2013 — sonun başlandığı il
Qorxulu-ürkülü, qalmaqallı 2012-ci ili başa vurduq. Ötən il Astroloq Səbuhi Rəhimli demişdi ki, dünyanın mənzərəsi tamam dəyişəcək. Doğrudan da Yaponiya sunamisindən tutmuş «ərəb baharı»na, İsrail və Fələstinə qədər çox hadisələr dünyanın statik gedişini dəyişdi. Azərbaycanda da vəziyyət sabit olmadı. İlin ilk yarısı cəbhədə hadisələr baş verdi.
Elşad Abdullayevlə deputat Gülər Əhmədova qalmaqalının fəsadları… Rektor ilin ən populyar adamı oldu. Rəngi Qara, ünsürü isə Su olan İlan ili 2013-cü il fevralın 10-da, Bakı vaxtı ilə saat 12:23-də başlanır. Astroloq Səbuhi Rəhimli deyir ki, adətən İlan ili sakit başlayır. Lakin bu sabitlik ötəri xarakter daşıyır. Çünki, mövcud olan aldadıcı manevrlər az sonra böyük çaxnaşmalara səbəb olur.
— Qarşıdan sürprizlərlə dolu maraqlı və qorxulu bir il gəlir. 2003-cü ildən 2022-ci ilə qədər davam edən dünyanın «təmir» prosesi məhz 2013-də öz kulminasiya nöqtəsinə çatacaq. Deməli, özünü günahlar məngənəsinə salan insanlığı daha ağır sınaqlar gözləyir. Bu siyahıya böyük təbii fəlakətlər, məhəlli münaqişələr, inqilab və terrorlar da daxildir.
Astroloji bilgilərə görə, Zodiak illəri arasında ən qanlı-qadalı dövr Pələnglə İlanın bəxtinə düşür. Odur ki, 2013-cü ildə maksimum tədbirli olmaq lazım gəlir. Əjdahanın qaladığı ocaqların alovu İlanın himayəsində ərşə qalxır. Belə dövrlərdə ictimai-siyasi proseslərdə qütbləşmə özünü mütləq büruzə verir. Ümumiyyətlə, İlan ilində çaxnaşma yaratmaq istəyənlərin sayı durmadan artır. Müxtəlif təxribatlar, sui-qəsdlər, teraktlar geniş vüsət alır. Amma bununla yanaşı, 2013-cü ilə himayədarlıq edən Günəş Tanrının tanınmasına, fırıldaqçı və yalançıların ifşasına, məhkəmələrin ədalətli keçməsinə zəmin yaradır.
İlan ilinin ən ağır vaxtı yaz-yay aylarına, xüsusən də iyun-avqust ərəfəsinə təsadüf edir. Belə mürəkkəblikdən, gərgin situasiyalardan yayınmaq sadəcə mümkün deyil. Bu illər diktatorlar üçün olduqca uğursuz olur. Zaman onların əleyhinə işləyir. Haqlılar, vəhdət yaradanlar, tərəfdarı çox olanlar qalib gəlir. Göstərdiyimiz aylar sabitliyin pozulması ilə yanaşı, yaşlı və xəstə adamlar üçün də amansız olur. Onların böyük əksəriyyəti həyatla vidalaşırlar. Allah qorusun!
Çin astrologiyasına görə, İlan ilinin məhəbbəti uzunömürlü olmur. Ötəri sevgi çoxlarının aldanmasına, məyusluğa gətirib çıxarır. Belə ərəfələrdə ailəni qorumaq çox vacibdir. Çünki, İlan xəyanətlərin sayını artırır, boşanmalar çoxalır.
Əgər 2012-ci ili Əjdahası Çin kişi simvolu «yan»a məxsus olan kişi xüsusiyyətlərinə malik idisə, builki İlan ili əksinə, qadın simvolu «İn»in xüsusiyyətlərinin daşıyıcısı olacaq. İlan məkrli və zəhərli heyvan olduğu qədər də müdrik və səbrli heyvandır. Onu avropalılar qorxulu və ölümsaçan hesab edir, lakin Asiya üçün ilan müdriklik, zəriflik, intellekt rəmzidir.
— Bu müdriklik siyasi, iqtisadi və sosial problemlərin daha ağıllı yollarla həllinə imkan yaradırmı?
— Astroloqlar deyirlər ki, gələn ildən qorxmaq lazım deyil, nə qədər sürprizli və gözlənilməz hadisələr baş versə də, 2013 ümumilikdə və 2012-yə nisbətən sabit keçəcək. İlan planlı hərəkət edərək hər addımını düşünüb, məsuliyyət daşıyan insanlara hamilik edəcək. İlan sakitliyi və sabitliyi sevdiyi üçün aqressiya yeni il üçün xarakterik deyil. Lakin gözlənilməz dönüşlər baş versə, onunla heç kim bacara bilməz, yolunda olan hər şeyi dağıdacaq. Odur ki, hər bir işi görərkən yüz ölçüb bir biçmək lazımdır, diqqətli və məsuliyyətli olmaq sizi ilanın təlatümlərindən qurtara bilər.
Heç nəyə laqeyd yanaşmayın. İntizamlı və səbrli olmaq mütləqdir. Laqeydlər və tənbəllər bu il geriləyə, pul və prestijlərini itirə bilərlər. Bu il sirlərinizə daha yaxşı sahib çıxmalısınız, faş olan sirlər həyatınızı alt-üst edə bilər.
Əgər yola saldığımız Əjdaha ili böyük müharibələrin qarşısını alırdısa, İlan bu prosesləri əksinə istiqamətləndirir. Bu Zodiak ilinin çox qanlara bais olduğu bəllidir…
— Yəqin ki, baş verənlər Azərbaycandan da yan keçməyəcək?
— Bu il dünyanın ötən əsrin 60-cı, 70-ci illərinə bağlı olan siyasi ipləri iti qayçılarla kəsiləcək. Hazırda təxmin edilə bilməyəcək olaylar da istisna deyil. Azərbaycan da dünyanın bir parçası olduğu üçün böyük proseslər bizdən də yan keçməyəcək. Bu il Azərbaycanda həm də prezident seçkiləridir, deməli, vəziyyət daha gərgin olacaq.
2013 mənəvi sınaqlarla zəngin keçəcək. İnsanlar öz şüurlarına, dünyaya və cəmiyyətə baxışlarına, elmi və dini dünya görüşlərinə görə dəyərləndiriləcəklər. Bu amillər mütləq əksəriyyətdə zəif olduğuna görə, ağır sınaq dərslərindən keçməli olacaqlar. Depressiya və intiharlar, qəfil çevrilişlər, komandalarda parçalanmalar özünü qabardacaq. Dünya ölkələrindəki hərbi qüvvələrdə hökumətlərə tabe olmamaq, hətta ona qarşı çıxmaq kimi hadisələrin şahidi olacağıq. Bir sözlə, ötən ildən daha qarışıq və gərgin il olsa da, ilin sonlarında 10 illik kulmiyasiyadan aşağı eniş başlayacaq.
— 2013-ci ilin rəngi? Numerologiyası?
— İlin rəngi qaradır. Milli folklorumuza baxaq: «Qara dünya», «Qara yol», «Qara qoç» və s. Buna görə hətta qara rəngi şər mücəssəməsi, mənfi təsirli hesab edənlər də var. Amma bir çoxları bu rəngin şəri rəmzləşdirməsini qəbul etmir. Avestada deyilir ki, qara rəng və qaranlıq yoxdur, sadəcə işıqsızlıq var. Bu səbəbdən qara rəng işıqdan qoruyaraq gecəni, kainatı, yalansızlığı rəmzləşdirir. Qara əba geymiş maq kainatın içərisində ruhi enerjinin simvolu sayılır.
Hər bir rəng üzərinə düşən Günəş şüasını əks etdirməklə və müxtəlif şüa uzunluğuna sahib olmaqla biri digərindən fərqlənir. Magiyada hər bir rəngin öz açımı var. Məsələn, bildirilir ki, qara geyinən kişilər sirli cəngavər kimi görünsə də, əslində dəhşətli dərəcədə eqoistdir. Onun xasiyyəti iqlim kimi dəyişkəndir. Hərdən özünü üzür, qəmginliyə qapılır.
İlin numeroloji rəqəmi — 6-dır (2+0+1+3=6). Numerologiyada 6 etibarlılıq bildirir. Bu rəqəm inam rəmzidir, barışma və razılıq işarəsidir. «6» həm cüt, həm də tək rəqəmlərə bölünür. Müxtəlif narahatlıqlar, məntiqsizlik, nizamsızlıq, daimsizlik tamamilə «6»-ya xas deyil və heç cür onu xarakterizə etmir. Əksinə, «6» rəqəmi təəccüb, sülh və razılıq, anlama və harmoniya rəqəmidir. «3» rəqəmi nə qədər şıltaq və daimsizdirsə, iki dəfə 3 — 6 rəqəmi bir o qədər sakit və dincdir.
— Sizcə, İlan bu il hansı bürcdə doğulanlara «dəyməyəcək»? Kimlər daha ehtiyatlı olmalıdır?
— Qoçlar ötən ilin sıxıntılı günlərini unudacaqlar. İlanın gəlişi sayəsində rastlaşdığınız ağıllı həyatınızı ideal istiqamətə yönəldəcəksiniz. Ən böyük uğurlar iş həyatınızda müşahidə ediləcək.
İlan Buğalara ürəklərindəki kini və qısqanclığı unutmağı tələb edir. Zamanın nəbzini tutmağa çalışın.
Əkizlər bürcünün 2013-cü il ücün astroloji mənzərəsi «Tıq-Tıq xanım» nağılını xatırladır. Sizlər özünə layiqli dostlar, tərəfdaşlar tapmaq üçün səfərə çıxacaqlar.
Xərcənglər təmkinli və müdrik olmağa çalışın. Səbəbsiz münaqişələrə cəlb olunacaqsınız.
Şirlər rəqabət dolu bir il yaşayacaq. Karyerada böyük nüfüz qazanmaq ehtimalı böyükdür.
Qızlar İlanın gəlişini hamıdan çox gözləyir. Cünki 2012-ci ildə öhdəliklərinizi tam icra edə bilmədiniz. 2013-cü il taleyinizdə olduqca maraqlı və əsrarəngiz iz qoyacaq.
Tərəzilərin xarakterindəki romantiklik İlan ilində sizlərə dəstək verəcək. Ətrafınizdakı yalançılardan uzaqlaşmağınız işlərinizi xeyli asanlaşdıracaq.
Əqrəblərlə ilanın eyni nəsildən olacağını nəzərə alsaq, bu iki varlığın bir-biri ilə mehriban davranacağını təyin edə bilərik. Ulduzlar il boyu sağlamlığınızı qorumağı tövsiyə edir.
Oxatanların uğurları çox olacaq. İşinizi daha yaxşı yönə dəyişəcəksiniz.
Oğlaqlar ötən il pozduqları münasibətləri bərpa etmək üçün çox çalışmalıdır. Əkizlər və Qoçlardan ehtiyatlı olun.
Dolça bürcündən olanlar sakit həyat yaşayacaqlar. Bir az da passiv olacaqsınız. Məşhurlaşma ehtimalınız böyükdür.
Balıqlar ilboyu hegemonluq edəcəklər. O qədər uğurlarınız olacaq ki, bu sətirləri oxuyarkən inana bilməyəcəksiniz.