AFFA ilin ən yaxşılarını seçəcək
AFFA Azərbaycan milli komandalarının 2012-ci il ərzində ən yaxşı futbolçularını mükafatlandıracaq. Tədbir dekabrın 17-nə təyin edilib. «Hilton Baku» otelinin «Sevda» zalında təşkil edilən bu mərasim saat 12:30-da başlanır. Tədbirə giriş dəvətnamə ilə olacaq. AFFA ənənəvi olaraq bu dəfə də ilin ən yaxşılarını müəyyənləşdirəcək. Məlumata görə, ilk dəfə 2009-cu ildə belə addım atan assosiasiya 4-cü dəfə ilin laureatlarını seçəcək. AFFA dördüncü dəfə əsas, qadın, futzal və çimərlik futbolu üzrə millimizin ən yaxşısını seçəcək. Ən yaxşı qapıçı və millidə ən çox oyun keçirənlər isə 3-cü dəfə mükafat alacaq.
Artıq millidə ən çox oyun keçirən nominasiyasının ötənilki kimi 2 qalibi olduğu bəllidir. Bunlar Ruslan Abışov və Rauf Əliyevdir. Əvvəlki illərin mükafatlarına gəlincə, Kamran Ağayev 3, Rəşad Sadıqov, Vitali Borisov və Elvin Quliyev hərəyə 2 dəfə tədbirdə qalib olub. Ötən ilin ən yaxşısı Rauf Əliyev də ən çox oyun keçirdiyi üçün 2-ci mükafatını alacaq.
Əsas millinin ən yaxşısına gəlincə, ardıcıl olaraq 3 dəfə «Qarabağ»ın futbolçuları fərqlənib: əvvəl Vaqif Cavadov, sonra Rəşad Sadıqov və ötən il Rauf Əliyev. Ağdam təmsilçisinin bu hegemonluğuna son qoyulub-qoyulmayacağı isə dekabrın 17-də bilinəcək.