Muəllif:

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 tarixli buraxılışında)

 

Araya sükut çökdü. Adil İskəndərov masanın üstündən qələm götürüb onu əlində fırlada-fırlada fikrə getdi.

“Səni bura kim gətirib?.. Hm, nəyə işarə etdiyi aydındır… Görən, qorxudur, qızı yola gətirmək üçün belə deyir, ya məsələ daha qəlizdir? Qəlizdirsə, bu bədbəxtin dadına Tanrıdan başqa heç kim yetişə bilməz. Biz bəndələr nəkarəyik?!”.

Yunan əsilli zərif Panfiliya təcrübəli aktrisa idi, türk, gürcü, rus dillərini təmiz bilirdi, Tiflis, Bakı teatrlarında onlarla tamaşada oynamışdı. Adil İskəndərov da 1936-cı ildə səhnələşdirdiyi ilk tamaşasında – “Polad qartal” dramında ona rol vermişdi. Panfiliya Zəngəzurda doğulmuşdu – ailəsi buraya Qarsdan köçmüşdü — və Bakıda “Sürəyya Zəngəzurskaya” təxəllüsü ilə tanınırdı. Həm də çox gözəl rəqs edirdi. On səkkiz yaşlı Mədinə günaşırı onun evinə gəlir, rəqs dərsi alırdı. Əvvəllər şən, ünsiyyətcil, son vaxtlar isə həmişə qəmgin Panfiliyanın qonşu həyətdə anası ilə yaşayan bu qıza meyl salmasının səbəbi bilinmirdi. Amma aktrisa yarına-yaraşığına, çalışqanlığına heyran qaldığı tələbəsini tez-tez tərifləyirdi, həbs olunmamışdan üç ay əvvəl onu yanına salıb teatra gətirmişdi, rejissora göstərmişdi. Mədinə “kütləvi səhnələr aktyoru” kimi işə götürüldükdən sonra da Panfiliya qızı himayə edirdi. İnanırdı ki, tələbəsinin səhnə gələcəyi var, hərçənd, rejissor onda xüsusi istedad görmürdü. Amma Panfiliya gələn il özü əlindən tutub qızı Moskvaya instituta aparacağını deyirdi. Vəziyyət bircə gecədə dəyişdi. Dekabrın 16-sı səhər – aktrisanın ad günündə — xəbər çıxdı ki, gecəynən onu evindən aparıblar. Kim bilir, bəlkə, dalınca gələnlər elə bu kapitanla çopur köməkçisi imiş? Doqquz ay idi, Panfiliyadan soraq çıxmırdı. Heç kim heç bir izahat vermirdi, heç kim də heç nə soruşmurdu. Şayiə gəzirdi ki, Tanailidi “casus” çıxıb…

— Ədil Rzayeviç, indi mən nə edim? – aktrisa zarıdı.

Rejissor qələmi masanın üstünə atıb gözaltı Mədinənin enib-qalxan sinəsinə, uzun boynuna, yumru çənəsinə, səyriyən dodaqlarına, dodaqlarının üstündəki xala, düzgün biçimli burnuna, nəmli kirpiklərinin gizlətdiyi badamı gözlərinə, yay kimi gərilmiş qaşlarına, alnına tökülmüş qara, qıvrım saçlarına baxdı.

“Zalım balası, doğrudan gözəldir… Yox, Panfiliyaya görə götürmək istəsələr, çoxdan götürərdilər. Yəqin, tamah salıb, xox gəlir. Alçaq, baxmır ki, uşaqdır, on doqquz yaşı var, həyatını sındırmaq olmaz…”

— Sən? Qadam, sən dur, get evinizə. Hər ehtimala qarşı, əsas qapıdan çıx. Turabova tapşıraram, açdırar. Sabah son məşqimizə gəlmə, daxili baxışdır, özümüz olacağıq. Ümumiyyətlə, evdən çıxma. Başqa rejissorda məşqin-zadın yoxdur?

Qız başını buladı.

— Lap yaxşı. İşdir, soruşsalar, deyəcəm, nasazlayıb, icazə vermişəm, özünə gəlsin. Telefonunuz var? Yox? Lap əla. Qapı döyülsə, sən yatağa gir, anan yaxınlaşsın.

— Anam gəzə bilmir. İflicdir.

— Hə?.. – rejissor duruxdu. – Onda… Heç kim yaxınlaşmasın. – Guya, NKVD gəlsəydi, qapının açılmadığını görüb geri qayıdacaqdı. – Birisigün saat altı üçün gəl teatroya. Başları çox qarışıq olacaq, yadlarına düşməzsən. Lap düşsən də, bütün respublika rəhbərliyi burada ola-ola, sənin kapitanının artıq-əskik hərəkət eləməyə cürəti çatmaz. Sonrası da.. Allah kərimdir. Di dur, düşək zala.

***

Məşq bitəndə hava qaralmışdı. Rejissor qalan işlərini də sahmanlayıb, asistenti Turabova, hər iki rəssama axırıncı göstərişlərini verib, sabah saat 12-də yığışmaq şərti ilə aktyorları evə buraxıb otağına getdi. Qovluğunu stulun üstünə atdı, ətəyi topuğuna çatan geniş, boz plaşını geydi, əl atıb şlyapasını asılqandan götürdü… Və yerində quruyub qaldı.

Kimsə şlyapanın altında ağ divara qırmızı qələmlə Ars longa, vita brevis yazmışdı. Əlbəttə ki, rejissoru karıxdıran sənətin əbədi, həyatınsa qısa olması haqqında naməlum şəxsin divara həkk etdiyi aforizm deyildi. Hippokratın bu kəlamını ona Bakıda texnikumda, Moskvada institutda oxuyanda müəllimləri, təcrübə keçdiyi Vaxtanqov adına teatrda, Bədaye teatrında ustadları az qala əzbərlətmişdilər. Adil İskəndərovu hansısa teatr işçisinin icazəsiz onun kabinetinə girmək, rejissorla belə zarafat etmək cəsarətində bulunması heyrətə salmışdı. Ümumiyyətlə, burada heç kimlə zarafatı yox idi, hamı ilə arada məsafə saxlayırdı, təkcə Ülvi Rəcəblə yoldaşlıq edirdi. Onu da 37-ci ilin sentyabrında aparandan sonra Sidqi Ruhullayla yaxınlığı vardı. Qalanlar, cavan-yaşlı, ondan çəkinirdilər, tələbkarlığını, xasiyyətinin tünd olduğunu bilirdilər. Sidqi deyirdi ki, sənin uzaqdan gəldiyini görəndə bizim qocaman aktyorlarımız da siqaretlərini ciblərində söndürürlər.

Axı bu hoqqabaz kim ola bilərdi? Özü də, iblisə bax, gör harda yazıb!

Truppada onu istəməyən, ayağının altını qazıyan, hətta “yuxarılara” donos yazanlar vardı. Adil İskəndərov bunu bilir, “xeyirxah”larından bəzilərini tanıyırdı. Kimi yaratdığı dəmir intizamdan, kimi tamaşalarda az rol almasından narazı idi, kimininsə, sadəcə, əli öyrəşmişdi. Ancaq heç kim bağlı qapısına açar salmağa, gizlincə kabinetinə girməyə ürək etməzdi!

Belə çıxır ki, bu qoçaq kənar adam idi?

Adil İskəndərov ağlına gələn fikirdən özü də eyməndi. Çönüb diqqətlə yazı masasının üstünə nəzər saldı. Rejissora elə gəldi ki, əşyalarına toxunublar, qovluqlarını açıb eşələyiblər. Bir-bir masanın siyirmələrini çəkib yoxladı. Burada da qurdalanmışdılar. Heç nə götürülməmişdi, amma hər şeyə kənar adamın əli dəydiyi şəksiz idi.

Teatrda cəmi iki kənar adam vardı: kapitan və köməkçisi.

Adil İskəndərov plaşını çıxarmadan kresloda oturdu.

“Deməli, onlar sadəcə çardağa-zirzəmiyə, girişə-çıxışa nəzarət etmək üçün bura gəlməyiblər. Nəsə axtarırlar, imsiləyirlər və bir iz götürsələr, yazıq Mədinə demiş, heç əl çəkənə oxşamırlar. Onda belə aydın olur, kapitanı nə Mədinə, nə söhbətə çağırdığı qeyriləri yox, mən maraqlandırıram? Mədinə isə elə-belə, əyləncə, bəlkə də, gözdən pərdə asmaq üçündür? Amma nə iz? Hardan oldu iz? Bakıya gəldiyim cəmi iki ildir. Üç tamaşa qoymuşam: Korneyçukun “Platon Kreçeti” əsasında “Polad qartal”, Mirzə İbrahimovun “Həyat”ı, indi də Səməd Vurğunun “Vaqif”i. Hər üçü hörmətli, adlı-sanlı, ordenli sovet müəllifidir. Başqa ölkələrdə qastrollarda olmamışam. Özüm, demək olar ki, heç nə yazmamışam. “Həyat” haqqında bir kiçik məqaləm çıxıb, vəssalam. Bəs onda bu “siçan-pişik” oyunu, gizli axtarış, divarda yazılan aforizm nəyə lazımdır? Xəbərdarlıqdır, yoxsa hədə? Bəlkə, bəy oğlu olmağım yadlarına düşüb? Ola bilərmi ki, həbs olunmuş aktyorlar istintaqda adımı çəksinlər? Ya hardasa, nəsə ağzımdan qaçırmışam, donosbazlar çatdırıblar? Yaxud da heç deməmişəm, yenə çatdırıblar. Dayan, axı Mədinə deyirdi ki, ondan Səməd Vurğunla nə danışdığımı soruşublar… Bəlkə, iş mənim yox, Səmədin başındadır? Mən kiməm ki? Hopp eləyib götürər, sonra nə qədər istəsələr, axtarış apara bilərdilər.”

Cavabsız suallardan başı şişmiş rejissor saatına baxdı. Zinaida ilə vədələşdikləri vaxtdan 10 dəqiqə keçirdi. Yerindən durub yolu daha yaxın olsun deyə teatrın Şaumyan küçəsinə çıxan əsas qapısına tərəf getdi. İdris kişi qapını açana qədər gözucu qarderobda divara vurulmuş lövhəyə nəzər saldı. Lövhədən ehtiyat açarlar asılmışdı. Onun otağının açarı yerində deyildi.

***

Doqquz yanvar küçəsində Adil İskəndərov fikirli-fikirli yolu keçəndə hay-küylə üstünə gələn tramvayın altında qalmamaq üçün geri sıçradı. Tramvaydan sallanan uşaqlar bərkdən gülüşüb ona burun göstərdilər.

Rejissor yolun qarşı tərəfindəki Rus Dram Teatrının binasına baxdı. Zinaida girişdə gözləməli idi. Hə, qız orada idi, yaxşı ki, başı kiminləsə söhbətə qarışmışdı, onun necə gülünc vəziyyətə düşdüyünü görməmişdi.

Hələ on doqquzuncu əsrdə milyonçu tacir Hacı Həşim Kərimovun ambar kimi tikdirdiyi, sonra onun oğlunun məşhur “Mikado” sinematoqrafına çevirdiyi, 1918-ci ildən isə teatr kimi istifadə olunan bu bina uzun müddət Malağan bağının ətraf ərazisinin yaraşığı sayılırdı. Hər iki yan küçəyə çıxan hündür, şəbəkəli tağlar, yüngül qapılar, bəzəkli yivkəsənlər, ikinci mərtəbənin geniş eyvanı və bütün bu gözəlliyi tamamlayan çin-yapon üslubunda günbəz bakılıların gözünü oxşayırdı. Amma 20-ci illərin təmiri nəticəsində bina qorxunc hala salınmışdı. İndi o, teatrdan çox, həbsxanaya oxşayır, bununla belə, sovet konstruktivizminin “şedevri” kimi təqdim olunurdu. Zinaida Teatr texnikumunun aktyorluq fakultəsində oxuyur, eyni zamanda burada işləyirdi.

Adil İskəndərovun 21 yaşlı gənc aktrisaya münasibəti olduqca ciddi idi. O dərəcədə ciddi idi ki, evlənmək istəyirdi. Qızdan çox xoşu gəlirdi, hətta, demək olar, vurulmuşdu, amma digər işlərdə olduğu kimi, bu məsələdə də sadəcə hisslərə uymurdu. Onun gələcək həyat yoldaşı haqqında təsəvvürlərindən ibarət 23 bəndlik siyahısı vardı. Zinaida bütün bəndlər üzrə – xarici görünüşünə, yaş fərqinə, təhsilinə, xasiyyətinə, tərbiyəsinə, dünyagörüşünə görə həmin təsəvvürlərə tam uyğun gəlirdi…

Adilin yaxınlaşdığını görən Zina rəfiqəsi ilə sağollaşıb onun qoluna girdi. Qoqol küçəsi ilə üzüyuxarı qalxdılar. Rejissor bu axşam valideynlərinin qızı evdə tez gözlədiklərini bilirdi, Saratovdan qohumları gəlmişdi. (Zernovlar ailəsi 30-cu illərin əvvəllərində bu şəhərdən Bakıya köçmüşdü.) Adil fikir verdi ki, bununla belə, gecikdiyinə görə Zina ona irad tutmadı, hərçənd qanının qara olduğu sezilirdi.

— Bağışla, — o özü üzrxahlıq elədi, — işdə problem çıxdı.

Qızın kəskin reaksiyası rejissoru təəccübləndirdi: Zina əməlli-başlı təşvişə düşdü.

— Nəsə baş verib? Düzünü de, xahiş edirəm. Nə olub?

Adil, adəti xilafına, bugünkü hadisənin bəzi detallarını Zinaya danışmaq istəyirdi. Xüsusilə də Mədinə ilə bağlı məsələdə kiminləsə, daha yaxşı olardı, qadınla məsləhətləşməyə ehtiyac duyurdu. Amma qızın adi “problem” sözündən birdən-birə hansı hala düşdüyünü görüb fikrini dəyişdi, zarafata keçdi.

— Mənə — heç nə. Qacarın vəzirini heç cür lazımi simə kökləyə bilmirdim. Qarşındakı şah olanda nə olar? Şaha yaltaqlanmağın da bir dərəcəsi var!

O, gözlənilmədən qızdan aralandı. Üzünü Zinaya çevirib sifətində ürəkbulandırıcı bir şirinlik təzim etdi:

— Buyuruq sizinkidir, adil hökmdar,
Sizdə fəzilət də, ədalət də var.

Zina candərdi gülümsədi, yenidən Adilin qolundan yapışdı.

— Olar, ictimai baxışa məni də dəvət edəsən?

— Nə danışırsan, qapalıdır, — Adil şən əhval-ruhiyyəsini bir az da artırdı. – Birigün o binaya quş quşluğuynan səkə bilməz. İndidən mühasirədədir. Siyasi büronun üzvləri, bir-iki xalq komissarından başqa zala heç kim buraxılmayacaq. Heç olmasa, arvadları ilə gəlsəydilər, mən də deyərdim ki, özümünkünü gətirmişəm.

— Mən sənin arvadın deyiləm, — Zina etiraz etdi. Amma zarafatdan xoşu gəldiyi səsindən duyulurdu.

— Deməli, bu dəfə heç şansın yoxdur. Amma gələcəkdə düzələsi məsələdir…

Zina gərildi. Sözün dalını gözlədi. Adili çox sevirdi. Onunla bir il əvvəl Teatr məktəbində tanış olmuşdu. Qısa müddətdə müəllim-tələbə arasında ünsiyyət yaranmışdı. Qız Adillə özünü lap rahat hiss edirdi. Diqqətini, qayğısını duyurdu, maraqlı söhbətlərindən, incə yumorundan doymurdu. Gənc rejissoru zəhmli, hətta despot adlandıranları heç cür başa düşmürdü. Amma evlənmək barədə söhbətə indiyədək bu qədər yaxın olmamışdılar.

Adil susurdu. Nə barədəsə düşünür, götür-qoy edirdi.

— Səndən… səndən bir söz soruşmaq istəyirəm… – Zina ehtiyatla dilləndi.

Söhbətin elçilik məsələsinin üstünə gələcəyini güman edən Adil zəndlə qıza baxdı. “Onu başqa qadınlara bənzədən yeganə cəhət, bütün yaşıdları kimi, ərə getmək istəməsidir, — deyə düşündü. — Hər halda, yaxşıdır ki, istəklərimiz üst-üstə düşür”.

— Hə, ürəyində saxlayıb böyütməkdənsə, soruş. Sözlü adama oxşayırsan.

— Bu gün… bu gün iki teatr tənqidçisinin danışığını eşitdim…

— Sənin belə işlərin də olur? – Adil güldü.

— Yox… Gündüz tamaşasından sonra… bufetdə… təsadüfən… Bizim bufetdə, bilirsən də… masalar çox yaxındır…– Zina özünə haqq qazandırmağa çalışdı. – Adam az idi… Arxaları mənə oturmuşdular… Bəlkə, görmürdülər,.. bəlkə də, dilinizi başa düşmədiyimi güman edirdilər…

— Yaxşı, kimin qeybətini qırırdılar? Mənim?

Zina ətrafına boylandı. Yaxınlıqda heç kimi görməsə də pıçıltıya keçdi.

— Deyirdilər ki…Deyirdilər…

— Sən lap yuxuda cin görmüş uşağa oxşayırsan. Hə, nə danışırdılar? Deyirdilər ki, indiyə qədər iki arvadım olub, hərəsindən də iki oğlum var?

— Kaş elə olaydı. – Zina dərindən nəfəs aldı. Axır ki, cümləni-cümləyə calaya bildi. –“Vaqif”dən danışırdılar. Deyirdilər ki, Səməd Vurğun Qacarı yoldaş Bağırovun obrazı kimi yaradıb. Şeir, sənət adamlarının qənimi kimi göstərib. Sən də bu obrazı canlandırırsan. Deyirdilər ki, “kişi” hər şeyi bilir, görür və bunu sizə bağışlamayacaq… sizi…

Görünür, Adilin üzünün ifadəsi Zinanı susmağa məcbur etdi. Rejissorun sifətində bir əzələ belə tərpənmədi. O, dinməzcə qulaq asırdı, kənardan baxan elə bilərdi, bu qız heykəllə danışır.

Qəribə olsa da, rejissor həmin an nə heyrət, nə qorxu hissi keçirirdi, nə Səməd Vurğunu, nə özünü, nə Mircəfər Bağırovu fikirləşirdi. İstədiyi yalnız Zinanı söylədiklərinin boş, axmaq şaiyələrdən başqa bir şey olmadığına inandırmaq idi.

Adilin heç özü də bilmədi, niyə birdən-birə Mədinə gəlib gözlərinin önündə durdu. Kim nə deyir desin, nə baş verəcək versin, o, Zinanı qorumalı, zərbə altına düşməyə qoymamalı idi! Rejissor ciddiləşdi.

— Zina!

— Hə?

Bu dəfə özü qızın qolundan tutdu. Yola davam etdilər.

— Sən bilirsən ki, “Vaqif”i necə gözləyirlər. Hamının gözü bizdədir. Dostun da, düşmənin də. Başa düşürsən? Bu saat bizə badalaq vurmaq istəyən o qədərdir ki… Yoldaş Bağırov özü ictimai baxışa gələcək. Səncə, belə bir məsələ olsaydı, mənə pyesi səhnələşdirməyə imkan verərdilər? Elə Yazıçılar İttifaqında, onun ilkin müzakirəsi zamanı kimin başına lazımdırsa, qapazı vurardılar. Daha faciəni bəh-bəhnən tamaşaya qoymağı məsləhət görməzdilər. Baş repertuar komissiyasının sədri qol çəkib, möhür vurub pyesi teatroya göndərməzdi…

— Bəlkə, sonradan xəbər tutublar?

— Eləmi? – Adil sadəlövhcəsinə gözlərini döydü. Danışdıqca özü də ürəklənirdi. Ən başlıcası isə, sözlərinin Zinaya təsir etdiyini, qızı sakitləşdirdiyini görürdü. – İndi də yoldaş Bağırov bütün siyasi büronu yanına salıb tamaşaya gətirir ki, gedək, mənə necə şəbeh qoşduqlarına bir yerdə baxaq? Hə? Bunu demək istəyirsən? Orijinal məntiqdir.

— Mən demirəm, o tənqidçilər deyirdi…

— Mən bu tənqidçiləri… Qaşınmayan yerdən qan çıxarmağa ustadırlar… Bir dəfə Dümaya deyirlər ki, tanınmış tənqidçi ölüb, onun dəfninə adama beş frank pul yığırıq. Düma çıxarıb on frank verir. “Alın, ikisini basdırın”.

Zina, nəhayət, güldü.

— Heyif, tez çatdıq, — tünd sarı haşiyəli alaqapının qarşısında, çinarın altında rejissor qızın qolunu buraxdı.

— İctimai baxışa çağırmırsan, onda sabah son məşqinizə gəlim. Arvadın olmasam da, tələbənəm axı! – Zina sağollaşmaq istəmirdi.

Rejissor bunu sadəcə tamaşaya maraqdan doğan bir istək kimi başa düşdü.

— Premyeraya gələrsən. Sonra isə… Qoy premyera da keçsin, sən məni evə çağırarsan. — Qısa pauzadan sonra o əlavə etdi. — Valideynlərinlə danışmaq istəyirəm.

Qızın yanaqları allandı.

— Yaxşı. Bəs ona qədər nə vaxt görüşürük?

— Bu gün bazar ertəsidir… – Adil barmaqlarını qatladı, — sabah çərşənbə axşamı, çərşənbə… Cümə axşamı… Hə, cümə axşamı görüşək. Eyni vaxtda, eyni yerdə.

Qızı yola salandan sonra Adil İskəndərov kürəyini çinarın gövdəsinə söykəyib fikrə getdi. Zinanın yanında özünü nə qədər toxtaq tutsa da, içində bir xof yaranmışdı və bayaq sadaladığı bütün əks-arqumentlərə baxmayaraq, bu hiss getdikcə böyüyürdü.

Zina təzədən alaqapıda görsəndi.

— Birdən görüşmədik?

— Yenə başladın? Axı biz hər şeyi ayırd etdik…

— Bilirsən, Saratovdan gələn kimdir? – Tanış olduqları vaxtdan bəri İlk dəfə idi ki, о, Ədilin sözünü kəsirdi. – Хalam. Anam deyir, cavanlıqda çox gözəl olub, özü kimi yaraşıqlı bir gənci sevıb. Keşişin oğlunu. 1922-ci ildə kilsələrdən qızıl-gümüşü, qiymətli əşyaları yığırlarmış. Onları aparmağa qoymadığı üçün keşişi tutublar, oğlunu da atasına qatıblar. Keşişi güllələyiblər, xalamın nişanlısını isə harasa, Krasnoyarsk tərəflərə sürgünə göndəriblər. Oğlandan bir daha xəbər çıxmayıb. On altı ildlr, xalam onu gözləyir. Vaxtından qabaq qocalıb… Bu cümə axşamı görüşümüz alınmasa, ömrümün axırına qədər hər cümə axşamı məni eyni vaxtda, eyni yerdə tapa bilərsən. Amma sən… çalış, nişanlın vaxtından qabaq qocalmasın.

Rejissor söz tapana kimi Zina yoxa çıxdı.

 

(ardı var)

[1] Povestin hər hansı hissəsinin müəllifdən icazəsiz digər mənbələrdə dərci qadağandır.

1-ci fotoda Rus dram teatrı sovet “təmir”indən əvvəl və 2-cidə isə sonra.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 732