Muəllif:

500 min vətəndaş mina təhlükəsi qarşısında

BMT-nin Azərbaycan və Ermənistan nümayəndəlikləri minaların təmizlənməsinə dair mövcud konvensiyaların icrası və ən əsası, bu ölkələrin həmin sənədlərə qoşulması üçün heç bir iş görməyib. Azərbaycanda isə bu günə qədər fəaliyyət göstərən BMT-nin ölkə üzrə rezident-əlaqələndiricilərinin heç biri bu təşəbbüslə çıxış etməyib.

APA-nın məlumatına görə, bunu «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İB sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, vəziyyət belə davam etdikcə Azərbaycan və Ermənistanda minalardan zərər çəkənlərin sayı azalmayacaq:

«Ən çox ağırlıq isə Azərbaycanın üzərinə düşür. Çünki hərbi əməliyyatların, demək olar ki, bütün hissəsi Azərbaycan ərazilərində gedib. Buna görə də BMT rezident-əlaqələndiriciləri bu ölkələrin adıçəkilən konvensiyaya birgə imza atması istiqamətində irəliləyiş əldə olunmasına cəhd etməlidirlər».

Misal olaraq, Səfixanov Türkiyə ilə Yunanıstanın uzun sürən münaqişədən sonra birlikdə minaların tətbiqini qadağan edən konvensiyalara qoşulduqlarını da xatırladıb.

Səfixanov onu da bildirib ki, Azərbaycan Kasetli Silahların Ləğv edilməsinə dair Konvensiyaya, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (PƏMQOU BK) Ottava konvensiyasına, o cümlədən «Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması» haqqında 1997-ci il BMT Konvensiyasına qoşulmayıb. Buna baxmayaraq, Azərbaycan bu Konvensiyanın tələb etdiyi bəzi məsələləri həll etməkdədir.

Səfixanov Azərbaycanın minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırdığını, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarını həyata keçirdiyini və mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər gördüyünü də xatırladır.

O əlavə edib ki, hər gün 500 min Azərbaycan vətəndaşının mina və partlamamış hərbi sursat təhlükəsi ilə rastlaşmaq ehtimalı mövcuddur:

«Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çox olmasını nəzərə alaraq Minalar Əleyhinə Azərbaycan Kampaniyası inanır ki, hər iki ölkə bu məsələni bir daha nəzərdən keçirərək bu Konvensiyaya qoşulacaq və ölkədə minaların yaratdığı problemlər birdəfəlik həll olunacaq».

Səfixanov PƏMQOU BK Ottava Konvensiyası üzrə növbəti illik hesabatı təqdim edərkən söyləmişdir ki, Konvensiyaya üzv ölkələrin sayı artaraq 160-a çatıb. Onun sözlərinə görə, konvensiyaya qoşulan ölkələrdə əvvəllər minalanmış olan yüz min kvadratkilometrlərlə ərazilər təmizlənib və insanların istifadəsinə verilib:

«87 ölkə arsenalında olan 46 milyon minanı məhv edərək öz arsenalında mina saxlamayıb. Dünya üzrə həyata keçirilmiş 37 layihə nəticəsində 325 000 piyada əleyhinə və 30 000 tank əleyhinə mina təmizlənib ki, bunun da nəticəsində 190 kvadratkilometr ərazi istehsala verilib».

Səfixanov ayrıca qeyd edib ki, ən əsası isə son il ərzində qeydə alınan yeni mina qurbanlarının sayı kəskin şəkildə azalaraq 4286 nəfərə çatıb. Ancaq bütün bunlara baxmayaraq, hələ də hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır: 2001-ci ildə isə bu rəqəm 32 olub…

Hesabat dövründə minalarla mübarizəyə yerli və beynəlxalq donorlar tərəfindən 662 milyon ABŞ dolları vəsait ayrılıb. Dünyanın 36 ölkəsi — Cənubi Qafqaz ölkələri bura daxil olmaqla, hələ də bu Konvensiyaya qoşulmayıb. Yalnız Suriya minalardan istifadə edib».

Səfixanov 2012-ci il üçün minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının da statistikasını açıqlayıb:

«Aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2012-ci ilin 11 ayı ərzində 14 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə 2 mülki şəxs həlak olub və 4 mülki şəxs (bir nəfər 15 yaşlı uşaq olmaqla) yaralanıb. Bundan başqa, 3 nəfər hərbçi həlak olub və 6 nəfər hərbçi yaralanıb».

O qeyd edib ki, 2012-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Goranboy (4 hadisə), Füzuli (3 hadisə), Tərtər (3 hadisə), Ağdam (3 hadisə) və Tovuz (1 hadisə) rayonlarının ərazisində baş verib:

«Müqayisə üçün bildirmək istərdik ki, 2011-ci ilin analoji dövründə 3 nəfəri mülki şəxs olmaqla 4 nəfər həlak olub və 6 nəfər (3 nəfəri mülki şəxs) yaralanıb».

Səfixanov minadan zərər çəkənlərə faizsiz maliyyə vəsaitlərinin ayrılması ilə bağlı layihənin həyata keçirildiyini söyləyib. Mina qurbanlarına faizsiz maliyyə vəsaitlərinin verilməsi layihəsinin növbəti fazası uğurla başa çatdırılıb. Layihənin ümumi məbləği 16677 avro olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 215