Muəllif:

Hakimiyyət – Müxalifət: qələbəyə bərabər heç-heçə

Noyabrın 2-də şəhərdə sakitlik idi, yalnız külək atını səyirdirdi. Həmin gün nə müxalifət deyən oldu, nə hakimiyyət: mitinq təxirə salındı. Yeni toqquşmalardan, onların daxili vəziyyətə və beynəlxalq nüfuzumuza əlavə mənfi çalarlar gətirəcəyindən narahat olanlar rahat nəfəs aldılar. Bu, qələbəyə bərabər heç-heçə idi. Amma müvəqqəti. İndi yaranmış fasilədən necə səmərəli istifadə etmək barədə düşünmək vaxtıdır.

Payız zəngi

“İslahatlar” söhbəti real cizgilər almağa başlayandan bəri ilk dəfə idi iqtidar-müxalifət münasibətləri belə kəskin qarşıdurma həddinə çatmışdı. Söhbət sadəcə ambisiya davasından getmir, hərçənd, üzdən baxanda, nisbətən sakit keçən yaydan sonra yaşanan payız gərginliyinin səbəbini belə də yozmaq olar. Çünki heç kəs geri addım atmaq istəmir, hətta yana çəkilmək zəiflik əlaməti hesab edilir, kompromis variantlar ciddi müzakirə olunmur, tərəflər üz-üzə gələndə isə dəyənək, təpik işə düşürdü.

Ancaq məsələnin mahiyyətinə daha dərindən varsaq, görərik ki, burada ambisiyalardan vacib məqamlar mövcuddur: hər iki tərəfin – hökumətin və müxalifətin davranışı müəyyən məntiqə söykənir və bu məntiq həm konkret istəklərdən, həm də ciddi narahatlıqdan doğur.

Müxalifət nə istəyir, nədən narahatdır?

Ölkədə bütünlüklə idarəçilik mexanizmində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək proseslər gedir və indiki mərhələdə bu, müxalifətin iradəsindən kənar, bilavasitə onun təsiri olmadan baş verir. Görürsünüz ki, mən “vacib”, yaxud “uğurlu” kimi epitetlər işlətmirəm, sadəcə, “əhəmiyyətli dəyişikliklər” deyirəm ki, yenə aləm qarışmasın, sakit danışaq, çünki yeniliklərin qiymətləndirilməsinin özünə də iqtidarla müxalifət tam zidd yanaşma tərzi nümayiş etdirir. Bir tərəf onları “dərin islahatlar”, digər tərəf “Əlinin papağını Vəlinin başına qoymaq” adlandırır.

Amma hər bir halda, istər “islahat” olsun, istər “papaq oyunu”, son dəyişikliklərin müxalifətin iştirakı olmadan baş verdiyi mübahisəsizdir. Belədə, 19 yanvar mitinqinin yaratdığı mühitdən fərqli vəziyyət ortaya çıxır. Axı həmin mitinqdən sonra cəmiyyətdə fikir bundan ibarət idi ki, hökumətin sosial müdafiəni gücləndirmək, maaşları artırmaq barədə qərarları məhz müxalifətin irəli sürdüyü və kütləviləşdirdiyi tələblər əsasında həyata keçirilir. Amma 9 aydır mitinqlərə ara verilib, “aşağıdan” yeni tələblər eşidilmir, hər halda onlar arxasında ictimai güc dayanan konkret şüarlar forması almayıb. Deməli, müxalifət üçün təşəbbüsün əldən verilməsi təhlükəsi yaranır.

Məncə, onun bütün kəskinliyi ilə “icazəli-icazəsiz” yeni mitinq keçirmək iradəsi ortaya qoymasının əsas səbəbi bu oldu. Uzun müddət müxalifət deyirdi ki, hətta qiymətli zaman qeyb etsə də, “icazəsiz” mitinqlərə getməyəcək və burada Əli Kərimlinin güclü məntiqi özünü göstərirdi: onların qarşısı xüsusi zorakılıqla alınanda insanların gözü qorxur, mitinq əhval-ruhiyyəsi zəifləyir. Amma dalbadal 8 müraciətinə imtina cavabı alandan sonra müxalifət taktikasını dəyişdi. Çünki indi zaman başqa məna kəsb edirdi, gözləməyə vaxt qalmırdı. Meriyanın qarşısında “yoxlama” piketindən sonra o, oktyabrın 19-da şəhərin ən gur yerində  “icazəsiz” mitinqə cəhd göstərdi, çox kobud, aşırı müqavimətlə üzləşsə də, noyabrın 2-də cəhdini təkrarlamağa qərar verdi.

Doğrudur, müxalifətin bir neçə mitinq müraciətinə hakimiyyət tam imtina cavabı verməmişdi, ona uyğun bildiyi, şəhərdən kənarda yerləşən Lökbatan stadionunu göstərmişdi. Ancaq hökumətyönlü media nahaq özünü yorub Lökbatan stadionunu reklam edirdi, ora getmək üçün “rahat və ucuz”, 65-qəpiklik marşrut yolları cızırdı. Marşruta lap pulsuz avtobuslar buraxsaydılar da, müxalifət Lökbatana getməyəcəkdi.

Lökbatan niyə yaramır?

Siyasi həyatımızın özəlliklərindən biri də ondan ibarətdir ki, çoxdandır hakimiyyət uğrunda mübarizədən heç də az olmayan qızğınlıqla “müxalifət” adı üstündə mübahisə gedir. Kimin xətrinə dəyir-dəysin, həqiqət sərtdir: “müxalifət” deyəndə əksəriyyət Milli Şura-AXCP cütlüyünü, onun lideri qismində Əli Kərimlini nəzərdə tutur. Sözün klassik mənasında (yəni, partiya, birlik formasında) isə bu müxalifət illərlə əzilə-əzilə, dənlənə-dənlənə funksionerlər qrupu halına salınıb ki, onun da aparıcı simalarının bir hissəsi həbsxanadadır, digər hissəsi məhdud şəraitdə fəaliyyətini davam etdirir. Lakin bugünkü müxalifətin gücü artıq onun üzvlərinin sayında, strukturlarının genişliyində deyil, sosial şəbəkələrdə  topladığı “layklarda”, partiyanın səsinə səs verən narazıların çoxluğundadır. Partiya üzvləri mitinq həvəsinə lap Gəncəyə də gedərlər, amma “şəbəkə tərəfdarlarını” Lökbatana aparmaq çətin məsələdir. Milli Şura-AXCP bunu bilir. Beləliklə, iqtidarın ona şəhərdən kənarda yer axtarmağa vaxt sərf etməsi əbəsdir. Bununla hakimiyyət yalnız şəhərin mərkəzində mitinq keçirmək üçün partiyaya təzyiq edənlərin dairəsini genişləndirməyə nail olacaqdır.

Sonuncu fikrin üzərində dayanmaq istəyirəm. Mənə elə gəlir ki, “laykları” sayan müxalifət bir problemi kifayət qədər nəzərə almır. Sosial şəbəkələrdə qazandığı dəstəyi o, nəinki partiya sıralarındakı itkilərinin əvəzi, hətta mütləq mənada əsas qüvvə hesab edir. Amma partiya üzvlərini idarə etmək asandır, onları birləşdirən bağlar möhkəmdir, “şəbəkə ordusu” isə partiya intizamını sevmir, əksinə, müəyyən məqamlarda onu öz diqtəsi ilə davranmağa sövq edir. Virtual məkanda reallıq hissini tez itirmək olur, o zaman sayı artdıqca radikallaşan “çoxluğun” iradəsi partiyanın manevr imkanlarını daraldır, bəzən minimuma endirir. Çətin sınaqdır, məsələn, Azərbaycanın onlayn mediası bu imtahandan çıxa bilmədi, virtual auditoriyanın zövqünə və tələbinə tabe olub qismən “sarılaşdı”, qismən də “ideoloji rupora” çevrildi.

Hakimiyyət nə istəyir, nədən narahatdır?

İqtidar ölkədə narazılığın güclü olduğunu bilir, dəyişikliklərin labüdlüyünü dərk edir və yavaş-yavaş üzünü islahatlara doğru çevirir. Müxalifət bunu tamamilə inkar etsə də, sosial sahədə, iqtisadiyyatda və kadr siyasətində dəyişikliklər arasındakı əlaqələri görməmiş deyil. Amma digər sahələrdə – ictimai-siyasi sektorda yeniliklərə yol açılmır və əsas narazılıq burada yaranır. Hakimiyyətsə tələsmək istəmir, çünki təşəbbüsü əldən verməkdən, proseslərə nəzarəti itirməkdən, nəticədə oturduğu qayığı çevirməkdən ehtiyatlanır. Bunun qarşısını almaq üçün o, bəzən həddən artıq sərtlik nümayiş etdirir. Axı ölkədə hamı islahatdan danışsa da, məktəbliyə də bəllidir ki, müxalifətlə iqtidarın “siyasi islahat planlarının” hərəsinin öz çərçivəsi, öz məntiqi və son nöqtəsi var.

İqtidar narahatdır ki, şəhərdə keçirilən mitinqə gözlənildiyindən çox insan toplaşa bilər. O, müxalifətin virtual üstünlüyünün real gücə çevrilməsini istəmir. “Sonra nə olacaq?” sualının cavabı ən böyük narahatlıq mənbəyidir. İnsanlar yığışdıqları kimi dağılışa bilərlər, amma mitinqin oturaq hala keçməsi, şəhərin mərkəzinə yürüş etməsi də fantastik ssenarilər deyil, hər halda, təcrübədə sınaqdan çıxarılmış variantlardır. Əminəm ki, hakimiyyətdə ilk növbədə məhz bu variantlar nəzərdən keçirilir, yaxud dövlət rəhbərliyində onlara hazırlıq görüldüyü fikri yaradılır. (Maraqlıdır, görəsən sosial şəbəkələrdə doğrudan-doğruya sorğu keçirilsə, hansı variant çox səs toplayar?)

Hakimiyyət daha bir şeydən – tədricən idarəçilikdən uzaqlaşdırılan, “vurulan” köhnə komandanın müxalifətlə birləşməsindən də ehtiyatlanır. Hökumətyönlü mediada tez-tez səsləndirilən “niyə məhz indi, niyə məhz bu dəyişikliklər mərhələsində mitinq tələbləri gücləndi?” sualı buradan yaranır.

Ziddiyyətli maraqları uzlaşdırmaq mümkündürmü?

Siz də sual edə bilərsiniz ki, “hər şeydən danışdın, bəs Konstitusiya, bəs qanunlar?  Axı onlar kütləvi aksiyaların keçirilməsi üçün daha geniş hüquqlar nəzərdə tutur?”

İndiki halda, ən azı, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması göz önündədir (“icazəli-icazəsiz mitinq” ifadələri ona görə dırnaq arasına salınıb). Amma mən heç kimin hərəkətinə qiymət vermədən (bunu mitinqin səhəri dərc olunmuş yazımda etmişəm), cəmiyyətin kəskin münaqişədə olan iki əsas seqmentinin istəklərini, narahatlıqlarını bacardığım qədər təhlil etməyə çalışdım ki, tərəflərin davranışının motivlərini anlayaq. Bunsuz heç bir mübahisəni zor işlətmədən həll etmək mümkün deyil. Eyni zamanda, unutmamalıyıq ki, qanunun aliliyinin bərpası özü islahatların başlıca məqsədlərindən biridir. Son nəticədə cəmiyyətin dinc və firavan həyatını təmin etmək üçün iki şey lazımdır: ədalətli qanunlar və onların vicdanla icrası. Üçüncü bir şərt də var ki, ona axırda toxunacağam.

Göründüyü kimi, hakimiyyətlə müxalifətin maraqları arasında ziddiyyətlər dərindir, ancaq, məncə, bu ziddiyyətlərin böyük qismi heç də keçilməz deyil.

Nə qədər tənqidi mövqe nümayiş etdirsə də, müxalifət hakimiyyətin konservativ qanadından fərqli olaraq, dəyişikliklərin qarşısını almaq yox, onları şaxələndirmək istəyindədir. Yəni, reallıqda bu iki qüvvənin birləşmək ehtimalı sıfıra bərabərdir. Şəxsi münasibətləri kənara qoysaq, islahatlara meylli iqtidarla müxalifət arasında dil tapmaq daha asandır. Əsas problem isə ondan ibarətdir ki, hakimiyyət iqtisadi blokun yenilənməsini, müxalifət isə siyasi islahatları önə çəkir. Burada da təəccüblü heç nə yoxdur, çünki müxalifət məhz siyasi sistemin bir parçasıdır və onu sistemdən kənarda qoymaq balığı sudan çıxarmaq kimidir. Onun üçün parlamentin alternativi küçədir. Və əksinə. Müxalifətin parlamentə yolu isə yalnız siyasi islahatlardan keçir. Elə islahatlardan ki, ona seçkilərə qatılmaq və bu gün virtual aləmdəki “səslərini” sabah müvafiq sayda parlament kürsüsünə çevirmək imkanı versin.  Mən demirəm ki, yüngül həll olunası məsələdir, ancaq onsuz da əvvəl-axır aradan qaldırılmalı olan bir problemi çözmək üçün əvvəl yaxalar cırılmalı, başlarmı yarılmalıdır?

Bəlkə də, elə olmalıdır. Çünki bayaq xatırlatdığım üçüncü şərt – dialoq, ictimai institutların islahatlarda iştirakı ortada yoxdur. Bugünkü iqtidar-müxalifət münasibətləri qəzəb dalğasına köklənib və istənilən sülhün birinci düşməni olan nifrət dilinin bariz nümunəsidir. Sadəcə mitinqin təxirə salınması səbəbləri barədə müxalifətin bəyanatını və hakimiyyət ideoloqunun ona cavabını oxumaq kifayətdir ki, qələmi yerə qoyasan.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 77