Muəllif:

HEYVANXANADA YAŞAMAQ

İnsanoğlu ağlı kəsəndən göylərdə öz bənzərini arayıb. Bəzi düşüncə adamları “Başqa planetlərdə yaşayanlar bizi çoxdan tapıblar” deyərək onsuz da sirli olan Yaradılış və Həyatı daha da sirli qılıblar. Qəribə məxluqdur insan – bəzən sualın cavabını tapmaqdan mutlu ola bilmir. Parisdə “Cité des Sciences et de l’Industriem” adlı bir elm muzeyi var. Burada toplanan “Dünya Xaricindəki Həyatla Mesajlaşma” (Messaging Extraterrestrial Intelligence-METI) adlı layihə çərçivəsində araşdırmaçılar belə bir qənaətə gəliblər – Bizi heyvanxanada saxlayırlar. Zatən “Yadplanetlilər insanları heyvanxanadakı kimi kənardan müşahidə edirlər” deyən alimlərin sayı çoxalmaqdadır.

* * *

Ulduzlu bir gecədə baxışlarımızı göyün dərinliklərinə dikəndə qarşımıza çıxan epik gözəllikdən tilsimlənmək, Kainatın sonsuz ənginliyindən heyrətə düşməmək mümkün deyil. Buna “ekzistensial boşluq”dan sarsılmaq da deyirlər. Görkəmli italyan alimi Enriko Fermi də bənzər bir sarsıntı keçirir. Fizik dostları ilə şam yeməyində sonralar “Fermi Paradoksu” adlanacaq məşhur sualını verir: “Bəs hardadır onlar?”…

Enriko Fermi (1901-1954) nüvə fizikasının banisi, ilk nüvə reaktorunun müəlliflərindən biri, Nobel mükafatı laureatıdır. Onu atom bombasının atası da adlandırırlar. Ancaq elmi-populyar ədəbiyyatda alimi “Fermi Paradoksu”na görə də xatırlayırlar. Verdiyi suala hələ də əməlli cavab tapan yoxdur, alimlər indiyə qədər baş sındırırlar. İnkişaf etmiş başqa mədəniyyətlərin var olduqlarını araşdıranlardan biri də Frank Dreykdir (Frank Drake, 1930). Amerikalı astronom Kainatda başqa həyatın olma ehtimalını tapmaq üçün istifadə edilən “Dreyk tənliyi”nin müəllifidir. 89 yaşlı professor hələ də başqa planetlərdə həyat izi axtarır — gah kosmosdan gələn siqnalları qeydə alır, gah Yer xaricindəki sivilizasiyalara müraciət ünvanlayır, gah da onlara radio-müraciət göndərir. Ancaq hələ ki “qardaşlardan” xəbər-ətər yoxdur.

Fermi Paradoksuna cavab kimi ortaya müxtəlif nəzəriyyələr atılıb. Onlardan bəzilirinə görə biz Kainatda yalnızıq, elə buna görə də başqa mədəniyyətlərə dair heç bir iz yoxdur. Başqa bir yanaşmaya görə isə yadplanetlilər Yer kürəsinə insanın yaranmasından əvvəl gəlib və geri dönüblər. Bəzi araşdırmaçılar isə yadplanetlilərin özlərini təhlükəyə atmaq istəmədikləri üçün bizim kimi ibtidai və vəhşi mədəniyyətlə təmas qurmaqdan qaçdığını söyləyirlər. Digərləri isə belə hesab edirlər ki, yadplanetlilər gizləniblər, pusqu qurub bizi izləyirlər, elmi-texniki cəhətdən o qədər üstündürlər ki, insanlar onların fərqində deyil. Nəzəriyyələr içində bizim əslində olmadığımızı və ya ən inkişaf etmiş mədəniyyət olduğumuzu irəli sürənlər də var. Ən çox dilə gətirilən fikir isə hər şeyin Matriks, bizim isə bir simulyasiya olduğumuz iddiasıdır.

Planetimizin Kainatda zərrə qədər də olsun əhəmiyyəti yoxdur. Məşhur ingilis yazarı və futuroloqu Artur Klarkın dediyi kimi “İnsan Kainatda ya təkdir, ya da tək deyil və bu ehtimalların hər ikisi də qorxuludur”. Bizim Dünya inkişaf etmiş sivilizasiyalar üçün içinə heyvanların salındığı volyerdən başqa bir şey deyil.

Fermiyə ən maraqlı cavablardan biri amerikalı astronom Con Boll (John Ball) tərəfindən irəli sürülmüş “Heyvanxana hipotezi”dir. Bu hipotezə görə Yer kürəsindəki həyat yadplanetlilərə çoxdan məlumdur. Ancaq onlar Yerdəki həyata müdaxilə etməyib, zooparkda heyvanları seyr edən kimi bizə kənardan baxırlar. Ehtimal ki, onlar Yer kürəsi ilə təmasa insanların müəyyən inkişaf həddinə çatmasından sonra girəcəklər. Kosmoloqlar bu fikirlərə belə əlavə edirlər: “İnsan oğlunun inkişaf səviyyəsi o qədər ibtidai mərhələdədir ki, onun başqa planetlərdəki mədəniyyətlərlə təması hələ ki, mümkün deyil”. METI-nin Paris toplantısında da iştirakçıların qənaəti ürəkaçan olmadı — Uzaq varlıqlar biz insanların səviyyəsini qəfəsdəki heyvanlarla eyni görürlər. “Biz başqa sivilizasiyaların mövcud olmasına dair hələki sübutlar toplamamışıq, ancaq “Heyvanxana hipotezi” haqda düşündüyümüzdə hər şey aydın olur”, — METI müdiri astrobioloq Florens Serso deyir.

Bizim biosistem və mədəniyyət özünəməxsus xüsusiyyətlərə malikdir, Yer kürəsi öyrənilib, araşdırılmasına dəyər bir yerdir. Görünür uzaq sivilizasiyalar bizə ehtiyat və təmkinlə yanaşır, dünyalıları “karantin” içində saxlayırlar. Bizdəki bu ağıl ki var, başqa mədəniyyətlərlə təmasa keçməsək yaxşıdır. Elə bilirsiz, yadplanetlilər Yerdəkilərin hamısını bir tərəziyəmi qoyacaqlar? Şərqə baxıb nə deyəcəklər, nəyimizi bəyənəcəklər? Yəni onlar görməyəcəklərmi ki, “heyvanxana”dakıların da yaxşısı, pisi, mütərəqqisi, cahili var?

 * * *

Məqaləni bitirmək üzrə idim ki, International Event Horizon Telescope layihəsinin iki gün sonra Qara Dəliyin (Black Hole) ilk fotosunu nümayiş etdirəcəyini eşitdim. Və qərara gəldim ki, yazımı da elə bu sirli-tilsimli hadisə ilə bitirim…

Bütün Dünyanın diqqəti Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahına çevrilmişdi. Avropa Araşdırma ŞurasıEvent Horizon Telescope layihəsi çərçivəsində astrofiziklər Qara Dəliyin (Black Hole) ilk fotosunu prezentasiya etdilər. Yapon əsilli astrofizik Mareki Honma kürsüyə çıxıb Qara Dəliyin ilk fotosu önündə danışmağa başlayanda bir anlığa düşündüm ki, Con Boll “ “Heyvanxana hipotezi”ndə necə də haqlı imiş. Yerdən 53.5 milyon işıq ili uzaqlıqda (bu isə 53.500.000 x 9.500.000.000.000 km deməkdir), kütləsi Günəşdən 6.5 milyard dəfə ağır olan Saman yolunun ortasındakı Qara Dəlik nədir ki, onun bir şəklini çəkmək üçün 14 milyard dollar pul xərclənsin.

Hər kəs Qara Dəliyin Tanrının varlığını sübut edəcəyini, ölünün-dirinin, ruhun açıqlamasına yardım edəcəyini gözləyirdi. Amma anladığımız tək bu oldu ki, məgərsə Eynşteynin ümumi nisbilik nəzəriyyəsi doğru imiş (Sanki E=mc2 elə anlayırıq ki). Brüsseldən reportajı dahi alimin ruhuna “Fatiha” oxumaqla bitirdim.  Sonra sosial-şəbəkələrdə “hərşeybilən” ekspertlərin lağlağıları başladı nə başladı. Hətta biri utanmadan Stiven Hokinqə, Karl Saqana Kip Torna “dil uzatmağa” başladılar. Uşaqlarını “abrazavonski” etmək üçün rusca oxutduran, öz millətinə “çuşka” deyən bu zavallılar astrofizikaya baxdıqları ucuz filmlər prizmasından qiymət verib, Kristofer Nolanı kultlaşmış “Interstellar” filminə görə topa tutmağa başladılar.

Məqaləni bitirmədən gündəliyimə “10.04.19 – çox şükür, Qara Dəliyin şəklini də gördüm” yazdım, ən son da FB səhifəmdə tarixi günə şahidlik etdim deyə o fotonu paylaşdım. Artıq yazını “Ayna”ya göndərmək olardı…

Bu dərinlik, bu ölçüsüz boşluq

Veriyor hissə, fikrə sərxoşluq.

Bu dərinlikdə bir həqiqət var,

Gizlidir gərçi kor beyinlər için;

Lakin ülviyyətilə həp parlar,

Bəllidir görmək istəyənlər için…

 

Hüseyn Cavid, “Dəniz Tamaşası”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (15 оценок, среднее: 9,47 из 10)
Oxunma sayı: 689