Muəllif:

Türk oğlu Türk Kürdoğlu

Dağların qoynunda bir kənd qaldı… Birmi kənd qaldı? Böyük bir rayon, onun da neçə-neçə kəndi qaldı… Kəndlə bərabər xatirələr, sahibsiz heyvanlar, gözü yolda olan məzarlar, kimlərinsə ilk məhəbbəti, kimlərinsə “göbəyinin kəsildiyi, kirli suyunun töküldüyü” yurd qaldı… Bir də heç vaxt sönməyən, ölməyən ümid qaldı… Qaldı ki, zaman-zaman o xatirələr közərsin, çözələnsin, o məzarlar yada salınsın, o yurd yerlərinin həsrəti sinələri göynətsin… Nə çox nöqtələr var bu yazımda…
Mən qaçqınlıq həyatı yaşamamışam. Amma hər dəfə təsəvvürümdə canlandıranda, havalanmağım gəlir… Düşünürəm ki, bu həyatı yaşayanlar böyük dözüm, səbr, mətanət, dəyanət yiyələridir… İnsan zamana tabedir. Zaman hər şeyi öz yerinə qoyur, hər şeyə hökm edə bilir. Təkcə insan düşüncəsinə, yuxularına, fikirlərinə, yaddaşında qoruduqlarını xəyallarında yaşatmasına müdaxilə edə bilmir. Bunun üçün yaddaş əlindən alınmalıdır…
Bu gün düşmən tapdağı altında inləyən torpaqlarımız var, neçə-neçə “könül intizarda”, neçə-neçə “göz yol üstədir”: kimi gördüyü yerlərə can atır, kimi isə eşitdiyi… Qocalar danışır, gənclər bu söhbətlərə nəfəs dərmədən qulaq verir, ata-babalarının yaşadıqları o torpaqları təsəvvürlərində canlandırmağa çalışırlar…
Bu dəfə Laçının Mollaəhmədli kəndindən, daha doğrusu onun bütün bu ağrı-acılarını dilinin ucundan qələmin ucuna, oradan da kağıza tökən Vətən şairi Hüseyn Kürdoğludan, onun kiçik Vətəninin varlığından yoxluğuna doğru gedən yoldakı ədəbi-bədii fəaliyyətindən danışacağıq.
Laçın rayonunun 120 kəndindən biri olan Mollaəhmədli kəndi “Baş bulaq”, “Orta bulaq”, “Qaymaq bulağı”, “Göy bulaq”, “Əvəlikli bulağı”, “Əlyetməz bulağı”, “Yemişan bulağı” kimi bulaqlarıyla, “İşıqlı”, “Canqurtaran”, “Kilsəli”, “Qızıl boğaz” kimi dağlarıyla, “Əyri dərə”, “Baldırğanlı dərə”, “Quru dərə”, “Güllücə dərəsi”, “Çiyələkli dərə” kimi dərələriylə və daha nələriylə əsl türk kəndi idi. Niyə axı “idi”? Elə bu gün də belədir! Və neçə ki, onu ürəyində yaşadanlar var, Mollaəhmədli də, onun bulaqları da, dağları da, dərələri də var olacaq. Bu barədə sonda…
Mollaəhmədli kəndini elə haqqında danışdığımız mərhum şairimiz Hüseyn Kürdoğlunun da bir nümayəndəsi olduğu qədim Əhmədli türk tayfasından gələnlər salıb. Bu barədə çox geniş danışmağa ehtiyac duymuram. Kənd barədə Nazim Əhmədlinin “Mollaəhmədli və mollaəhmədlilər” (Bakı, “Adiloğlu” nəşriyyatı, 2007, 464 s.) kitabında İlham Hüseyn oğlu Alışanlı geniş məlumat verib. Təkcə onu deyim ki, kəndin tarixini araşdırarkən bir sıra mötəbər qaynaqlara, o cümlədən də Osmanlının ərazi-inzibati bölgü ilə bağlı 1727-ci ildə apardığı siyahıyaalınmanın nəticəsi olan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nə əsaslanan İ.Alışanlının ulu babası Musa qardaşı İsa ilə Güney Azərbaycanın Qaradağ mahalının Şıxəhmədli kəndindən müəyyən səbəblər üzündən köçür və vaxtilə dədə-babalarının uzaqlaşdırıldıqları indiki Laçın rayonunun ərazisini özünə yurd yeri seçir. Sonralar nəsil artaraq müxtəlif qollara, tirələrə bölünür, yeni kəndlər salınır. Onlardan biri də Mollaəhmədli kəndidir…
Hüseyn Kürdoğlu haqqında danışarkən onu çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ustad şair, tanınmış şərqşünas alim kimi təqdim edirlər. Bu çox rəsmi deyilmiş sözlərdir. Bu günün prizmasından Hüseyn müəllimin həyat və yaradıcılıq yoluna (əslində bunları bir-birindən ayırmaq doğru deyil. Onun yaradıcılığı həyatının əksi, həyatı isə yaradığılığının güzgüsüdür) nəzər salanda, qarşımızda uzun illər Bakıda yaşamasına baxmayaraq tam bir kənd adamı, el ağsaqqalı, el aşığı, el şairi durur. Hüseyn Kürdoğlunun tər-təmiz Azərbaycan türkcəsi elindən, obasından gələn etnoqrafik terminlərlə, bu gün unudulmaqda olan sözlərlə, ifadələrlə doludur. O, bir etnoqraf, bir coğrafiyaçı, bir tarixçi, bir salnaməçi kimi elinin, obasının dolğun mənzərəsini göz önündə canlandırır. Çılğınlığı, cəsarəti, mərdliyilə türk babalarını daim yada saldıran Kürdoğlu əsl türk oğlu türk idi…
Bəs Kürdoğlu təxəllüsü necə yarandı? Bəzi bölgələrimizin əhalisinin etnik tərkibi ilə bağlı yanlış yanaşma mövcuddur. Məsələn, Lənkəran-Astara bölgəsindən olanlara talış, Zaqatala-Balakəndən olanlara avar, Quba-Qusardan olanlara ləzgi, Laçın-Kəlbəcər zonasından olanlara da kürd deyiblər. Bu yanlış yanaşma sovet dönəmindən bu günə qədər davam edir. Hüseyn Alışanovun Kürdoğlu təxəllüsü götürməsinin də maraqlı tarixçəsi var. Bilirik ki, şeir yazanlar əsasən özlərinə təxəllüs götürürlər. Hüseyn Alışanov da 1950-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ədəbiyyat dərnəyində digərlərilə yanaşı şeirlərini oxuyar, müzakirələrdə iştirak edərdi. Bir gün söz təxəllüsdən düşəndə, Bəxtiyar Vahabzadə ona Laçından olduğunu xatırladaraq “sən də Kürdoğlu təxəllüsü götür. Özün də Laçındansan” deyir. O dövrün ab-havasını nəzərə alsaq, Hüseyn Alışanovun bu təxəllüsü həvəslə götürməsi bizə təəccüblü gəlməz… Beləcə, gənc şair bundan sonra şeirlərini Kürdoğlu təxəllüsü ilə yazır.
Güney Azərbaycan mövzusu daim yaradıcılında özünə yer alan mövzular sırasındadır. Tək ona görə yox ki, əsli-kökü Qaradağdan idi:
“Söylə, sonu nə vaxt gələr hicran qəmli bu illərin?!
Ellərimin qədəminə həsrət qalıb Xudafərin”.
(“Araz”, 1957)

O dövrdə özəlliklə də gənc şairlər arasında Güney mövzusu geniş yayılmışdır. Bu mövzunun ayrılmaz parçası da zərdüştilik idi. Görünür, Babək hərəkatından ruhlanan vətən oğulları zərdüştiliyi də Babək qədər özlərinə yaxın bilirdilər. Babəkin sovet ideologiyasına uyğunlaşdırılmış ideyalarının təbliği, ateizm siyasəti buna daha da təkan verirdi. Elə bunun nəticəsi idi ki, şair Bəxtiyar Vahabzadənin İslam dininə və zərdüştiliyə münasibəti fərqli olub:
Azərbaycan oğluyam
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam.
“Azərbaycan oğluyam” (1966)
Şairin “Anamın kitabı”nda oxuyuruq:

Bu böyük mətləbi bilmədik bəzən,
Bizi bölə-bölə çəkdilər dara.
Əl çəkib müqəddəs atəşimizdən
Yüzillər baş əydik yad kitablara…

“Dayan, insan!” (1970) şeiri də bu baxımdan maraqlıdır:

Yox! “Allahü-əkbər” vaxtı keçdi çoxdan.
De “İnsanü-əkbər” indi.

Elə bu səbəbdən idi ki, Hüseyn Kürdoğlu da yazırdı:

Ürəyimdən od püskürər – zərdüştlərin oğluyam,
Alov saçan bu torpağın arzusuyam, muradıyam.
(“Araz”, 1957)

Sovetlər birliyi dağıldıqdan sonra «azəri-türk» məsələsi bir daha ortaya atılır. Bir çoxlarında Azərbaycan türklərini fars ağzı ilə «azərilər» adlandırmaq həvəsi baş qaldırır. Belələri Azərbaycanın qədim sakinlərinin türk deyil, azəri olduğu fikrini irəli sürərək onu hər cür əsassız iddialarla müdafiə etməyə başlayırlar. Onlardan biri olan arxeoloq Cəfərqulu Rüstəmov «Qobustan Azərbaycanın qədim yaşayış məskənidir» kitabında yazır ki, «kökümüzü türkə bağlayanlar, «Dədə Qorqud» bizimkidir deyənlər erməni Balayanlardan rüşvət alanlardır». Bəxtiyar Vahabzadə də «azəri ilə türk arasında» fərq görmürdü. Lakin C.Rüstəmov və onu kimi düşünənlərdən fərqli olaraq azərilərin də türk boyundan olduqlarına əmin idi:

Mən dedim, sən dedin, yenə mən dedim
Bir addım geriyə çəkiləmmədim.
Sən gördüyün fərqi görə bilmədim
Vallah, Azərilə Türk arasında.
(“Azəri ilə türk arasında”, 2000)

Hüseyn Kürdoğlu da hələ ötən əsrin 60-cı illərdə özünün azəri, eyni zamanda da türk olduğunu bilirdi:

Mənim bir alovlu təbiətim var,
Torpağım azəri, elim azəri.
Atəşdən yaranıb şerim-sənətim,
Ürəyim azəri, dilim azəri…
(“Azəri”, 1965)

Bu yerdə qeyd etmək istərdim ki, elə əvvəllər mən də «azərilər»in fars, pars olduqlarını düşünürdüm. Lakin “kim mənə bu gün dünənkindən daha yaxşı düşünməyimi qadağan edə bilər”. Araşdırmalar zamanı gördüm ki, «azərlər»in türklərin qıpçaq qoluna aid olduğu fikri bir çox müəlliflər tərəfindən təsdiq edilir. Tarix boyu türklərin şamanizmdən üzü bu yana bir sıra dinlərə tapındıqları məlumdur. Elə günümüzdə müsəlman, xristian, lamaist, musəvi, şamanist türklərin olması dediklərimizi bir daha sübut edir…
Deməli, Güney Azərbaycanda, özəlliklə də Təbriz tərəflərdə qıpçaq yazərlər yaşayırdı və Şəms Təbrizi də onların bir nümayəndəsi idi. Bu bir daha Azərbaycan türklərinin yalnız M.S. IX-XI əsrlərdə bu bölgələrə gəldikləri bilinən oğuz qolundan deyil, həm də daha qədim dövrlərdən Xəzər ətrafında yaşayan qıpçaq türklərdən ibarət olduğunu təsdiqləyir. Deməli, Azərbaycan türkcəsi də yalnız oğuz ləhcəsindən deyil, oğuz-qıpçaq qarışığından yaranmışdır.
Türklərin hər vasitə ilə bu bölgələrə “gəlmə” olduğunu vurğulamağa çalışan, qədim və dərin izlərini bu torpaqlardan silmək üçün əllərindən gələni edən fars, rus, hay və onlara züy tutan digər əcnəbi müəlliflər azəri dilinin hindavropa dil ailəsinin hindiran qolunun iran dilləri qrupunun şimal-qərb yarımqrupuna aid olduğunu yazırlar. Bu yalanı bir çoxları həvəslə dəstəkləyərək özlərinə haylar kimi yalançı tarix uydururlar.
Tarixin necə yazılması əlində qələm tutan şəxsin yazdığı obyektə münasibətindən, mövqeyindən çox asılıdır. Lakin həqiqət də qızıl kimidir. Heç vaxt pas atmır:

Mamır tutan qəbirlərin oxunmur adı,
Adsız belə öz kökümdür, öz əqrəbamdır.
Əcdadımdır bu dağların qədim övladı,
Qartalların qonşuları ulu babamdır.
Oxucuda maraq yaranır. Görəsən, kimlərdir bu ulu dağların şairin əcdadı saydığı övladları? Cavabını çox gözləmək lazım gəlmir. Elə növbəti bənddə dünya elminə qədim türk mədəniyyətinin izləri kimi məlum olan at və qoç fiqurları Kürdoğlunun “kökünün, əqrəbasının” türklər olduğu ortaya çıxır və şair bunu ötən əsrin 70-ci illərində çəkinmədən, fəxrlə deyir:

Neçə daşda qalır hələ köhlən surəti,
Qılıncını hazır tutan bir əl də vardır.
Alaçıqlar övladının nəymiş adəti,
Şir boyunlu, qoç buynuzlu heykəl də vardır…
(“Köçəri qəbristanı”, 1978)

Bir türkçü idi Kürdoğlu. Orxon qayalarını əzəl kitabı, ulu “Dədə Qorqud”u özünün gözəl kitabı adlandırır, “Oğuz əri mənəm, hun əri mənəm” deyirdi:

Peyvənddir millətim mənim (yəni cır deyil – G.Y.),
Kökündə oğuz dayanıb…
(“Köküm üstə”, 1988)

Hüseyn Kürdoğlu ulu babalarının köçüb gəldiyi Qaradağa xəyali səfəri zamanı yazdığı “Ulu babam ocağına gəlmişəm” (1991) şeirində Sovetlər Birliyinin bir qəfəs olduğunu bildirir və onun dağılmasını bülbülün qəfəsdən qurtulmasına bənzədir:

Təzələnib gözüm, könlüm, nəfəsim,
Sanki uşaq həvəsidir həvəsim.
Bir bülbüləm, açılıbdır qəfəsim,
Qurtulmuşam, gül bağına gəlmişəm.

O, Güney Azərbaycanla Quzey Azərbaycanın bir olduğunu, yenə nə vaxtsa birləşəcəyini düşünür, arzulayır və bu arzusunu şeirlərinin leytmotivinə çevirir:
Çaylar kimi arzusu gur vətənin,
Əməli pak, istəyi nur vətənin,
Bir torpağın, bir elin, bir vətənin
O dağından bu dağına gəlmişəm.

Adam var şəhərə tez uyğunlaşır. Adam da var, Hüseyn müəllim kimi, lap elə mənim özüm kimi də ömrü boyu “kəndçi” olaraq qalır, daim içində bir kənd həsrəti yaşadır. Belə adamlar bəlkə də bundan sonra kənddə yaşaya bilməzlər. Həyatları, işləri, məşğuliyyət sahələri, çevrələri şəhərlə bağlıdır. Amma ölənə qədər “kəndim, dağım, daşım” deyib dururlar. Bəlkə də bu təbiətə vurğunluqla, insanın daxili dünyasının genişliyi və ruhunun azadlığı ilə bağlıdır… bilmirəm. Kəndimizin haradasa uzaqlarda da olsa sadəcə varlığı bizə bir rahatlıq hissi gətirir. Onun yoxluğu isə!!!…
Bu yoxluqla Hüseyn Kürdoğlu da barışa bilmir, sanki bir əzizini itirmiş kimi kəndinə ağı deyir: “Mənim əsir düşən doğma kəndim, əziz ata yurdum, isti ana beşiyim, sinəsinə çalın-çarpaz dağlar çəkilən nisgilli gözəlim Əhmədli!..”
Hüseyn Kürdoğlunun şeirləri, görkəmli ədəbiyyatşünas alimimiz Qasım Qasımzadə demişkən, həqiqətən “klassik poeziyamızdakı poetik leksikonun ərəb-fars tərkiblərinə məxsus mücərrədliyi danışıq dilimizin “hərarətli, canlı ifadələri ilə əvəz etmişdir”. Şairin təcnisli dördlükləri Azərbaycan türkcəsinin bütün incəliklərini bir daha vurğulayır, üzə çıxardır:
Yaman divan tutdu ceyrana yağı,
Demədik hayıfdır ceyran, a yağı?
Biryolluq kəsildi Mildən, Muğandan,
Qamçıya sar oldu ceyran ayağı.
Hüseyn Kürdoğlu dahi şairimiz Səməd Vurğunun “Ceyran” şeirindən sonra dilin gözəlliyini, imkanlarını göstərməklə yanaşı, həm də Mildə, Muğanda cərəyan edən acı həqiqətləri ortaya qoyur. O da bir həqiqətdir ki, bir çoxları qamçılarına öldürdükləri keçi, ceyran ayağını sar edirdilər.
Hüseyn Kürdoğlu hal əhli idi. Şeirlərini də hallarına uyğun yazardı. Oturub düşünməzdi ki, filankəsə və ya filan şeyə necə şeir yazım. Bəzən şeirlərində rast gəldiyimiz kəskin ifadələr, yüksək emosionallıq onun səmimiyyətindən, təbiətin özü qədər sadəliyindən xəbər verir, qoyulan məsələ ilə bağlı dediyi hər kəsərli söz oxucunun ürəyindən olurdu:
Hər şeydən var gözlə, var um deyirsən,
Mən dəmi bu yola varım deyirsən?
Rüşvətlə yığdığın iyrənc pullara
Utanıb ölmürsən, varım deyirsən?!..

Hüseyn Kürdoğlunun şeirlərindən Aşıq Ələsgər, Sarı Aşıq, Səməd Vurğun, Vaqif avazı gəlir. Deyişmələri məclisə çıxarılsaydı, çox aşıqlar sazsız qalardı. Təsadüfi deyil ki, o özü də “Şəyird olam Ələsgər tək şirə mən!” deməklə doğrudan da özünün Ələsgər ruhlu olduğunu bilirdi. Əli Qurban Dastançı ilə deyişmələri eyni maraqla oxunur. Dil, üslub, hərbə-zorbalar, deyişmənin bütün gözəllikləri var bu şeirlərdə. O da təsadüf deyil ki, əksər ədəbiyyatşünaslar onun yaradıcılığındakı “Ələsgər lirizminin, Səməd Vurğun dilinin epik təbiiliyini” xüsusi vurğulayırlar. Və bütün bunların da təsadüf olmadığını Hüseyn Kürdoğlu dahi Səməd Vurğunla görüşündən aldığı təəssüratların təsiri bir daha təsdiq edir:
… Salonun qapısı açılır bu an,
Sanki ağ zirvəli bir dağ görünür.
Talıstan cüssəli sadə bir insan,
Dalğalı saçları dümağ görünür…

İlk dəfə görürəm, dostlar, bu axşam
Elin şair oğlu Səməd Vurğunu.
Mən bu xatirəmi yaşadacağam
Könül rübabımda ömrüm uzunu…

(“Görüş xatirəsi”, 1954)

2011-ci ildə Hüseyn Kürdoğlunun iki cildlik “Seçilmiş əsərləri” işıq üzü gördü. Bu cildlərdə doğulandan dünyasını dəyişənə qədər, baş daşı üzərindəki o balaca qırıq xəttin içərisinə sığdırdığı böyük və zəngin ömrün hər anı öz əksini tapır. Elmin, texnikanın inkişaf elədiyi, bir ayın bir saat kimi sürətlə keçdiyi, sərin bulaqları soyuducudakı suyun, dağ havasını otaqlarımızdakı kondisionerlərin əvəz elədiyi şəhər mühitində şairin şeirləri bizi Azərbaycanın mənzərəli guşələrinə, başı qarlı dağlarına, buz bulaqlı yaylaqlarına aparır, yaddaşımızı təzələyir. Və bir də ulu türklərin torunları olmağımızla fəxt etməyə səsləyir türk oğlu türk Kürdoğlunun narahat ruhundan qopan, o dünyadan bu dünyaya uzanan yola inci kimi düzülən əbədiyaşar misraları!..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1181