Muəllif:

Vyanada Şuşa günləri

qaziAvstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən. Uzaq Alp dağları fonunda yaxın yamaclar, üzümlüklər, laləzar çəmənliklər xoş uşaqlıq xatirələrimi göz önünə kino lenti kimi gətirir. Eniş-yoxuşlar boyu dolama yolları uşaqlara göstərib Qarabağa bənzədirəm, Ağdamdan Şuşaya gedən yoldu elə bil, deyirəm. Maraqlı gəlir, boylanıb baxırlar.

Vyanada qaldığımız müddətcə Qarabağa, Şuşaya köklənən ovqat məni tərk eləmədi. Bir-bir yazacam, qaynağını biləcəksiniz.

Dunay sahilində Hacıbəyov heykəli

Maşını ilk olaraq, Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürdüm. Park Dunayın ortasındakı adada yerləşir. Şəhərin bu yerində çay ikiyə bölünür, qoşa kanalla axır.

Parkın bir suyu Şuşanın «dom otdix» dediyimiz istirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimi deyirəm. Anardan tutmuş Qədir Rüstəmovacan xatırlayıram. Elə bilirlər, qədim zamanlardan, uzaq ölkələrdən nağıl danışıram.

Bethovenin ev muzeyində

Bethovenin «Ay işığı» sonatasını Bethovenin evində dinləmək də varmış! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, başqa qızların çaldığı musiqilərlə oyandım.

İndi burda, Bethovenin evində həmin musiqini dinləyəndə xəyalım artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getdi. Zaman maşınına minmişdim elə bil. Heç nə eşitmirdim, Bethovenin özü kimi kar idim. Eşitmirdim, amma onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görür, yağış isladan torpağın ətri kimi qoxulaya bilirdim…

Muzeyin pilləkənləriylə düşdükcə Bülbülün Şuşadakı ev-muzeyini xatırlayırdım. Yamyaşıl baxçanın içində kürsülü, sürahılı bir ev idi. O muzeydə ən çox yadımda qalan eksponat ona İtaliyada verilən bir orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda hamıdan qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki Bülbüllə…

Mosartgilə qonaq getmək

Bethovenin mənzilindən Mosartın Domgasse küçəsi, 5 saylı binada yerləşən evinə Siebensterngasse küçəsindən keçib getdik. Muzeyə baxış litflə çıxdığımız axırıncı mərtəbədən başladı. Audio-bələdçini dinlədikcə gözümün önündə Miloş Formanın “Amadeus” filmi canlanırdı.

Dahi bəstəkar muzeyin yerləşdiyi binanın son mərtəbəsində yaşayıb, şəhər hakimiyyəti sonralar o biri mərtəbələri də alıb muzeyə verib. Audio-gid deyir ki, bəstəkar Vyanada on üç ev dəyişib, əksər dahilər kimi onun da özünəməxsus əhlikefliyi varmış. Muzeydə sərgilənən eksponatların heç biri bəstəkarın deyil. Audio-gid söyləyir ki, muzeydə Mosartı xatırladacaq tək şahid mənzilin divarlarıdı.

Dəbdəbəli əyləncə gecələrini sevən Mosartın pulla amansız rəftarı tez-tez onu varlı himayədarlardan borc istəməyə vadar edərmiş. Sonra maddi sıxıntılarına onu ölümə aparan xəstəlik də əlavə olunur.

Qəribədi, dünyanı heyran qoyan həmişəyaşar əsərlər xoşbəxt həyatda yox, kədər və iztirablarla sürülən ömürlərdə yaranır. Kamil əsər sevincdən yox, qüssədən doğulur.

Vyananın simvolu

Müqəddəs Stefan kilsəsi Vyananın Innere Stadt adlanan mərkəzi hissəsində yerləşir, bizim dillə desək, İçərişəhərində, ən qədim yerində. Bir neşə yüz ilə inşa edilən kilsə 1511-ci ildə indiki görkəmini alıb.

Vyananın demək olar, hər muzey və tarixi abidəsində Osmanlı imperiyası ilə müharibələr xatırlanır. Məsələn, bu katolik kilsəsinin tarixində xüsusi yazılır ki, ona arxiyepiskopluq statusu yalnız osmanlı ordusu geri çəkiləndən sonra verilib.

Şönbrunn – kralların yay sarayı

Türklər Habsburqlar sülaləsinin uzun əsrlər boyu yay sarayı olmuş Şönbrunnun tarixində də yad edilir. İndi muzey olan sarayın audio-gidi söyləyir ki, 1683-cü ildə türklərin başlatdığı II Vyana Savaşında saray dağılıb, sonra onu fransız krallarının Versal sarayı nümunəsində bərpa etməyə başlayıblar. Saray, onun füsunkar bağı kraliça Mariya Terezanın zamanında indiki görkəmini alıb.

1441 otağı olan sarayın aldığımız biletin imkan verdiyi qədər odasını gördük. Otaqdan otağa, zaldan zala keçdikcə, audio-gidin söylədiklərini dinlədikcə elə bilirsən hər addımın tarixin bir dövrüdü, ayağının ucunda keçirsən.

Bu, Napoleonun Avstriyanı işğal edəndə yaşadığı otaqdı! Bu salonda kral üçün piano çalanda Mosartın 6 yaşı varmış! Xruşşovla Kennedi yüksək səviyyədə ABŞ-SSRİ görüşünü bu zalda keçiriblər. Hansı birindən yazasan!

Məşhur Şönbrunn bağı

Saraydan çıxıb bağa keçəndə nə görsəm yaxşıdı?! Sevimli gülüm – sarmaşan qızıl gül! Uzun bir talvara dırmaşdırıblar.

Bizim Ağdamda bir ara dəb idi bu gül. Gül həvəskarları hasarboyu əkirdi, uzanıb barıdan küçəyə aşırdı. Yazda qızılgüllü məhlələrdən keçəndə adamı cənnət iyi vururdu. Peşman oldum bunu uşaqlara deməyə. Yalan olmasın bəlkə yüz cür şəkil çəkdirdilər.

Mariya Tereza

Müqəddəs Roma İmperiyasının kralıçası Mariya Terezanın təkcə heykəli əzəmətli deyil, elə özü də möhtəşəm xanım olub. İki Avstriya imperatorunun, Fransa və Siciliya kraliçalarının anasıdı. Bu hökmdar qadın elmdə, təhsildə, maliyyə və idarəetmədə o qədər köklü islahatlar aparmaqla yanaşı, Yeddiillik müharibədə də iştiraka necə vaxt tapıb?! Dünyaya on altı uşaq gətirdiyini də düşünəndə, məəttəl qalırsan.

Hökmranlığı əlindən alınsa da xanımlığı ilə könülləri fəht eləyən Natəvan da bizim Qarabağın xanzadəsiydi. Bənzətməmi uğursuz sayacaq oxucuya onu deyim ki, qəriblikdə vətən tarixi də adama əzəmətli gəlir, o tarixi yazan adamlar da! Yoxsa Terezanın heykəlinə baxanda Natəvanın Bakıdakı o balaca abidəsi hardan yadıma düşərdi ki…

Belveder sarayı

Belveder italyanca “gözəl mənzərə” deməkdi. Saraya elə Vyana botanika bağından keçib getdik. Kompleksə barokko stilində tikilmiş iki nəhəng saray, möhtəşəm bağ, böyük hovuz daxildi. Türklərlə müharibədə ad çıxarmış, dövrünün qüdrətli sərkərdələrindən olan Savoy şahzadəsi Yevgeni tikdirib. Məşhur Avstriya Qalereyası burda yerləşir. Elə saraylardakı rəsmlərə baxmağa bir gün vaxt lazımdı.

Aşağı Belveder sarayını dolaşıb, hektarlarla sahəni əhatə edən bağı gəzəndən sonra Yuxarı Belveder sarayına keçməyə tələsməyin, sarayın sağ böyründəki kafedə dondurma yeyin, ya da kofedən, çaydan için. Dincinizi alandan sonra 1955-ci ildə Avstriyanın Müstəqillik Bəyannaməsi imzalanan bu möhtəşəm saraya baxmaq olar.

Hofburq – kralların qış sarayı

Saray 1654-cü ildə tikilib, zaman-zaman müxtəlif təyinatlı başqa tikililər də əlavə olunub. Məsələn, belə əlavə tikililərdən birində — nəhəng binada indi Avstriya Milli Kitabxanası yerləşir. 7 milyon nüxsədən çox kitab saxlanılır, aralarında qədim papiruslar, əlyazmalar da var. Onu VI Karl 1754-cü ildə tikdirib – Şuşa Qarabağ xanlığının mərkəzi elan edilən il.

Alp çeşməsi

Vyananın küçələrindəki bulaqların suyu Alp dağlarından gəlir. Dodağını dirəyib iç, içə bildikcə. Uşaqlara Ağdamda çay daşlarından düzəldilmiş bulaqlardan danışıram, Qaraqaya kəhrizindən axardı. Şuşa küçələrindəki belə bulaqların suyu isə Turşsudan gəlirdi. Alp dağlarının da suyu elə Qarabağ bulaqlarının suyu kimidi, buz kimi, şipşirin.

***

…Beləcə, bu füsunkar şəhərdən ayrılıb marşrutumuzdakı başqa Avropa şəhərlərinə yol aldıq. Uşaqlar bir də gələcəklərini dedilər. Vyananı mən də sevdim, həm də ona görə ki, mənə Qarabağlı günlərimi epizod-epizod yaşatdı! Şuşanın havasını alan kimi oldum!

Vahid Qazi

İyun 2016

P.S. Vyana səfərindən hazırlanmış geniş fotoreportajla müəllifin bloqunda tanış olmaq olar: vahidqazi.wordpress.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 201