Muəllif:

Buna da bir quş

Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir. Şəhərin göbəyində, Natavanın heykəli önündə dayanıb arxasındakı gitaraya baxaraq buna şahid olmaq olar… Nə isə, qayıdım özümə. Günlərin biri qızlarım dedi ki, bəs sən (yəni mən) həyatdan geri qalırsan, heç kinoya-filana getmirsən, kinoteatrın nə olduğunu bilmirsən. Gülmək məni tutdu, fikirləşdim ki, gör nə günə qalmışam, bunlar mənə kinoteatrın nə olduğunu öyrətmək istəyirlər. Başladım ki, bəs siz hələ heç dünyada olmayanda bizim günlərimiz kinoda keçirdi, nə bilim şəhərə yaxşı film gələndə saatlarla kassaya növbəyə dururduq, olurdu ki, biletləri əldən 10 manata (o vaxtın manatına) alırdıq və s. və i.a. Əlqərəz, uşaqlara mühazirə oxudum (sonra fikirləşdim ki, deyəsən qocalıram). Dedilər heç nə bilmirik, həyat yoldaşını da götür, düşün qabağımıza, sizi kinoya aparırıq. Məlum oldu ki, qabaqcadan bilet də sifariş ediblərmiş. Əlacımız nə idi, itaət etməli olduq.

Şəhərdə yeni inşa edilmiş ticarət mərkəzlərindən birinə gəldik. Uşaqlar üzümdəki ifadəni görüb tez dedilər ki, narahat olma, səni mağazaya gətirməmişik, yuxarı mərtəbə kinoteatrdır. Qalxdıq, zala daxil olduq, yerlərimizdə oturduq. Filmin başlanmasına hələ 5-10 dəqiqə vaxt var idi. Maraqla zala göz gəzdirdim. Görəsən müasir tamaşaçını əvvəlkilərdən nə fərqləndirir? İlk baxışda bu günün atributlarından – mobil telefon, pop korn – başqa heç nə.

Vaxt yetişdi, işıqlar söndü, qaranlıq çökdü, film başladı. Amma çökən təbii ki, nisbi qaranlıq idi. Ekranın işığı öz yerində, solda, sağda sayrışan telefonlar da ona züy tuturdu. Onların əksəriyyəti mayak kimi yanıb-sönürdü. Amma biri var idi ki, gecə səmasında dan ulduzu kimi elə hey parlayırdı. Tərslikdən onun sahibi, təxminən 30-35 yaşlarında olan bir qadın düz mənim qabağımda oturduğundan işıq birbaşa gözümə düşürdü. Qadın filmin ilk 20-25 dəqiqəsini oyun oynadı, oyunun (filmin yox) qəhrəmanları ilə birlikdə sevindi-kədərləndi, emosional dəqiqələr yaşadı. Sonra təxminən 10-15 dəqiqə sosial şəbəkələrdə var-gəl etdi. Sizdə yarana biləcək suala dərhal cavab verirəm. Mən filmi seyr edirdim, sadəcə hadisələr düz mənim qarşımda baş verdiyindən istər-istəməz arabir tərs-tərs qadına baxırdım. Amma o, təbii ki, baxışlarımı görmürdü. Nəhayət, qadın telefonunu kənara qoydu. Yerində qurcalanmağa başladı. Fikirləşdim, yəqin filmin kulminasiya səhnələrinə baxmağa hazırlaşır. Amma bir an sonra zalda nəsə fışqırdı. Fışqırtı ilə qadının qabağında oturan iki cavan oğlanın yerlərindən sıçraması bir oldu. İndi onlar əlləri ilə boyunlarını tutub tərs-tərs qadına baxdılar. Demə “Dan ulduzu” susadığından içərisində qazlı şirə olan şüşənin ağzını açıbmış. Şüşənin içindəki maye fəvvarə vurduqdan sonra cazibə qüvvəsinə tabe olaraq iki gəncin üstünə şığıyıb. Qadının bizdən qabaqkı sırada oturduğuna bərk sevindim. O isə ağızucu üzr istəyib heç nə olmamış kimi yerdə qalan mayeni qurtultu ilə mədəsinə yolladı və yenə telefonunu əlinə aldı. Məlum olduğu kimi hər şeyin sonu var və film də əbədi davam edə bilməzdi. Zalın işıqları yanmağa macal tapmamış qadın ildırım vurmuş kimi yerindən atılıb tez-tələsik qaçıb getdi. İndi fikirləşirəm, o, görəsən bura niyə gəlmişdi?

Təəssüf ki, cəmiyyətimizdə bir çox şeyi dərinliyinə varmadan, mənasını anlamadan, yalnız gündəlik dəbə uyğun olaraq yerinə yetirir, zahiri görüntü yaradırıq. Təki qonşudan geri qalmayaq. Belə olmasa idi konsertə geyinib-kecinib özümüzü göstərməyə yox, musiqiyə qulaq asmağa, hər hansı bir komandamız beynəlxalq yarışda iştirak edəndə stadiona selfi çəkdirməyə deyil, futbola baxmağa gedərdik. Kinoteatra gələn qadını da film maraqlandırmırdı. Sadəcə birdən onun yanında həmin film haqda kimsə söz açsa, deyəcək ki, görmüşəm. Əslində görməyib, amma zalda olub. Əsas da budur, cəsarətlə görəcəyi işlərin siyahısinda filmin adının qabağına bir quş qoya bilər. Bu cür quşlar isə yalnız kəmiyyəti dəyişir. Keyfiyyət dəyişmir. Halbuki keyfiyyətimizi dəyişməyə çox ehtiyacımız var. Kaş ki, bütün gördüyümüz işləri anlayaraq, dərk edərək görəydik, qonşudan geri qalmaq üçün yox. Onda xeyrimizi də, şərimizi də kim daha dəbdəbəli eləyər prinsipi ilə deyil, normal keçirərdik.

Filmin adını çəkmirəm, sonra elə bilərsiniz ki, mən də onu gördüyümü demək istəyirəm.

Hə, onu da söyləyim ki, uşaqlarla kinoya səfərlərimiz davam edir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 8,71 из 10)
Oxunma sayı: 854