Muəllif:

YEKNƏSƏQLİYİN BOĞUCU HAVASIZLIĞI…

Xeyli vaxtdır özüm kitab almıram. Uşaqlar alır və mən də onlardan götürüb oxuyuram. Beləcə, adidən də adi günlərdən biri idi. Dediyim kimi uşaqların kitablarından birini götürüb vərəqləməyə başladım və ilk səhifələrdən bir neçə cümlə məni möhkəm tutdu: “Ətrafdakıların düşündüyü kimi o, hələ ağlını itirməmişdi və əlbəttə ki, həftənin günlərini ayırd edə bilirdi — bu həyatda ona başqa nə qalırdı ki? Günləri saymaq, bir günün digərini əvəz etməsini gözləmək və ötən günü dərhal unutmaq”…

Heç bilmirəm, bu bir-iki sətrin məni niyə heyran etdiyini sizə necə çatdırım? Bilirsiniz, bir azca özəl məsələdir bu, yaşamasan duymazsan.

Günləri hələ ayırd edə bilmək, bir günün digərilə əvəz olunmasını gözləmək və ötən günü dərhal unutmağa çalışmaq – ilk baxışda məhbəs  həyatının təsvirinə bənzəyən sətirlər əslində cəza evlərindən də geniş bir anlamı əhatə edir.

Həm də olur ki, evlər də artıq fərqli mənaları ehtiva etmir özündə. Bəli, adətən ev-ocaq rahatlığın, məxsusiliyin simvolu kimi başa düşülür və elə də olur ki, bu məna adi dörd divar anlamına qədər daralır — qətiyyən başa düşmək olmur ki, buna ocaq deyəsən, yoxsa ki, cəza evi?..

Əslində evlərin bir günahı yoxdur, evi ev, ocaq edən ölkələrdir. Elə ocağı cəza evinə çevirən də ölkələrdir. Qərəz, nə başınızı ağrıdım, illər öncə “kəşf elədim” ki, bizim yaşadığımız sınırlarda (bəli, sınırların Vətən olması üçün çox iş görmək, ən əsası da onları sevməyi öyrənmək lazımdır) çox qəribə bir metamarfoza yaşanır – bizə deyirdilər ki, yetər gileylənmək, artıq ölkədə sabitlik bərqərar olur və bu sabitlikdən inkişaf, tərəqqi və ən əsası da daha mənalı həyat göyərəcək…

Amma tərsinə oldu, “sabitlik”dən yasaqlar-qadağalar çoxalmağa, məhbəslərdə insanların sayı artmağa və həyat mənasızlaşmağa, tamam maraqsız olmağa başladı – artıq çoxu üçün hansı ayın və həftənin necənci gününün olmasının bir mənası yox idi, insanlar bunları yalnız və yalnız şüurlarının hələ pozulmamasına əmin olmaq üçün yada salırdılar.

Əslində isə guya ki, hər şey tamam-kamal tərsinə idi: biz cəmiyyət olaraq hər günü zəfərlərlə-qələbələrlə başa vururduq, hər ilə bir ad verir, hər saniyəmizi tarixiləşdirməyə-əbədiləşdirməyə çalışırdıq, bayrağımızı daha da ucaltmaq üçün hər rayonda bayraq meydanı və muzey tikirdik, hətta Qarabağda da bir təpəni azad edib ora bayrağımızı sancmışdıq ki, ölkəyə gələn qonaqlara həmin bayrağı göstərək, xarici araşdırma və hesabatlarda irəliləməyə başlamışdıq, yerdəki bütün işlərimizi bitirib Kosmosa keçmişdik, göydə üç peykimiz fırlanırdı — qərəz, ilk baxışda əsl qələbəlik, zəfər illəri idi.

Amma ilk baxışda… Daha həssas adamlar ilk gündən duydular ki, bu, sadəcə, bir sabitlik yox, YEKNƏSƏQLİKDİR, özü də üzücü yeknəsəqlik, əvvəldə deyilən kimi: günün, ayın, ilin daha mənası yox idi. Yox, bir azacıqca təhrif elədim, demək olmaz ki, bu, bütün günlərə aid idi, yox, ayın, günün və ilin arasında hakim partiya üçün əlamətdar olanları da vardı. Adətən belə günlərdə park və bulvarlarda vur-çartdasın olur, televiziyonçularımız da bunları çəkib peyklərimiz vasitəsilə bütün dünyaya yayırdılar ki, dost ellər sevinsin, düşmənlərinsə bağrı çatlasın…

Amma getdikcə bunun özü də yeknəsəqliyə çevrildi, hakim partiyanın da tərif ehtiyatı tükəndi, bütün təmtəraqlı epitetləri özlərinə yapışdırdılar, demək istədiklərinin hamısını, hətta bundan da bir azacıq  artığını deyib qurtardılar və növbəti dəfə bu tarixlər yenidən təmtəraqla qeyd olunanda aparıcılar ağızlarını açmamış insanlar onların nə deyəcəyəni və müğənnilər səhnəyə çıxmamış onların nə oxuyacaqlarını bilirdilər.

Beləcə, ölkəyə tam YEKNƏSƏQLİK çökdü. Bu, azmış kimi, dedilər ki, hökumətimiz BP ilə 2050-ci ilədək əməkdaşlıq sazişi imzalayıb. Deməli, başqa xəyallara düşməyə qəti lüzum yox, çünki BP-nin bu ölkənin altını -üstünü sovurub aparması üçün ölkədə tamam yeknəsəqlik olmalıdır ki, adamlar işlərini rahat görə bilsinlər.

Əslində heç başqa xəyala düşən də yox idi, çünki hamının şüuru koraşalaşmışdı, günün, ayın, həftənin və ilin hesabı itmişdi. Sadəcə, arada, mürgüləməkdən macal tapanda insanlar təqvimə nəzərə salırdılar ki, birdən 2050-ci ilə gəlib keçər və onların bundan xəbərləri olmaz.

Düzdür, arabir bəzi para gənclər xarici ölkələrdə nəsə qırıldadırdılar, amma onların da məqsədi problemlərini həll etmək, yaşadıqları ölkədə  qalmaq üçün icazə almaq və əlbəttə ki, pul almaq qoparmaq idi. Burada başqa motiv yox idi, çünki onlar da YEKNƏSƏQ ölkədən çıxmışdılar və ən əsası da elə-belə çıxmamışdılar – nə qədər qəribə olsa da, burada hakimiyyətimizlə, xaricdəsə gecəbəgündüz YEKNƏSƏQ kimi ölkələrdə demokratiya qurmaq uğrunda çarpışan beynəlxalq təşkilat və fondlarla dostluq edirdilər.

Yaxın günlərin söhbətidir. Belə gənclərin dövlətimizə və dövlətçiliyimizə qarşı növbəti fitnəsi haqqında növbəti ifşaedici material verirdilər. Bizim “xaricdəki müxalifət”in hamısını olmasa da, bəzisini tanıya bildim. Onlardan biri gənc jurnalist idi və bizim məmurların dostu idi, onlarla tez-tez görüşər, müsahibələr alar, yazılarında onların fikir və mülahizələrini müdrik xalqımıza çatdırardı. Bir gün eşitdim ki, həmin gənc də xaricə gedib. Və daha bir neçə gün, bəlkə də ay və yaxud il ötdü və bir də xəbər tutdum ki, o, böyük “müxalifətçi” olubdur…

Qərəz, yazının bu yerinə çatanda məni əsnəmək tutdu, çünki bizim müxalifətçiliyin özü bir YEKNƏSƏQLİK idi. Əlimi atıb rəfdən daha bir kitab götürdüm: “Qoca və dəniz” idi: “Qoca yuxarıda, komasında üzüqoylu uzanıb yatırdı, oğlan da böyründə onun keşiyini çəkirdi. Qoca yuxusunda şirləri görürdü”…

Mən də özümü divana zorla çatdırdım və şirin yuxu duyğusunun bədənimdən barmaqlarımın ucuna qədər necə yayıldığını hiss etməyə başladım. Həm də yuxuda sahildə oynaşan bapbalaca şir balalarını görmək istəyirdim, çünki tülkülərlə əlləşib-vuruşmaqdan bezmişdim…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151