Ağla mənim üçün bu şəhər və Sən…
Unudulmaz bəstəkar Oqtay Kazıminin 80 illik yubileyi ilə bağlı onun musiqiləri əsasında hazırlanmış «Ağla mənim üçün bu şəhər və Sən» adlı layihə təqdimata hazırlanır. Dekabrın 25-də Rəşid Behbudov adına Mahnı Teatrında planlaşdırılan təqdimatla yanaşı, görkəmli bəstəkarın sənət gecəsi və konsert proqramı da təşkil olunacaq.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihənin musiqi rəhbəri əməkdar artist Aybəniz Haşımovadır.
Millət vəkili Qənirə Paşayeva ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına sözlər yazıb. Eyni zamanda, görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjimanda təqdim olunacaq ki, həmin musiqilərə, mahnılara da sözlər Qənirə Paşayeva tərəfindən yazılıb.
7 mahnı, 1 duet şəklində təqdim olunan musiqiləri Oqtay Kazımiyə, sözləri isə Qənirə Paşayevaya aid olan əsərlər Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Layihə, mahnılardan ibarət disk yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.
Onu da bildirək ki, Oqtay Kazıminin 80 illik yubileyi ilə əlaqədar təşkil olunan bu toplantıda ölkəmizin tanınmış ziyalıları, sənət adamları dəvətlidir.