Muəllif:

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 14.12.2018 tarixli buraxılışlarında)

Adil İskəndərov xeyli yerindən tərpənmədi, nə edəcəyini, hara gedəcəyini düşünür, heç cür qərar verə bilmirdi. Bəlkə, axtarıb Səməd Vurğunu tapsın, məsələni şairə açsın? Tapıb nə deyəcəkdi? Şair onu lağa qoymazdımı ki, “ayə, bir divar yazısına, iki avara tənqidçinin pıçıpıçısına görə niyə özünə əl qatmısan? Bə mənim başıma gətirilənləri danışsam, dəli olarsan ki!” Yox, yaxşısı evə qayıtmaq, çalışıb yuxuya getmək idi. Adam yorğun olanda iradəsi zəifləyir, qara-qura fikirlər beyninə tez yol tapır.

Məntiqnən, teatrda peyda olmuş kapitanla onun çopur köməkçisindən başqa, həqiqətən, narahatçılığa real əsas yox idi. Amma Bədaye teatrında Nemiroviç-Dançenko məktəbini keçmiş Adil İskəndərov “rejissor niyyətinin”, “aktyorları rejissor sözü ilə yoluxdurmağın” nə demək olduğunu yaxşı bilirdi. Şayiələrin gücünə, onların çox vaxt “aşağılar”da yaranıb “yuxarılar”a deyil, əksinə, “yuxarılar”da düşünülüb “aşağılar”a ötürüldüyünə bələd idi. Özü işdə bu prinsipdən aktyorları “yoluxdurmaq” üçün istifadə edirdi. İndiki halda da əsl “rejissor”un kim olduğunu və onun niyyətini təsəvvürünə gətirməyə çalışırdı. Buna görə yata bilmir, yerində qurcalanırdı: gözünü yuman kimi bütün təsəvvürləri bir konkret obraza çevrilirdi.

Rejissor yalnız səhərə yaxın yuxuya getdi. Buna baxmayaraq, yerindən həmişəki vaxtda qalxdı. Üç saatlıq yuxu ona bəs eləməmişdi, beyni dumanlı idi. Adil İskəndərov pəncərəyə yaxınlaşıb bayıra baxdı. Küçənin bir tərəfində, çörək mağazasının qarşısında itələşən və ağızlaşan arvadlar, o biri tərəfində, üzərində “Tabak”[1] yazılmış köşkün qarşısında qaşqabaqlı kişilər uzun növbəyə dayanmışdılar. Köşkün böyründə qoca ayaqqabıtəmizləyən yeşiyin üstündə oturub məlul-məlul müştəri gözləyirdi. Ətrafında yanlarını basa-basa göyərçinlər hərlənir, qoca hərdən təpik atıb onları qovurdu. Tində çirkli xalatlı kök qadın “Pi-i-rojki! Pi-i-rojki!” deyə alıcı səsləyirdi. Ancaq hamı ondan yan keçirdi. Şabalıdqovuran oğlan sobasını işə salmağa çalışırdı, niyəsə alınmırdı və o hirslənir, acığını “aerodrom” kepkalı yoldaşından çıxırdı. Bom-boz həyat adi qaydada davam edirdi.

Adil İskəndərov gərnəşib yuyunmağa getdi.

 

İkinci səhnə.
27 sentyabr, 1938-ci il, çərşənbə axşamı

Vaqifə ölüm hökmü kəsib onu zindana göndərəndən sonra xəstəhal Qacar səhnədə vurnuxur, gah dəlicəsinə gülür, gah nəbzini yoxlayır, sanki sayıqlayırdı. Sonda hökmdar taqətsiz vəziyyətdə qılıncına söykənib qalırdı.

Nə deyim, nə deyim tale deyənə?
Könlüm ayrılmayır xanimanından,
Gözlərim doymayır insan qanından.
Bu nədir, canımda üşütmələr var?
Aha… nə dərindir bu uçurumlar?..
Gözlərim qaralır… aman… ölürəm…
Ha… ha… ha… Bu nədir, yoxsa gülürəm?
Günahsız qanlarmı gözümə durur?
Yox, yox! Hələ qəlbim qaydayla vurur,
Xeyr, ölməmişəm, hələlik sağam,
İndi mən ölümlə çarpışacağam.

Bu yerdə Sidqi Ruhullanın rolu bitirdi və o, bir də səhnəyə yalnız axırda, tamaşaçılara baş əymək üçün çıxırdı.

Hətta “düşmən gözü” ilə baxanda da Adil İskəndərov burada nə müəllifin, nə rejissorun hansısa gizli məqsəd güddüyünü söyləməyə əsas tapmırdı. Qacar bəxtindən şikayətlənirdi, ardınca qaçaqların düşərgədə söhbəti, Vaqifin oğlunun edamı, iki dostun – Vaqiflə Vidadinin vidalaşması və sonda şairin ölümü səhnələri gəlirdi.

Qoy ağzıgöyçəklər nə deyirlər, desinlər. Bağırov yoldaş özü gəlib hər şeyi görəcək, şayiələrin yersiz olduğunu anlayacaq!..

Nəhayət, tamaşa ictimai baxışa tam hazır oldu. Adil İskəndərov qarşısındakı rejissor masasının üstünə səpələnmiş kağızlarını yığıb qovluğa qoydu, ayağa qalxdı. Hamı ilə sağollaşdı və assistentinə baxdı. Turabov bu baxışın mənasını dərhal başa düşdü: yəni, bundan sonrası sənlikdir, nə sualın varsa, soruş.

— Ədil Rzayeviç?

— Buyur, qadam.

— Qonaqların qarşılanması, zalda əyləşdirilməsi ilə bağlı da bir tapşırıq olacaqmı?

— Zala biz baxmırıq, qadam, bizimki səhnədir.

Foyedə baş rejissor kapitanla üz-üzə gəldi. Bu gün səhərdən nə onu, nə çopur köməkçisini görmüşdü, axşama yaxın isə işə elə aludə olmuşdu ki, teatrda “kənar adamlar”ın mövcudluğunu tamamilə yaddan çıxarmışdı.

— Xoş gördük, Ədil Rzayeviç, — kapitan gülümsədi.

— Salam, — rejissor ağızucu cavab verdi.

— Deyəsən, hazırsınız? – kapitan nəzakətlə maraqlandı.

— Deyəsən. Sabah bilinəcək. – rejissor söhbəti uzatmaq fikrində deyildi.

— Hə, düz deyirsiniz, sabah çox şey bilinəcək, — kapitan mənalı-mənalı başını yellədi. — Hər halda, mən söz verdiyim kimi, sizə heç bir maneçilik yaratmadım.

— Təşəkkür edirəm.

— Amma heyif, siz vədinizə əməl etmədiniz, — kapitan eyni nəzakətlə bir də gülümsədi.

— Sizə nəsə vəd etdiyim yadıma gəlmir, — rejissor mızıldandı. — Nəyi nəzərdə tutursunuz?

— Şərt kəsmişdik ki, bir-birimizə mane olmayaq. Cavan aktrisanıza suallarım vardı. Dedilər, icazə vermisiniz, gəlməsin. Olub? – kapitan rejissorun gözlərinin içinə baxdı. O, hələ də gülümsəyirdi.

— Əvvəla, mən sizinlə şərt kəsməmişəm. – Adil İskəndərov əsəbiləşməyə başladığını hiss etdi. — İkincisi, Mədinəni deyirsinizsə, xəstələnib.

— Ədil Rza-a-yeviç… – kapitan məzəmmətlə başını yana əydi. — Axı bilirsiniz ki, bunu yoxlamaq mənim üçün su içmək qədər asandır…

— Üçüncüsü… – rejissor onun sözünü kəsdi. – Üçüncüsü, mənə aid nə sualınız varsa, bundan sonra birbaşa özümdən soruşun.

— O-o-o! Görürəm, siz bizim söhbətin məzmununu da bilirsiniz. Nahaq belə eləyib, axı mən xəbərdar etmişdim.

Rejissor dilini dişlədi.

— Ədil Rzayeviç, mən sizin istedadınızın vurğunuyam, — kapitan sözünə davam etdi. — Özünüzü də çoxdan tanıyıram. Hələ Moskvada Bədaye teatrında təcrübə keçdiyiniz illərdən.

— Moskvadan?

— Bəli, bəli. Mən də o illər paytaxtda çalışmışam. Əslində, elə indi də oradayam. Bakıya isə bir qrup həmkarımla təcrübəmizi bölüşməyə, buradakı işi gücləndirməyə gəlmişik.

— Bakı da paytaxtdır.

Kapitan “düzəlişi” qulaqardına vurdu.

—  Moskvada bizim şöbə Maarif komissarlığının Teatrlar idarəsi ilə, birbaşa teatrlarla işləyir.

Adil İskəndərov diksindi. O, “işləmək” kəlməsini belə məzmunda ilk dəfə eşidirdi. Kapitan rejissorun halındakı dəyişikliyi sezib məmnun qaldı və daha da həvəsə gəldi:

– Bədaye teatrı mənim kurasiyama aid idi. Odur ki, mən bu sahədə çox məlumatlı adamam… Necə sübut edim?.. Məsələn, sizin 1935-ci ildə Yasnaya Polyanaya[2] getdiyinizi, orada İqor İlyinski ilə görüşdüyünüzü bilirəm.

Kapitan sözünə ara verdi. Adil İskəndərov bir anlığa tutuldu. Amma yenə özünü itirmədi, qısa pauzadan sonra inamla dedi:

— Mən ora gəzməyə getməmişdim. Teatr göndərmişdi.

— Bilirəm, Ədil Rzayeviç, bilirəm. İnanın ki, biz çox şeyi bilirik. Etdiklərinizdən, etməyə hazırlaşdıqlarınızdan, edə biləcəklərinizdən, hətta hələ özünüzə məlum olmayan niyyətlərinizdən xəbərdarıq. Yeri gəlmişkən, sizi ora ezam etmiş adam, teatrın direktoru Arkadyev artıq ifşa olunub. Eşitməmisiniz, ötən il Polşa casusu kimi güllələnib? Mən bunları niyə xatırladım? Hə, demək istəyirdim ki, sizi tanıyıram və bir eloğlu kimi, istedadınıza vurğunam. Hansı tamaşaya necə quruluş verməyi sizə məsləhət görmək heç vaxt ağlıma gəlməz. Amma siz də, Ədil Rzayeviç, hansı sualı nə vaxt, kimə verməyi gərək mənə öyrətməyəsiniz.

— Mən bacarmadığım və heç vaxt bacarmayacağım işi özgələrinə öyrətmərəm. Sadəcə, deyirəm ki, mənə aid olan məsələni özümdən soruşun: nə başqasına hədə-qorxu gəlin, nə də divarları korlayın. Ən azı, ədəb qaydaları bunu tələb edir.

Sonuncu cümlə kapitana bərk toxundu. O, rejissorun sözlərində açıq eyhamlar duydu.

— Vaxtı çatanda soruşarıq, heç şübhəniz olmasın. – Kapitanın sifəti çöndü, o, rus dilinə keçdi. – Вы не торопите события, Адиль Рзаевич. И не волнуйтесь так, говорю это вам как бывший врач. Здоровье вам еще пригодится. Если повезет, конечно. Да и завтра ведь у вас тяжелый, очень тяжелый день![3]

— Teatra gəlmisinizsə, bu o demək deyil ki, mənimlə oyun oynamalısınız!..

İkinci mərtəbənin məhəccərindən yarıya qədər başıaşağı sallanmış katibə vaxtında mübahisəyə müdaxilə etdi:

— Adil Rza-ayeviç, — qadın sözləri sındıra-sındıra rejissoru çağırdı. – Dire-ektor sizi qyormek isteyir.

***

Təxminən yarım saatdan sonra rejissor kabinetinə qayıtdı, otağın pəncərəsini açdı, yağışın “suya çəkib” hisini-tozunu yuduğu havanı içəri buraxdı. Küçə fənərləri artıq yanırdı.

— Sən bunun sözünə bax! — o, kapitanın qarasına deyindi. – “Завтра у вас очень тяжелый день”! Bıçağı hardan vurmaq lazım olduğunu bilir! İlyinskini boş yerə xatırlamadı… Gərək mən də onu haldan çıxartmayaydım…

Adil İskəndərov yazı masasının arxasına keçdi, kreslosuna oturub ayaqlarını uzatdı, başını arxaya atdı.

Hələ 1935-ci ilin sentyabrında, “Anna Karenina” tamaşasının premyerasından təxminən ilyarım qabaq Vladimir Nemiroviç-Dançenko məşhur romanı səhnələşdirməyi qərara almışdı. Tolstoyun bu əsəri əsasında dramaturq Volkovun teatr üçün hazırladığı pyes onun xoşuna gəlməmişdi. Vladimir İvanoviç başqa şey tələb edirdi: riyakarlığın hökm sürdüyü cəmiyyətdə insan səmimiyyətinin faciəvi aqibətini daha qabarıq göstərmək istəyirdi. Ona görə də bütün teatr yaradıcılıq axtarışına cəlb olunmuşdu. Hamı, rejissorlardan tutmuş qapıçıya qədər, Anna Karenina oxuyurdu, vaxtaşırı kollektiv müzakirələr keçirilirdi. Romanın teatr kitabxanasında saxlanılan nüsxələri əldən-ələ gəzirdi. Nemiroviç-Dançekonun ikinci rejissor təyin etdiyi Saxnovski geniş iş planı tutmuşdu: qiraət axşamları, mütəxəssislərlə görüşlər, XIX əsrin 70-ci illərinə aid memuarların, rəsm əsərlərinin, davranış qaydalarının, geyim dəblərinin öyrənilməsi… Planda Tolstoyun Yasnaya Polyanadakı ev-muzeyinə səfər də nəzərdə tutulmuşdu. Oradakı materialları, Lev Nikolayeviçin gündəliklərini, məktublarını araşdırmaq lazım idi. Bunu kimə tapşırmaq məsələsi ortaya çıxanda teatrda təcrübə keçən gənc tələbə-rejissor Adil İskəndərov, əlbəttə ki, birinci yada düşmüşdü. İlin ən xoşagəlməz çağı idi: paytaxtda isti evi ola-ola əyalət şəhərinin soyuq mehmanxanasında gecələr nəm yorğana bürünüb yatmaq, selləmə yağışların bərbad hala saldığı palçıqlı yollarla hər gün Tuladan Yasnaya Polyanaya təpik döymək istəyən moskvalı çətin tapılardı.

Tolstoyun ev-muzeyinin elmi işçisi İqor Vladimiroviç İlyinski qonağı çox mehriban qarşıladı. Aralarındakı otuz yaş fərqə baxmayaraq, zadəgan əsilli alimlə bəy ailəsindən çıxmış tələbə-rejissorun təbiəti uyğun gəlirdi. İqor Vladimiroviç qonağı mehmanxanada qalmağa qoymadı. Gündüzlər onlar muzeydə işləyir, axşamlar uzun yolu söhbətləşə-söhbətləşə birlikdə evə gedirdilər.

İlyinski Tulada gimnaziyada oxuyanda Tolstoyla şəxsən tanış olmuşdu. Sonra Moskva universitetinin hüquq fakultəsini bitirmişdi. Məhkəmədə, mətbuat, təhsil və maarifçilik sahələrində çalışmışdı. Rus ədəbiyyatını maddə-maddə əzbərlədiyi Cinayət Məcəlləsi qədər gözəl bilirdi. Siyasət onu az maraqlandırırdı, ancaq ömrü boyu vicdanının səsinə qulaq asmış, düşündüyünü demiş və yazmışdı. Buna görə də çar vaxtı üç dəfə, bolşeviklərin hakimiyyəti dövründə dörd dəfə həbs olunmuşdu. İqor Vladimiroviç başına gələnləri ehtiyat etmədən Adil İskəndərova danışırdı. Bütün sirlərini yenicə tanış olduğu bir gəncə açacaq dərəcədə sadəlövh adam deyildi, sadəcə, heç kimdən, heç nədən çəkinmirdi. «Mən elə bir siyasi quruluşa rəğbət bəsləyirəm ki, orada insan şəxsiyyəti sinfi mənsubiyyətindən asılı olmayaraq azad və harmonik surətdə inkişaf edə bilsin» — bunu müstəntiqin üzünə demişdi. Tolstoy sağ olsaydı, onun taleyini mütləq qələmə alardı.

Çarizmdə İlyinskini “inqilabi fikirlərinə” görə tutub-buraxırdılar. Bolşeviklər isə onu 1922-ci ilin mayında “əksinqilabi fəaliyyətinə” görə həbs etdilər. Guya, Polşanın xeyrinə casusluq edirdi. Nə var, nə var, polyak vəkillə yazışırdı, bir dəfə də həmkarının yanına səfirliyə getmişdi. Amma sadiq dostları, o cümlədən Qorkinin arvadı zamin durub (Qorki xaricdə idi) alimi həbsxanadan çıxara bilmişdilər. Dindirmələr zamanı İlyinskinin “savadsız” adlandırdığı, əlindən şikayət yazdığı müstəntiq onu Lubyankadan buraxmağa məcbur olanda: “Biz hələ sizinlə görüşəcəyik”, — demişdi. Və vədinə əməl etmişdi.

İkinci dəfə Fövqəladə Komitədən İqor Vladimiroviçin dalınca 1924-ci ilin oktyabrında gəlmişdilər. Bu dəfə müstəntiq yaxşı hazırlaşmışdı: əlində daşdan keçən “dəlil” – İlyinskinin “Karl Marks və FK (Fövqəladə Komitə)” adlı məqaləsi var idi. Marksın müəyyən tezislərinin tənqidi “bolşeviklərin siyasi kursuna qarşı çıxış” kimi qiymətləndirilmişdi. Həyatının növbəti üç ilini o, Ural düşərgələrində və Solovkidə keçirəsi olmuşdu. Dostların gücü yalnız məhbusun saxlanma şəraitini yüngülləşdirməyə çatmışdı. Cəza müddəti bitdikdən sonra Tolstoyun qızı alimi Yasnaya Polyanaya çağırmışdı, ona atasının irsinin araşdırılması üzrə işi davam etdirməyə şərait yaratmışdı.

1933-cü ilin martında dan yeri sökülməmiş İqor Vladimiroviçin qapısı yenidən döyülmüşdü. Amma dəyanətli dostları və ali hüquqi təhsili olan bu adamla məsələni birdəfəlik çürütmək üçün istintaqa anonim məktublar kifayət etməmişdi. Aylarla sürən çəkişmələrdən sonra onu birtəhər müstəntiqin cəngindən qoparmaq olmuşdu.

Fasilə çox uzun çəkməmişdi: artıq İlyinski bütöv bir cəza aparatının düşməninə çevrilmişdi. Heç cür dilini dinc saxlamayan çəlimsiz professor FK-nın zorlu müstəntiqləri ilə “qaçdı-tutdu” oynayırdı. 1935-ci ilin aprelində bolşeviklər İlyinskini dördüncü dəfə zindana salmışdılar. Ona iş yoldaşlarının donosları əsasında “tolstoyçuluğa”, “antisovet çıxışlarına” görə ittiham irəli sürmüşdülər. İqor Vladimiroviç vətənə qayıtmış Qorkiyə məktub yazıb həbsxanada görüş vaxtı naməni gizlincə arvadına ötürmüşdü. Qorki birbaşa SSRİ Daxili işlər komissarı Yaqodanın yanına getmişdi. İlyinskini Moskvada və Moskvaətrafında yaşamaq hüququndan məhrum edib azadlığa buraxmışdılar…

Adil İskəndərov Tula səfərindən qiymətli materiallarla, eyni zamanda zəngin təəssüratlarla qayıtdı. Yasnaya Polyanada keçirdiyi dörd günü, professor İlyinski ilə söhbətlərini tez-tez yada salır, ətrafda baş verənlərə indi bir qədər fərqli gözlə baxırdı. Sonra diplom işi, buraxılış imtahanları başladı, Adil İskəndərov təhsilini yekunlaşdırıb Bakıya qayıtdı. Professoru o, 1936-cı ilin yayında, Qorkinin ölüm xəbərini eşidəndə xatırladı və tez də unutdu. Növbəti dəfə “İlyinski” soyadına Adil İskəndərov 1937-ci ilin dekabrında mərkəzi qəzetlərdən birində rast gəldi:

“İlyinskinin daxil olduğu əksinqilabi qrup vəzifə səlahiyyətlərindən və Yasnaya Polyanaya gələn xaricilərlə əlaqələrindən istifadə edərək, sovet dövlətinin maraqlarını satırdı; sovet hakimiyyətinə məkrli böhtanlar atırdı; partiya və hökumət rəhbərlərinə qarşı terror törətmək niyyətini ifadə edirdi; sadə adamların qayğılarına bolşeviklərin biganəliyi haqda təbliğat aparırdı… “Yasnaya Polyana” muzeyində yuva qurmuş tolstoyçuların əksinqilabi qrupunun fəal üzvü İ.V.İlyinski antisovet təbliğatı apardığına, partiyaya və sovet hökumətinə çirkin şər atdığına görə ölümə məhkum olunmuş və məhv edilmişdir. Sosialist vətənimizin uğurlarını gözü götürməyən, ona xain çıxan düşmənlərin axırı belə olur və həmişə belə olacaq!”…

“Doğrudan, kapitanı nahaq elə acıladım. Ehtiyatlı igidin anası ağlamaz…” Adil İskəndərovun yadında qalan son fikir bu oldu.

***

Küçədən gələn uca gülüş səsləri onu yuxudan ayıltdı. Niyə çarpayıda deyil, kresloda yatdığını yavaş-yavaş xatırlamağa başladı. Qalxıb pəncərənin qabağında dayandı. Yağış aram-aram çisələyirdi. Bir dəstə oğlan-qız Malıgin küçəsi ilə dənizkənarı parka tərəf gedirdi. Əsgər formasında, əlləri ciblərində məğrurcasına addımlayan gəncin çiynindən gitara, qolundan sarışın gözəl sallanmışdı. Yəqin, hərbi xidmətdən təzə qayıtmışdı. Haradasa yeyib-içənlərə oxşayırdılar, dünya veclərinə deyildi, bulvarda şənliyi davam etdirmək həvəsinə düşmüşdülər.

Rejissor pəncərəni örtdü, gözlərini ovxaladı, saatına baxdı. On ikiyə az qalırdı. Evə getmək, dincəlmək lazım idi. Adil İskəndərov plaşını götürüb bir qolunu keçirdi. Nəhayət, ikinci qolunu da tapıb geyindi. Əlini şlyapasına uzatdı və birdən dayandı. Dünən axşamkı əhvalat yadına düşdü. Ani tərəddüddən sonra o, şlyapanın ucundan tutub ehtiyatla qaldırdı. Sanki altında ilan yatmışdı.

… Nə ilan var idi, nə divardakı yazı.

Rejissor acı-acı gülümsədi.

O, teatrdan çıxıb sağa döndü. Küçənin hər iki tərəfində binaların əksəriyyəti qaranlığa bürünmüşdü. Səs-səmir kəsilmişdi. Şəhər artıq yuxulayır, növbəti iş gününə hazırlaşırdı. Fənərlərdən süzülən sarı işıq nəm asfalta qızılı ləkələr salırdı. Onlar okeanın içində yan-yana düzülüb sonsuzluğa qədər uzanan mərcan adalarına oxşayırdılar. Rejissor ayaqladıqca saydığı bu “adacıq”larla Kirov prospektində təzə köçdüyü evinə tərəf getdi. On yeddinci “adacıq”da tini buruldu və prospektə çıxdı. Tramvay relslərinin içi ilə əlləri belində üzüyuxıra qalxdı. “Forum” və “Nizami” kinoteatrlarının arasında tramvay xətti sağa əyilirdi və o, səkiyə adladı.

Adil İskəndərovun yaşadığı binanın qarşısında, ağacın altında boz pencəkdə kimsə daldalanmışdı. Rejissor onun bərabərinə çatanda pencəkli adam sığınacağından çıxdı.

— Gecəniz xeyir, Ədil Rzayeviç.

— Bıy, qadam? Sən burda nə gəzirsən? – Rejissor tələbəsi Əşrəf Sultanovu tanıdı.

— Sizi gözləyirəm, müəllim.

– Məni neynirsən? Sabah teatrda görəcəksən, nə sözün var, deyərsən. Suyun süzülür, xəstələnərsən. Qaç evə!

— Elə evdəydim. Bizim Həsənağa gəlib çıxardı. Məni yanınıza o göndərib. İki saatdı qapınızın ağzını kəsdirmişəm.

Həsənağa Salayev, Əşrəf Quliyev və Əşrəf Sultanov Teatr texnikumunda Adil İskəndərovun tələbələri idilər. Üçü də istedadlı uşaqlardı, üstəlik birincisinin gözəl səsi, ikincisinin rəssamlıq qabiliyyəti vardı, üçüncüsü tar çalırdı. Rejissor onları Dram teatrında “kütləvi səhnələr aktyoru” kimi işə düzəltmişdi. Həm cibləri az-çox pul görərdi, tələbə babalardı, həm də indidən təcrübə toplayardılar. “Vaqif”in məşqlərinə başlayan vaxtlarda Adil İskəndərov teatrın qabağında üç dostu söhbət eləyən yerdə görmüşdü. Əşrəf Sultanov arxadan kəmərinə tütək keçirmişdi. “Qadam, o nədi toqqana taxmısan?”, rejissor maraqlanmışdı. “Tütəkdir, müəllim”, — Əşrəfin əvəzinə Həsənağa cavab vermişdi. “Əlindən gəlir, yoxsa fors üçün gəzdirirsən?” “Ustasıdır”, – yenə diribaş Həsənağa utancaq dostunu qabaqlamışdı. “Hə, onda sabahdan məşqə gəl. Eldarın dəstəsində mənə bir tütəkçalan lazımdır. Siz də gəlin, qaçaqlara qoşularsınız”. Günlərin birində Həsənağa məşqə gecikmişdi, buna görə rejissor onu kütləvi səhnədə iştirakdan da kənarlaşdırmışdı, amma yazığı gəlmişdi, işdən çıxartdırmamışdı.

— Nə istəyir Həsənağa, niyə qoymur yatasan? – Adil İskəndərov üz-gözünü turşutdu.

Əşrəf bir az da irəli gəldi.

— Müəllim, bu axşam komsomol təşkilatının katibinin otağında aktivi yığıblar. NKVD-dən gələnlər də orada olub. Sizin məsələnizi müzakirə ediblər. – Oğlan rejissora lap yaxın durdu və səsini alçaltdı. – Əksinqilabçı kimi. Sizi partiya və sovet rəhbərlərinə böhtan atmaqda günahlandırırlar. Guya “Vaqif” buna birbaşa sübutdur, guya o dövrlə bizim dövrün parallelini aparırsınız. Demək istəyirsiniz ki, Qacar kommunist liderlərinin, Vaqif – onların Azərbaycanda tutduqları, güllələdikləri, sürgünlərdə çürütdükləri şair-yazıçıların timsalıdır. Teatrda komsomolçuların ümumi iclası keçiriləcək. Hər şey hazırdır: çıxışçılar müəyyən olunub, protokol tərtib edilib. Bircə qol çəkmək qalır. Sabah qapalı baxışdan sonra plan işə düşəcək…

— Sən orada olmusan? – Adil İskəndərov boğuq səslə soruşdu.

— Yox, mən aktivə daxil deyiləm. Bəy oğlu olduğum üçün etibar eləmirlər. Həsənağa olub. Dedi, mən özünə yaxınlaşa bilmərəm, görsələr, şübhələnərlər. Sən xəbərdar elə. Müəllim, nə mən sizi görmüşəm, nə siz məni. Yaxşı?

— Yaxşı. — Rejissor tələbəsinin çiyninə toxundu. – İkiniz də çox sağ olun. Sən də, Həsənağa da. İndi isə qayıt evə.

Əşrəf bir neçə addım atıb dayandı. Sanki belə xəbərdən sonra Adil İskəndərovu yolun ortasında qoyub getməyi ilə o da həmin bədnam protokola səs verirdi.

— Müəllim, bu işlərin axırı necə olacaq?

— Hələ bilmirəm. Qaç, soyuqlayarsan. Yoxsa sabah tütəyi kim çalacaq?

Tələbəsi uzaqlaşana qədər Adil İskəndərov küçə qapısında gözlədi. Oğlan yolayrıcına çatıb sağa-sola boylandı. Rejissor şübhələndi: gecənin bu vaxtı Əşrəf qaranlıqda kimi axtara bilərdi? Fit səsi eşidildi. Oğlan küçəni keçdi. “Forum” kinoteatrının yanında tindən iki nəfər işığa çıxıb ona qoşuldu. Rejissor, Həsənağa Salayevlə Əşrəf Quliyevi gendən tanıdı. Bildi ki, belə məqamda özləri yaxınlaşmağa ürək eləməsələr də, dostlarını görüşə tək yollamayıblar. Adil İskəndərov başını buladı, binaya daxil oldu və ağır-ağır pilləkənləri qalxmağa başladı. Mənzilinin qarşısına çatanda ağlına nə gəldisə dabanı üstə geri fırlandı…

 

(ardı var)

[1](rus.) tütün

[2]Rusiyada Tula şəhəri yaxınlığında yazıçı L.N.Tolstoyun mallikanəsi, ev-muzeyi.

[3](rus) “Siz hadisələri qabaqlamayın, Adil Rzayeviç. Və belə həyəcanlanmayın, bunu keçmiş həkim kimi deyirəm. Sağlamlığınız hələ gərəyiniz olacaq. Əlbəttə, bəxtiniz gətirərsə. Həm də sabah sizi çətin, çox çətin bir gün gözləyir!”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 726