4 günə 6 oyun
Dünən futbol üzrə Azərbaycan çempionatında 16-cı tura start verildi. İlk oyun günündə cəmi bir görüş keçirildi. Turun açılış matçında «Qarabağ» «Kəpəz»i qəbul edirdi. Hər 2 komanda tarixində 37-ci duelə, 15-ci qələbə üçün çıxıblar. Lakin Gəncə təmsilçisi 10 ildir «Qarabağ»ı məğlub edə bilmir.
Ağdam təmsilçisinin doğma meydanda növbəti qələbə qazanma ehtimalı böyükdür. Sonuncu pillədə qərarlaşan Mahmud Qurbanovun yetirmələri isə uğursuz gedişə son qoymaq üçün mütləq xal və ya xallar qazanmalıdır.
Bu gün, ikinci oyun günündə də bir qarşılaşma izləyəcəyik. Bayıl stadionunda Sumqayıtın eyniadlı təmsilçisi «Qəbələ» ilə münasibətlərinə aydınlıq gətirəcək. Bernard Raabın komandası son dövrlər ardıcıl məğlubiyyətlərə üzülür. Ona görə də «Sumqayıt» bu görüşə dönüş nöqtəsi kimi yanaşır. Yeri gəlmişkən, «Qəbələ» də son turda doğma arenada «Bakı»ya uduzub. Ona görə də Ramiz Məmmədovun komandası autsayderi məğlub etməklə vəziyyəti düzəltmək niyyətindədir. Bu komandaların görüşlərində maraqlı statistika var. 4-cü qarşılaşmayadək olan bütün görüşlərdə «Qəbələ» qalib gəlib. «Sumqayıt» bütün görüşlərdə 1 qol vuraraq məğlub olub. Elə ilk dövrədə Qəbələdə keçirilən görüşdə də sumqayıtlılar 1:4 hesabı ilə uduzmuşdular.
Sabah, üçüncü oyun günündə də, bir qarşılaşma keçiriləcək. Paytaxtda «İnter» AZAL ilə üz-üzə gələcək. Bu mövsümdə təşkil olunan ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. «Təyyarəçilər» son dövrlər uğursuz çıxış etsələr də, son turda səfərdə «Xəzər Lənkəran» üzərində qələbə qazanmaqla komandadakı atmosferi xeyli yaxşılaşdırıb. Amma Vaqif Sadıqovun yetirmələri üçün «bankirlər» üzərində qələbə qazanmaq çətin olacaq. Çünki, «İnter» hazırda turnir cədvəlinin lideridir və derbinin əsas favoritidir.
«Turun» qalan oyunları isə bazar ertəsi keçiriləcək. Ən prinsipial görüşlərindən biri Zaqatalada olacaq. Burda çempionatın digər lideri «Simurq» «Xəzər Lənkəran»la münasibətlərinə aydınlıq gətirəcək. Son qarşılaşmada rəqibini məğlub edən (2:0) Zaqatala təmsilçisi 14-cü oyunadək qazandığı yeganə qələbəni cari mövsüm əldə edib. Böyük üstünlüyə malik «Xəzər Lənkəran» rəqibinə səfərdə uduzmamaqla yanaşı rəqib meydanındakı son 4 oyunun hər birində 2 qol vurub. Amma bu dəfə eyni uğuru təkrarlamaq çox çətin olacaq. Çünki, «ağ-yaşıllar» cari mövsümdə çox uğursuz çıxış etdiyi halda Goergi Çixradzenin yetirmələri çempionatın əksər iştirakçılarına yuxarıdan aşağı baxır.
Cari mövsümün digər sürpriz komandası — «Turan» Tovuzda «Bakı»nı qəbul edir. Paytaxt təmsilçisi bütövlükdə cari mövsümdə pis təsir bağışlasa da, son oyunlarında yüksəlişdədir. Amma Bojidar Bandoviçin komandasını çox ciddi sınaq gözləyir. Əfqan Talıbovun gəlişindən sonra uğurları sıralamaqda olan Tovuz klubu «zolaqlılar»ı doğma meydanda qəbul etdiyindən, növbəti dəfə sürprizə imza atmağa yaxındır. Baxmayaraq ki, «Bakı» 33-cü duel ərəfəsində böyük üstünlüyə malikdir. 7 ildir rəqibinə qalib gələ bilməyən «Turan» son 14 oyunda cəmi 2 xal qazanıb. Tovuzdakı son 7 qarşılaşma isə qonaqların qələbəsi ilə başa çatıb. İlk dövrədəki Bakı görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Nəhayət, turun son oyununda «Neftçi» «Rəvan»la üz-üzə gələcək. Əvvəlki 3 oyunda heç-heçə etməyən rəqiblərin duellərində 1 tendensiya qeydə alınıb. Belə ki, qol vuran komanda «quru hesab»la qalib gəlir. Ötən mövsümdə keçirilən görüşlərdə son ölkə çempionu minimal hesablı qələbələrə sevinmişdisə, bu mövsümün ilk dövrəsindəki qarşılaşmada «Rəvan» 2:0 hesablı gözlənilməz qələbə qazanmışdı. İndi Böyükağa Hacıyevin komandası həmin məğlubiyyətinin qisasını almağa çalışacaq.
Topaz Premyer Liqası, 16-cı tur.
8 dekabr (şənbə)
14:00. «Sumqayıt» — «Qəbələ»
Bakı. Bayıl Arena.
9 dekabr (bazar)
15:15. «İnter» — AZAL
Bakı. «Şəfa» stadionu.
10 dekabr (bazar ertəsi)
14:00. «Turan» — «Bakı»
Tovuz. Şəhər stadionu.
16:00. «Simurq» — «Xəzər Lənkəran»
Zaqatala. Şəhər stadionu.
18:00. «Neftçi» — «Rəvan»
Bakı. «8-ci kilometr» stadionu.