2013 Azərbaycan üçün önəmli il olacaq
İqtisadi rakursdan ötən il də bir sıra önəmli hadisələrlə yadda qaldı. Bunlardan biri sovet Əmanət Bankında batmış əmanətlərin kompensasiya şəklində qaytarılmasına başlamaq oldu. İllər boyu bu məsələ güngəmə gətirilirdi, məsələnin açıq qalması yaxşı hal deyildi. Kompensasiyanın məbləğindən narazılıq olsa da, hər halda problemin həll olunmasının özü müsbət hal kimi qiymətləndirilməlidir.
İkinci ən böyük hadisə Türkiyə ilə Azərbaycan arasında İzmirdə imzalanan yeni qaz sazişidir. Bu sazişlə Azərbaycan qazının Avropaya çıxarılması üçün daha əlverişli imkan qazanıldı. Digər bir strateji layihə kimi Bakı-Axalkalaki-Kars dəmiryol xətti göstərilə bilər. Bu layihə üzrə işlər ilboyu davam etdi. Bu xəttin nə kimi əhəmiyyət daşıdığı barədə artıq danışmağa ehtiyac yoxdur. Artıq yekunlaşma mərhələsində olan, Avropa ilə Asiyanı qovuşduran bu yol Azərbaycanın tranzit imkanlarını daha da artıracaq. Bu yol 2014-cü ilin əvvəlində tam istifadəyə veriləcək.
İlin 9 aylıq yekunları təhlil edilərkən aydın olub ki, ÜDM-in yarısına qədərini formalaşdıran neft sektorunda azalma nəticəsində ümumi iqtisadi artıma təhlükə yaranıb. Bununla da BP şirkəti Azərbaycandakı 19 illik fəaliyyətində ilk dəfə olaraq rəsmi qınaqla üzləşib. Bu hadisə ilin ən ciddi iqtisadi qınağı kimi yadda qaldı.
Ekspertlər ilin iqtisadi hadisələrini şərh etməklə yanaşı gələn il üçün proqnozlarını da bizimlə bölüşdülər. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlunun sözlərinə görə, ilin ən böyük maliyyə itkisi ölkəyə cəlb edilə bilməyən xarici kapitalla əlaqədar olub. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatında, xüsusilə də Avrozonada müşahidə olunan böhran böyük həcmdə kapitalın həmin ölkələrdən inkişaf etməkdə olan ölkələrə axması ilə nəticələnsə də, Azərbaycan iqtisadiyyatı bundan lazımi dərəcədə faydalana bilməyib:
«Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına cəmisi 2.6 mlrd. ABŞ dollar xarici investisiya qoyulub. Xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11.9% artsa da, onun cəmi investisiyalarda payı 23 faiz təşkil edib. Bu isə son illərin ən böyük sıxışdırma effektini yaradıb. Yəni, başa çatmaqda olan il daxili investisiyaların xarici investisiyaları sıxışdırması ilə də seçilib».
İlin «qara xəbəri» banklara ünvanlanıb. Bu xəbərə görə, 2014-cü ildən mövcud, eləcə də yeni yaradılan bankların məcmu kapitalına qoyulan minimal tələb 50 milyon manata qaldırıldı. İbadoğlunun fikrincə, bank kapitalının təmərküzləşməsinə yönələn bu qərarın növbəti ildə bankların sayının azalmasına gətirib çıxaracağı şübhəsizdir:
«Cari maliyyə ilində 42 bankdan 10-nun fəaliyyətini zərərlə başa vuracağı gözlənilir. Eyni zamanda, banklarda vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi ilin sonuna 6,5% təşkil edib. Bununla yanaşı, 2012-ci ilin 9 ayının sonuna bank plastik kartlarına ölkə ərazisində yerləşdirilmiş 2 224 bankomatda və 36 702 pos-terminalda xidmət edilib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə ərazisində POSterminalların sayı 2,8 dəfə artıb. Plastik kartların sayı dövr ərzində 340 min ədəd artaraq 4,9 mln. ədədə çatıb ki, hər 1000 nəfər yetkinlik yaşına çatmış şəxsə orta hesabla 820 ödəniş kartı düşüb».
İqtisadçı-ekspert Nazim Məmmədov hesab edir ki, qeyri-neft sektorunda ÜDM artımının 10 faizdən yuxarı olması müsbət bir göstəricidir: Ümid edir ki, bu artım tempi ilə Azərbaycan hökuməti qeyri-neft sektorunu daha da inkişaf etdirəcək, ərzaq və qeyri-ərzaq məhsullarının idxal asılılığını azaldacaq. Lakin «əsas məhsulları idxal edirik» deyə vurğulayır.
İqtisadçı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının effekt vermədiyindən də danışdı:
«Ölkədə 1,4 milyona yaxın muzdlu işçi var. Onun 800 minə yaxını dövlət sektorunda, 500 mindən çoxu özəl sektorda çalışır. Regionların sosial-iqtisadi inkişafı və iş yerlərinin açılması ilə bağlı dövlət proqramları həyata keçirilir, büdcədən kifayət qədər böyük vəsait ayrılır. Lakin stimullaşdırıcı proqramların olmasına baxmayaraq, muzdlu işçilərin sayında artım olmadığı diqqəti çəkir.
N.Məmmədov əlavə etdi ki, ilin iqtisadi hadisələrində yadda qalan məsələlərdən biri də Dövlət Neft Fondunun xarici ölkələrdə daşınmaz əmlakın alması, Rusiya kimi stabil olmayan dövlətə vəsait yatırması, qızılın qiymətinin aşağı düşdüyü vaxtda bu qiymətli metalın alınmasına üstünlük verilməsi oldu.
İqtisadcı Vüqar Bayramov başa çatmaqda olan ili stabil il kimi qiymətləndirir. Hesab edir ki, il üçün iqtisadi baxımdan spesifik məsələ ənənəvi problemlərin həll edilmədiyidir:
«Təəssüf ki, korrupsiyaya qarşı mübarizə səmərəli olmadı, hələ də iqtisadiyyatda süni inhisarçılıq qorunub saxlanılır. Dünya Bankının «Bizneslə məşğul olmaq» hesabatında da bir sıra sektorlarda, o cümlədən xarici ticarətdə proseduraların sayının çox olması və biznes mühitinin arzuolunan səviyyədə olmaması qeyd edilir».
Onun görümündə ilin ən yaddaqalan hadisəsi təbii ki, TANAP layihəsinin reallaşması ilə bağlı addımların atılmasıdır. Azərbaycan bununla enerji siyasətində strateji seçimini edib və mavi qaz nəqlinə rəsmi Bakı Türkiyə ilə uzunmüddətli əməkdaşlıq prizmasından yanaşdığını bir daha nümayiş etdirib.
MM İqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimlinin 2013-cü ildə rəsmi proqnozlarına görə, iqtisadi artım 5,3 faiz olacaq. Neftdən kənar sahələrdə 13 faizə yaxın artım gözlənilir. İnflyasiya 5,7 faiz olacaq. Deyir:
«Kapital qoyuluşlarında artım olacaq. Hər halda, qeyri-neft sektoruna diqqət artırılmalıdır ki, neftdən irəli gələn təsirlər hiss olunmasın».
Məsimlinin fikrincə, ölkədə qeyri-neft sektorunun üstün inkişafına əsaslanan davamlı inkişafı təmin etməkdən ötrü, həm dünyada gözlənilən meyillər, həm də Azərbaycanın resurs, texnoloji, intellektual, sahibkarlıq, işgüzarlıq və s. potensialı nəzərə alınmaqla, qarşıya növbəti 10 il üçün real görünən fundamental vəzifələr qoyulmalıdır. Deyir:
«Başqa sözlə, 8 faiz ətrafında yüksək artım tempi təmin edilməlidir. Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi siyahısına daxil olmalıdır. Adambaşına ÜDM istehsalına görə də, dünyanın 50 qabaqcıl ölkəsi siyahısında yer almalıdır. 2025-ci ilə qədər Azərbaycanı innovasiyalı inkişaf ölkəsinə çevirməliyik. Həmin fundamental problemlərin həllinə nail olmaqdan ötrü, sürətli artıma təsir imkanları getdikcə tükənməkdə olan neft amilinin aparıcı roluna əsaslanan modeldən regionların davamlı tərəqqisinə təminat yaradan milli iqtisadi inkişaf modelinə — Azərbaycanın «üç amil» prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsinin zamanı çatıb. Azərbaycanın «üç amil» prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geopolitik üstünlüklərdən istifadə etməklə, inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı texniki-iqtisadi inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabət qabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur».
Millət vəkili arzu etdi ki, gələn il Rəqabət Məcəlləsi, Təhsil kreditləri ilə bağlı məsələlər həllini tapsın. Bu qanun layihələri ilə bağlı qeyri müəyyənliklər ardan qalxsın.
MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, qarşıdakı il ölkə üçün əhəmiyyətli bir il olacaq. Çünki, gələn il prezident seçkisi var:
«Bununla bağlı yəqin ki, birbaşa və ya dolayı yolla olsa da əhalinin maddi-sosial rifah halının daha da yaxşılaşdırılmasına yönələn addımlar da atılacaq. İstəyirəm ki, ilk növbədə demokratik seçki keçirilsin və xalqın seçəcəyi şəxs də Azərbaycanın uğurlarını davam etdirərək, daha yüksək səviyyələrə çatdıra bilsin. Bizim ən ciddi iqtisadi problem Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Hesab edirəm ki, bu münaqişə 2013-cü ildə də öz həllini tapan deyil. Ona görə ki, böyük güclər bu problemin həll olunmasına hələki imkan vermirlər.