Muəllif:

Adambaşına 10,6 litr içki…

Siqaret və alkoqollu içkilərə qarşı rəftarımız bununla bitir ki, bu məhsulların elektron KİV-də reklamına icazə verilmir. Amma bununla belə, Azərbaycanda ildə adambaşına 10,6 litr alkoqollu içki istehlak edilir. Bu isə yüksək rəqəm sayılır. Müqayisə üçün: Türkiyədə ildə adambaşına 3,5, İranda 1, Gürcüstanda isə 7 litr alkoqollu içki istehlak olunur.
Bu sahədə müsəlman ölkələri arasında ilk yerlərdən birini tuturuq. Bizimlə yanaşı Qazaxıstan da adambaşına 10,6 litr səviyyəsindədir.
Bir sıra ekspertlər bu qənaətdədir ki, ölkəmizdə siqaret və alkoqollu içkilər harada gəldi satılması düzgün deyil. Hətta küçə və parklarda, ictimaiyyətin toplaşdığı yerlərdə belə spirtli içki və siqaret satışına rast gəlmək olar. Ölkəmizdə əhalinin müəyyən hissəsinin bu içkiyə aludə olmasının qarşısını almaq üçün təklif edilir ki, siqaret və alkoqollu içkilər yalnız xüsusi təyinatlı mağazalarda satılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il spirtli içki istehlakından ölənlərin sayı 10 faizə qədər artır. Azərbaycanda bu rəqəm 9 faiz civarındadır. Ölkəmizdə həddən çox və keyfiyyətsiz spirtli içki qəbulu ömrün qısalmasında öz rolunu oynayır. Rusiyada problem daha dərindir, bu göstərici 20 faizdir. Spirtli içkinin insanların mənəviyyatına, sağlamlığına vurduğu ziyanı nəzərə alaraq bu tip yasaqların tətbiqi məqsədəuyğun sayılır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri hesab edirlər ki, ölkəmizdə də spirtli içkilərin satışını tənzimləməyə ehtiyac var. Hər mağaza spirtli içki sata bilməz. Onların satışı konkret olaraq ixtisaslaşmış mağazalarda ola bilər. İnkişaf etmiş ölkələrdə bu sistem nə müddətdir tətbiq olunur. ABŞ-da heç də bütün mağazaların spirtli içki satmaq hüququ yoxdur. Bu da insanların spirtli içkiyə aludə olmaması ilə bağlı atılmış addımdır. ABŞ-da açıq havada olan kafe və restoranlarda da spirtli içki satışı yasaqdır. Amerikada vətəndaş yol gedərkən, ictimai yerlərdə də, içki içə bilməz. Buna yol verənlər ciddi şəkildə cərimələnir.
Azərbaycanda isə bu kimi yasaqlar yoxdur. Vəziyyət isə bu kimi yasaqların tətbiqinə ehtiyac olduğunu deməyə əsas verir. Bu halda spirtli içkilərə maraq azala bilər. «Su İstehsalçıları» İB sədri Dövlət Məmmədov da spirtli içkinin ancaq xüsusi mağazalarda satılmasının tərəfdarıdır:
«İnkişaf etmiş dövlətlərdə spirtli içkilər, araq, konyak xüsusi mağazalarda satılır. Eyni zamanda, Rusiyanın özündə də pivənin parklarda satılmasına yasaq qoyulub. Bu onu göstərir ki, həmin dövlətlərdə hökumət əhalinin sağlamlığının qorunmasına çalışır. Park, bulvar, insanların istirahət etdiyi yerlərdə spirtli içki satışı ümumiyyətlə yasaq edilməlidir. Bu xoşagəlməz hal istirahətə gələn insanların psixologiyasına pis təsir edir. Ona görə ölkəmizdə də spirtli içki ancaq xüsusi təyinatlı mağazalarda satılmalıdır. Digər satış obyektlərində onların satışına icazə verilməməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 295