Muəllif:

Qoca yəhudi Zelmanov və ya bəşəriyyət kainatda tək olmağa layiqdirmi?..

Deyə bilərlər ki, bəli, bunlar da tamam-kamal çaşıblar, əvvəlcə hakimiyyətə qarşı müxalif oldular, daha sonra cəmiyyətə opponentlik etməyə başladılar, indi də hədəf kimi bəşəriyyəti seçiblər.

İlk baxışda, zahirən elə həqiqətən də belə təsəvvür yarana bilər. Amma yalnız zahirən, çünki bütün insanları iki böyük “partiyaya” bölmək olar: insanlığın — bəşəriyyətin tərəqqisinə inananlar və inanmayanlar.

Özümümü birincilərə aid edərdik, çünki bir çoxları min illər ərzində insanların heç dəyişmədiyini iddia etsələr də, sosiologiyaya biologiyanın anlayış və qanunlarını gətirməyə cəhd etsələr də, insanlığa və bəşəriyyətə baxışda pessimizm hətta fəlsəfi bir cərəyana çevrilsə də bunu heç vaxt təqdir etməmişik; əlbəttə, heç şübhəsiz ki, insan həm də sosio-bioloji varlıqdır, di gəl, onun sosial evolyusiyasını inkar etmək mümkün məsələ deyil. Baxın, görün, min illər ərzində insan özü, sosial-siyasi münasibətlər nə qədər dəyişibdir…

Amma elə anlar da olur ki, o qədər ruhdan düşürsən, acı reallıqların altında o qədər əzilib pessimistləşirsən ki, heç xəbərin də olmur ki, bir düşərgədən digərinə necə adlamısan və bəşəriyyətin təkamülünə baxışda optimistdən pessimistə necə çevrilmisən…

Fəqət, əsas mətləbə keçməmişdən öncə bir detalı qeyd etmək istərdik ki, bu da bizim özəl müşahidəmizə və təcrübəmizə əsaslanıbdır.

Qərəz, bəlkə də elm tarixində bunun analogiyası olmayıb.Təsəvvür edin, 70-dən artıq yaşı olan alim doktorluq dissertasiyası müdafiə edir və onun müdafiəsində opponent kimi tələbələri çıxış edirlər, çünki tələbələri ondan 20-30 il əvvəl artıq doktorluq dissertasiyasını müdafiə etmiş və kosmologiya sahəsində (haqqında bəhs etdiyim adam ilk sovet kosmoloqlarından biri idi) tanınmış mütəxəssislər kimi özlərini təsdiq etmişdilər.

Əslində bu qoca alim 40-50 il əvvəl də eyni uğurla, müvəffəqiyyətlə doktor ola bilərdi, amma onun üçün əsas doktor olmaq deyildi, anlamaq, başa düşmək idi.

Bəli, söhbət kosmoloq Abram Leonidoviç Zelmanovdan gedir. Arıq-sısqa, qoca bir yəhudi. Axır illər institutun bir başından o birinə azı yarım saata gedirdi. Amma bu adam nəniki kosmologiyada, hətta fəlsəfədə belə geniş diskussiya edilən “antrop prinsipini” formulə edən ilk alimlərdən biri idi: “Biz Kainatda baş verən müəyyən tip proseslərin ona görə şahidiyik ki, digər proseslər şahidsiz, müşahidəçi olmadan baş verir”.

Doğrusu, mən uzun müddətdir ki, fundamental elmdən ayrılmışam və hazırda “antrop prinsipi” ətrafındakı müzakirələrin hansı yöndə, hansı məcrada cərəyan etdiyini bilmirəm. Yadıma gəlir ki, ən son kosmoloji nəzəriyyə -“inflyasiya nəzəriyyəsi” bu problemi də həll etməyə iddialı görünürdü və bəlkə də artıq həll edibdir də.

Amma məni düşündürən yalnız bu deyil. Əlbəttə ki, Kainatdakı proseslərin bir ilahi tələbə — şüurlu həyatın yaranmasına tabe etdirilməsi haqqındakı təsəvvürlər bir az əvvəldə dediyim kimi, artıq nəinki fizikanın, ümumiyyətlə, müasir mədəniyyətin əsas paradiqmalarından birinə çevrilibdir.

Baxmayaraq ki, insanlar hələ də bir sualın dəqiq cavabını tapa bilməyiblər: əgər həyat, bəli, şüurlu həyat unkial kosmik hadisədirsə, onda necə olub ki, həyat,- şüurlu həyat Günəş kimi adidən də adi bir ulduzun ətrafında yaranıb? Yox, həyat unikal hadisə deyilsə, bəs onda niyə digər ulduzların ətrafında və yaxud başqa qalaktikalarda nəinki şüurlu, ümumiyyətlə, rüşeym şəklində olan həyatın əlamətlərinə rast gəlinmir; axı neçə-neçə ekzo-planet kəşf olunubdur, amma onların heç birində hələki həyat əlaməti tapılmayıbdır…

Odur ki, bəşəriyyətin də, həyatın da unikallığını qəbul edənlər daha çoxdur və daha arqumentli görünür. Fəqət, bir az əvvəldə qeyd etdiyim kimi, bəzən sosial-siyasi reallıqlar səni o qədər sıxır ki, bəşəriyyətin, ən müxtəlif cəmiyyətlərin Dünyanı, həyatı və insanı dərk etmək yolundakı titanik əməyini belə unudursan, elə pessimistləşirsən ki…

Min illər ərzində əvvəlcə bu boyda Yer kürəsini, daha sonra isə paylarına düşən, çəpərlədikləri əraziləri aralarında bölə bilməyən, bu istiqamətdə aparılan isti və soyuq müharibələr, hakimiyyət və mənsəb davaları, vəzifə və post savaşları, insanlara bəxş edilən və insanların özlərinin yaratdıqları zənginliklər uğrunda biri-birinin boğazını belə gəmirməyə hazır olan, hətta rəhbərlik etdikləri ölkələri satıb xarici banklarda yerləşdirməyə hazır olan “siyasət adamları” – qərəz, XXI əsr adamları və bir də Həyat və Kainat, “qloballaşma” haqqında boğazdan yuxarı təsəvvrülər, cild-cild qalın kitablar – bunlar nə qədər təzadlı, həm nə qədər iyrənc durumdur, İlahi…

Odur, Sizə qəribə gəlməsin ki, insan bir gün nəinki təmsil olunduğu bir cəmiyyətə, hətta bəşəriyyətə qarşı asi olmağa başlayır…

Adamı ən çox üzən budur ki, bəşəriyyət deyilən böyük qövmün içində kiçik millətlərin, kiçik dövlətlərin dərdi daha böyük olur.

Bəlkə onların kiçik qalmasının və yaxud da kiçilməsinin səbəbi budur ki, daim kiçik “amallar” uğrunda çarpışıblar. Bəli, bizim sovet şairlərimizdən birinin adına yazılan fikirdir ki, kiçik millətin böyük oğlu olmaqdansa, böyük millətin küçüyü olmaq daha yaxşıdır…

Ən ağrılısı isə budur ki, kiçiklik heç də kəmiyyət məsələsi deyil, kəmiyyətcə kiçik millətlər var ki, mahiyyətcə dünyanın ən çoxsaylı millətlərindən belə qat-qat böyükdürlər, hətta əzəmətlidirlər. Millətlər və cəmiyyətlər də var ki, onlara münasibətdə hətta klassik dialektikanın  fundamental qanunları belə pozulur; kəmiyyət keyfiyyətə çevrilmir…

Odur ki, indi hər şeydən yorulub, tükənib-bezəndə gözlərimizi yumub P.Şternberq adına institutun dəhlizlərini təsəvvür etməyə çalışırıq: bəli, uzun dəhlizin bir başından o biri başına sakitcə, çox kiçik addımlarla bir qoca, arıq-sısqa yəhudi addımlayır. O, bəşəriyyət haqqında olduqca yüksək fikirdə idi. Maraqlıdır ki, ən son ana qədər, sonuncu yuxu — ölüm ərəfəsində gözlərini yumarkən o, bu fikrində qaldımı?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 155