15 il Banişevskisiz…
Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin vəfatının 15 ili tamam olub. Ölkə futboluna adını qızıl hərflərlə yazdıran, «Neftçi» klubunun və SSRİ yığmasının heyətində müstəsna əməyi olan məşhur hücumçu 1997-ci il dekabrın 10-da gözlərini əbədi yumub.
A.Banişevski 1946-cı il fevralın 23-də Bakıda doğulub. İstedadlı, qabiliyyətli olmaqla yanaşı, sadiqliyi ilə də seçilib. Təsadüfi deyil ki, «Tolik» peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız «Neftçi» klubunda çıxış edib. «Neftçi»nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalının qazanmasında onun böyük əməyi olub.
19 yaşında SSRİ milli komandasına cəlb edilən Banişevski yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, o, 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata layiq görülüb.
Ümumiyyətlə, Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.
Futbolçu karyerasını bitirdikdən sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu «Neftçi» olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş Banişevski 1983-cü ildə «Neftçi»dən ayrılmaq qərarına gəlib. O, 1984-88-ci illərdə Burkino-Fasoda məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub. Ömrünün son illərini ehtiyac içində keçirən məşhur «9 nömrə» 1997-ci il dekabrın 10-da vəfat edib.
A.Banişevski ölümündən bir il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən «Şöhrət ordeni» ilə təltif olunub. 2007-ci il fevralın 2-də isə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.