Muəllif:

YER KURƏSINDƏN QOVULMA

 

 Və ya daha mükəmməl ikinci qovulma

Mən əlamətlərə inanan deyiləm. Amma bu yazı üçün göndərilən əlamətlər və intuitiv mesajlar həddindən artiq çox idi. Və onlara etibar edib laptopumun qarşısına məhz bu mövzuya toxunmaq üçün keçdim. Baxmayaraq ki, planda başqa yazılar var idi və onların bəzilərinin bir hissəsi hazır idi, bir hissəsi də məni – hərdəmxəyal və tənbəl müəllifi gözləyirdi.

Son illər israf sözü bizə də gəlib çatdı. O vaxt ki, dollar bahalaşdı, benzin və digər məhsulların qiyməti ceyran dağının başına qalxdı. Biz – sadə, amma buna baxmayaraq yenə də təmtəraqlı yaşamagı sevən, mütəvazidən uzaq, göstərişli və yekəxana azərbaycanlılar da anladıq ki, kəmərləri sıxmanın vaxtıdır. Başladıq bu sözü moda salmağa. Ilk zərbə yeməyi görəndə ölünü unudan mollaların başçılıq etdiyi yas mərasimlərinə dəydi. Başladılar guya yasları nəzarətə götürməyə. Bu məsələ toy biznesinə aid edilmədi. Baxmayaraq ki, israf dedikləri toyda daha çox baş verir, nəinki yaslarda. Çünki toy biznesi daha fundamental dirəklərin üzərindədir. Ona girişmək o qədər də asan deyil. Hər iki halda şəxsən mən bu kimi qadagaların olmasına müxalifətdəyəm. Insanların şəxsi həyatında baş verən hadisələrdə özlərini necə aparacaqları, süfrəyə nə qoyacaqları, qonaqlarına nəyi təqdim edəcəkləri şəxsən onların seçimi olmalıdır. Amma siz elə düşünürsünüzsə ki, biz elə bir qövmük ki, bizə gərək nəyisə mütləq qadağa edələr – mən yenə razı deyiləm.

Elə bunları düşünürdüm ki, qarşıma maraqlı bir statistika çıxdı. İsraf edən insana bu planetin sonunu gətirəcək düşüncəsini daha yaxşı anlamağa imkan yaradan bir məlumat.

Yemək tullantıları biz düşündüyümüzdən daha çoxdur. Bir milliard 300 milyon ton yemək qalığı zibilliklərə tullanır. Bununla yer kürəsindəki acların hamısını 3 dəfədən çox doydurmaq olar. Bizim zibil yeşiklərimiz təsəvvür etmədiyimiz qədər yeməklə doludur. Və bunu anlamaq üçün çox ağıllı olmaq lazım deyil. Uçüncü dünya ölkələrində qida və ərzaqlar saxlanma şəraitinin pis olmasına və çatdırılma problemlərinin olmasına görə ortada tələf olur. Sənayesi və iqtisadiyyati inkişaf etmiş ölkələrdə isə bu tullantılar restoran, otel ve bu kimi ictimai yerlərdə, həmçinin ev şəraitində yer almış israfçılıqdan yaranır.

Maraqlı faktlardan biri de BMT-nin hesabatında qlobal qida israfçılığının 750 milyard dollar dəyərində qiymətləndirilməsidir. Bu başgicəlləndirən rəqəmlərin fərqinə varsaq, görərik ki, Yer kürəsindəki aclıq problemi nə qədər dəhşətlidir. Və bu rəqəm inkişaf etməkdə olan ölkələrə edilən yardımlardan 6 dəfə çoxdur.

Biz yalnız kiloqramlarla, tonlarla yemək artığını zibilə atmırıq, həmçinin ona sərf olunan ərzaqları və təbii resursları da məhv edirik. Taxıl, yumurta, müxtəlif ərzaqlar, ədviyyatlar və sair onlarla ingredient məhv olur. Bura suyu, enerjini və müxtəlif investisiyaları da əlavə edin. Ona çəkilmiş xərc, insan əməyi, təbiətin bərəkəti də heç olur. Hər bir heyvanı bəsləmək üçün nəzərdə tutulmuş yem milyonlarla dollardır. Və biz həmin ətdən istifadənin qədərini bilməyərək tullantıya atırıq. Çörəyi, müxtəlif ərzaqları, tərəvəzləri də həmçinin…

Tullantıya atılan qidaların istehsalında istifadə olunan suyun miqdarı Volqa çayının illik axarının iki misli qədərdir. Bu fəlakəti başa düşmək üçün o qədər ağıla ehtiyac yoxdur. Ətin və südün istehsalı ən baha başa gələnlərdəndir. Yemin istehsalında istifadə olunan bitkilər və su onu məsrəfli edir.

Belə şeylərdən xəbərdar olanda insan dunyanı xilas etmək istəyir. Amma necə deyərlər, tək əldən səs çıxmaz. İkinci Dünya müharibəsi dövründə bir plakat vardı, zənnimcə onu çoxu xatırlayır. Kobud əlini irəli uzatmış əsgər sanki barmağını alnımızın ortasına vuracaq tövrlə “Sən cəbhə üçün nə etmisən” deyə bağıran pafoslu və sorğulayan bir rəsm… Mənim isə daha xəfif, hamının anlayacağı və qəbul edəcəyi bir tövrlə “Bu planetdə övladlarının yaşaması üçün nəsə edə bilərsənmi?” deyə bir plakat gəldi gözümün önünə. Əlini irəli uzatmayan, əksinə yuxarı qaldırmış və təslim olmağa hazırlaşan ümumiləşdirilmiş bir Yer kürəsi insanı şəkli ilə…

Yazı elə bir kimyəvi prosesdir ki, harada başlayıb qurtaracağını bildiyin halda belə içindən nə isə planlaşdırmadığın amillər çıxa və bütün marşrutu dəyişə bilər. Bu hamiləlikdə bir övlad gözlədiyin halda ekizlərin dünyaya gəlməsinə bənzəyir. Elə düşündüm ki, Fresko haqqında da burada yazmalıyam. Jak Fresko haqqında.

Jak Fresko – amerikalı istehsal muhəndisi, sənaye dizayneri, futuroloq, nəhayət “Venera Proyekti” təşkilatının banisi və direktorudur. Valideynləri Türkiyədən Amerikaya mühacirət ediblər. Deyilənə görə, yəhudi əsilli alimin dünyagörüşündə hələ yeniyetmə ikən Albert Eynşteynlə görüşü iz buraxıb. Onun dünyanı insanlar üçün daha yaşamalı edəcək fikirləri bəziləri tərəfindən soyuq qarşılansa da, bir çoxları bu fikirlərin reallaşacağının yaxin zamanlarda məcburiyyət olacağına inanır. İnsanların hər il büdcələrindən müəyyən miqdarda pul ayırıb yeni avtomobil almağına ehtiyacın olmadığını önə sürür,  günün ancaq bəzi saatlarında lazım olan, qalan saatlarda isə dayanacaqlarda yatan maşınların sıradan çıxarılmasının zəruriliyi fikrini daha cazib sayır. Fresko gələcəyin şəhərlərində hamının müştərək istifadə edə biləcəyi ümümşəhər avtomobil sisteminin olmasını daha optimal vaiant sayır. İşin varsa, çıx küçəyə, yaxınlıqdakı avtomobilə əyləş və get. Yəni bunun üçün hamının şəxsi avtomobil sahibi olmasına ehtiyac maksimal dərəcədə az yaranacaq.

O qeyd edir ki, hər il sənayeçilər bizə eyni məişət avadanlıqlarının, avtomobillərin bir az daha inkişaf etdirilmiş versiyasını təqdim edir və biz həyatımızı rahatlaşdıracağımızı, digərlərindən geri qalmadığımız hissini aşılayacagını sanaraq onlara pullar xərcləyirik. Qidalarda da belədir. Aldıgımız telefonlarda, avtomobillərdə də həmçinin. Eyni qidanın yüzlərlə növü hipermarketlərdə üzümüzə gülür və bizi onun dadına baxmağa təhrik edir. Eynilə ilanın Həvvaya cənnətdə alma yedirmək istədyi kimi.

Cazib ideyalardır. Planeti ən azından indiki vəziyyətində saxlamaq, qorumaq və insan hərisliyi ilə mübarizə üçün yaxşı fikirlərdir.

Amma Azərbaycan prizmasından baxanda bunlar nə qədər real və yaxın zamanlar üçün əlçatan ola bilər sualı da ağlımdan keçməmiş deyil.  Avtomobil istehsalçıları, yol tikintisinə və körpülərə pul yatıran investorlar, bu qarmaqarışıqlıqdan gəlir əldə edən dünya divləri bu ideyaların həyata keçirilməsindənsə, yeni bir planet kəşfinə milyonlarla dollar xərcləyərlər. Elə bil hər şey ona hesablanıb ki, insan oğlu bu planetdə rahat və məsud olmasın. Freyd demişkən:“İnsanı xoşbəxt etmək məsələsi kainatın yaradılması planına daxil deyildi”

Amma istənilən resursun israfa xərclənə biləcəyini başa düşən və bunu həyatında minimuma endirən insanlar çoxaldıqca, həyatımızın və məişətimizin daha rahat və sakit olacagından əminəm. Ən azından bu kimi meyarlara fikir vermək üçün start lazımdır. Ən çox da bizim kimi – göstərişə, bəhsəbəhsə avtomobil, telefon alan, soyuducusunu sanki sabah müharibə başlayacaq tədarükünə uyğun dolduran, sonra isə zibilliyə atan insanların çox olduğu cəmiyyətlərdə.

Həyatımızın marafonundan, qachaqaçından və problemlərimizin boz sifətindən başımızı bir balaca kənara çəkib arada Yer kürəsinin problemləri, ona vurduğumuz ziyan haqqında da düşünməliyik. Bilirəm, fikirləşəcəksiniz ki, bunu hamı etmir, mənim etməyimlə guya nə dəyişəcək ki? Dəyişəcək. Siz etməyə başlayacaqsınızsa, ən azından ətrafınızı da bu yönümdə maarifləndirməyə çalışacaqsınız, bu barədə danışacaq və yaxın çevrənizi də belə olmağa təşfiq edəcəksiniz, çünki bu işdə tək olmaq istəməyəcəksiniz. Bir neçə il öncə avtomobildə sürücünün yanında əyləşən zaman təhlükəsizlik kəməri taxmaq da dəb deyildi, insanlar bunu etmirdilər. İndi isə yaxşı bir trend halını alıb. Bizimkilər trendləri və dəblə ayaqlaşmağı hər şeydən çox sevirlər.

Və nəhayət, XXI əsrin insanı XX əsrdəki kimi rahat olmamalıdır. Hamımızın müştərək evi olan bu planetin də imkanları bir yerə qədərdir və gələcək nəsillərə, öz nəslinizə bu planeti yaşanacaq, qidalana biləcək bir yer kimi qoyub getmək haqqında da düşünmək lazımdır. Övladlarımızın təhsili, evi, Azərbaycan mühitində kiminlə ailə quracağını belə düşündüyümüz halda – hansı hava ilə nəfəs alacaq, nə yeyəcək, nə isə tapıb yeyə biləcəkmi kimi suallar bizi maraqlandırmır. Geni dəyişdirilmiş məhsulların bazara ayaq açması da artıq çoxdan SOS siqnalından xəbər verir. Demək ki, insanları doydurmaq üçün süni qidalardan istifadə olunması zəruri hala gəlib. Taxıl və digər dənli bitkilər artıq əvvəlki — 50, 100 il bundan öncəki keyfiyyətdə deyil. Onların da geni ilə oynanılıb. XXI əsrin insanı evində qidanın nə qədər istifadə edilməsini nəzarətə götürməli, artıq ərzaq almamalıdir. Artıq alınıbsa belə, bunu kiməsə pay verə və yaxud kimləsə bölüşə bilərsiniz. Lap əvvəlki  – köhnə, şirin vaxtlarda olduğu kimi.

Məqalənin sonundakı şəklə də göz atmağı unutmayın. Bu yazını yazmaq üçün mənə göndərilən əyani mesajlardan biri kimi çıxdı qarşıma və mənası ilə nokauta saldı.

İstədim ki, nə isə xeyirli bir iş görüm. Və bu yazını yazdım. Bu gün və hər gün alış- verişə gedərkən oxuduqlarınızı xatırlayacağınıza söz verin. Təşəkkür edirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 579