Muəllif:

Dollar yenə təhdid mənbəyinə çevrilir

Həftə ərzində manatın dollara nisbətən bahalaşması davam edib. «İqtisadi forum» jurnalına görə, ABŞ valyutası Azərbaycanda son 14 ildə ən aşağı həddə düşüb. Yəni rəsmi məzənnə yanvarın 30-da 1 dollar üçün 78,44 qəpik təşkil edib. Bu son 14 ildə ən aşağı səviyyədir.
MB 23 mart 1999-cu ildə ABŞ valyitasının manata olan məzənnəsini 78,54 qəpik (3922 AZM) müəyyənləşdirmişdi. Sonralar dolların bahalaşması müşahidə edildi. Bu bahalaşma 2003-2004-cü illərdə 98 qəpik həddini də ötməyə müvəffəq olmuşdu. Ancaq sonrakı dövrlərdə dünya bazarlarında neftin bahalaşması və Azərbaycanda neft hasilatının artması manatın mövqeyini möhkəmlətdi.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dolların ucuzlaşmasını dünyada gedən proseslərlə izah edib. Onun sözlərinə görə, ABŞ-dan gələn bədbin statistik məlumatlar fonunda Avropa Mərkəzi Bankının sədri Mario Draqinin optimist çıxışı avronun bahalaşmasına rəvac verib. Deyir:
«2013-cü il başlayanda dollara münasibətdə avro kifayət qədər artım nümayiş etdirib. Əgər ilin əvvəlində 1 avronu 1,3 dollara satırdılarsa, indi bu göstərici 1,35 dollara kimi artıb. Artıq dünyada ABŞ dollarının avroya nisbəti son 14 ayda ən aşağı həddə düşüb. Dollar bir sıra aparıcı valyitalara nisbətən, o cümlədən, yapon iyenasına qarşı ucuzlaşıb».
Dünyada dolların ucuzlaşmasının Azərbaycana da təsir etdiyini bildirən ekspertə görə, MB hələki öz ehtiyatları hesabına manatın çox güclənməsinə imkan vermir. «Ötən ili 78,50 qəpiklə başa vuran dollar artıq 78,44 qəpiyə kimi ucuzlaşıb. 2013-cü ildə dollar 0,08% ucuzlaşıb. Halbuki bu müddətdə dünya bazarlarında dollar avroya nisbətən 2,3% ucuzlaşıb.»
İqtisadçı Vüqar Bayramov düşünür ki, ABŞ-ın dolları ucuzlaşdırmaq siyasəti Azərbaycanın ixrac imkanlarını məhdudlaşdıra bilər. Çünki Amerika xarici investisiya qoyuluşu baxımından Azərbaycanın əsas tərəfdaşlarından biridir. ABŞ dollarının dünya bazarında qiymətinin aşağı düşməsi, avro və digər valyutalara nisbətən məzənnəsinin ucuzlaşmasına isə təkcə ABŞ-Azərbaycan aspektində deyil, eyni zamanda, ölkəmizin digər ölkələrlə xarici ticarət aspektindən yanaşmaq lazımdır:
«Çünki dolların məzənnəsinin aşağı salınması manatın möhkəmlənməsi deməkdir. Manatın möhkəmlənməsi fonunda isə Azərbaycan məhsullarının dünya bazarına çıxış imkanları məhdudlaşır. Dünya bazarında məhsulların qiymətinin dollarla müəyyənləşdiyini nəzərə alsaq, bu mənada dolların ucuzlaşması siyasəti heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil. Belə olarsa, Azərbaycanın ixrac imkanları məhdudlaşar. Sözsüz ki, ABŞ dolların məzənnəsinin müəyyən intervala qədər düşməsində maraqlı ola bilər. Amma, eyni zamanda, dünyada yığımların 62 faizinin dolların payına düşdüyünü nəzərə alsaq, Amerikanın dolların kəskin aşağı düşməsində maraqlı olmadığını da görərik. Lakin dolların alternativsiz valyuta olaraq qalmasında maraqlı olan Vaşinqton heç zaman öz pulunun kəskin şəkildə aşağı düşməsini istəməyəcək. Ona görə də hələlik dolların məzənnəsinin salınması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir. Bununla belə ölkəmizin valyuta ehtiyatlarının 70 faizinin dollarla hesablandığını da nəzərə alsaq, həmin valyutanın məzənnəsinin aşağı düşməsində maraqlı deyil».
İqtisadçı ekspert Nazim Məmmədov öncə bildirdi ki, dünya ticarətində valyutaların strukturuna baxsaq, onun 70 faizindən çoxunun ABŞ dolları üzərində qurulduğunu görürük:
«Bəzi ölkələr, məsələn, Çin son illər ucuz işçi qüvvəsi və kifayət qədər vergi güzəştləri olduğundan ABŞ-ın da əsas şirkətlərinin istehsal sahələri bu ölkədə qərarlaşmışdı. Ümumilikdə Çinin son on ildə apardığı iqtisadi siyasət ixracı təşviq etməkdən ibarət idi. Çin öz valyutasını ucuzlaşdırmaqla nəzəri olaraq ixracı stimullaşdırırdı. Bir neçə ay bundan qabaq ABŞ prezidenti Barak Obama bir fikir səsləndirdi ki, keçən əsrin 70-90-cı illərində böyük şirkətlərin xarici ölkələrə sərmayə qoyuluşunu stimullaşdırdıqları halda, indi əksini edəcəklər. Əsas iş yerlərinin ölkədə açılması və xaricdəki şirkətlərin yenidən Amerikaya qayıtmasını stimullaşdıracaqlar. Bu ondan xəbər verir ki, artıq Amerika öz daxilində iş yerlərinin stimullaşdırılması istiqamətində addımlar atmağa girişib. Müxtəlif Amerika şirkətləri artıq Çindəki istehsalını bağlamaqla məşğuldur. Çünki orada tədricən işçi qüvvəsi və enerji daşıyıcılarının da qiyməti artır və maya dəyəri əvvəlki kimi sərf etmir. Bu da Çindən müxtəlif istehsal sahələrinin çıxmasına rəvac verə bilər».
ABŞ-ın dolları ucuzlaşdırmaq siyasətinin Azərbaycana nə verə biləcəyinə gəldikdə ekspert ölkəmizin alıcılıq qabiliyyətinin düşə biləcəyini vurğuladı:
«Azərbaycanın xarici valyutada saxlanılan rezervləri var. Bunlar MB ilə Dövlət Neft Fondunun rezervləridir. Amerikanın dolları ucuzlaşdırmaqla ixrac imkanlarını artırması ölkəmizin alıcılıq qabiliyyətinin düşməsinə rəvac verə bilər. Ancaq Azərbaycanın da özünəməxsusluğu var. Bu da ondan ibarətdir ki, ölkəmizə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutadan dəfələrlə çoxdur. Çünki ölkəmizin əsas ixrac məhsulu neft və neft məhsullarıdır. Neft məhsulu isə dollarla satıldığından onun ölkədə sterizasiya olunub sonradan başqa maliyyə resurslarında saxlanılması baş verir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163