. İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanır. Hətta ötən ilin birinci yarısında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran 72 şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılıb».
«Sosial Hüquqların Araşdırılması» İB sədri Mais Əliyev bildirdi ki, Rusiya aliment ödəmək istəməyən şəxslərə qarşı yeni metod tətbiq edib:
«Rusiya bunun yolunu tapıb. Belə ki, Rusiya insanların əmlakına həbs qoyur. Dövlət onun əmlakını götürür, müqabilində isə onun pulunu aliment alana verir. Yəni onun əmlakına yönəldir. Azərbaycanda alimentdən yayınan çoxdur».
Alimentin məbləğinin nə qədər olması ilə bağlı məsələyə gəlincə, ekspert bildirdi ki, hər il uşaqlara, əlilliyə, yetkinlik yaşında olanlara görə minimal yaşayış üçün minimum hədd var: «Bu il uşaqlar üçün 87 manat təyin edilib. Bir qayda olaraq, Bakı şəhər məhkəmələrində bu məbləğə istinad edərkən alimentin bu məbləğə uyğun olaraq hesablanma prosesi ola bilir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 501