Müəllif: Günay Arda

Xalq artistimiz Qabriel Qarsia Markes

Kitab intim məsələdir. Nəyi oxumaq daxili seçimdir. Oxuduqları haqda danışmaq yediyini, içdiyini danışmaq kimi bir şeydir. Bu, kitabın təbliğatı yox, oxumağa şarjdır, parodiyadır. Çünki biz elə cəmiyyətin və təhsil sisteminin yetirmələriyik ki, kitaba səmimi qəlbdən nifrət edirik. Bizə kitab oxumaq yox, oxumamaq və ya əzbərləmək öyrədilib. Baxça yaşından əzbərləmək məcburiyyətində qaldığımız mənasız şeirlər, təriflər sistemli şəkildə bizi kitabdan uzaq salmağa xidmət edib.
Hamımız oxumaqdan çox, oxumaq haqda danışmaqla məşğuluq. Oxuduğumuz hər kitab haqda elə təqdimat edirik ki, sanki, əlyazmadan və ya nadir nüsxədən oxumuşuq. Sanki, bizdən başqa heç kim o kitabı oxuya bilməzdi. Çünki bizə hərf tanıyandan şeir adı ilə «Ala-bula boz keçi» sırınıb. Ədəbiyyat adı ilə Çingiz Abdullayevin hüquqşünas kimi bəxti gətirməməsinin bəhrəsi olan xəyali cinayət işləri yeridilib. İndi isə oturub samansız palçıqdan yapılan kərpiclərin bir-bir sürüşüb başımıza düşməyinə tamaşa edirik.
Yeganə millətik ki, özümüz-özümüzə yaltaqlanmaqla, yarınmaqla həyat yaşayırıq. Yeganə millətik ki, diplomu mütaliəsizliyimizin üzünə ələk kimi tuturuq. Özümüz haqda yüksək fikirlərimiz, mükəmməl adət-ənənələri, möhtəşəm tarixi olan xalq olmağımızı təkrarlamağımız güzgünün qabağında dəlinin özünü tərifləməyinə bənzəyir. Tarix fəxr olunası nəsnə deyil. Yeri gələndə, işğal obyekti, güclü qonşuların tapdaqaltı olan xalqın «tarix yazması» haqda nağılları, qaçaq-quldurdan qəhrəman düzəltməsi gülüş doğura bilər. Hazırda ümumxalq tarixi-siyasi masturbasiya ilə məşğuluq. Odur ki, ədəbiyyat, mədəniyyət, kitab təbliğatı bizə lazım ola bilməz.
Axı heç bizdə kitab da qalmayıb. Bütün kitablar 90-cı illərin əvvəllərində tumsatan, «pirojki» satan qarıların güdazına getdi. Yerdə qalanlarından isə televiziya proqramlarını şənləndirmək üçün istifadə edirlər. Zarafat deyil. Ölkənin ən baxımlı televiziya kanalı pəhləvanlar arasında yarış keçirir. Yarışın şərtlərinə görə, kitabı ən tez və ürəkdən cıran pəhləvan qalib gəlir. Biz əvvəlcə kitabxanaları dönərxanalara çevirdik. Daha sonra kitab oxuyanları və yazanları ələ salmağa başladıq. Onları tamamilə «piyasadan» silib, mütaliə ilə yaxından-uzaqdan əlaqəsi olmayan, yazısından, nitqindən gözəllik salonu qoxusu gələnlərə «kitabçılıq» tapşırdıq. Qəzet köşklərinin boynuna kapron kalqotka salıb başına qadın alt paltarı keçirdik. İndi isə kənardan baxıb ümumi mənzərədən zövq alırıq.
«Serial» deyəndə ekrandan tamaşaçıya məmə göstərən rejissoru, «roman» deyəndə eyni cütlüyün bir əsərdə 40 dəfə sevişmə səhnəsini təsvir edən yazarı, kitab təbliğatı deyəndə isə ağlına oxuduğu kitabların şəklini çəkib sosial şəbəkədə paylaşmaq gələn ziyalısı olan xalqın ümidi, optimizmi insanda şok effekti yaradır.
Kitabın təbliğatı, kitabı sevdirmək absurd, lənətlənmiş mövzulardır. Biz kitab oxuya bilmərik, bunu imitasiya edə bilərik. Eynilə məktəb illərində riyaziyyat dərsliyinin içinə bədii ədəbiyyat qoyub oxuduğumuz kimi.
Zamin Hacını ilk dəfə 2005-ci ildə görmüşdüm. İndiki kimi xatırlayıram. «Qələbə» kinoteatrı tərəfdə mitinq idi. O vurhavurda diqqətimi Zaminin əlindəki Frans Kafkanın «Çevrilmə»si çəkdi. Hacı Zamin mitinqin səs-küyündə arada bir tərəfə çəkilib iyul ayının istisində, günün altında «çevrilirdi». «Çevrilmə» ilk dəfə əlimə 7-ci sinifdə oxuyanda keçmişdi. Sumqayıtda məşhur bukinist Xanoğlan «Çevrilmə»ni mənə hədiyyə etmişdi. Oxusam da, bir şey başa düşməmişdim. Buna oxumaqdan çox üzünə hərfləmə də demək olar. Zamin 2-3 il sonra, yenə də qoltuğunda «Çevrilmə» qarşıma çıxdı. O «2-3″dən xeyli vaxt keçib. Deyirlər, Zamin Hacı hələ də Kafka ilə mübarizəsini davam etdirir. Dünən də Qabriel Qarsia Markez öldü. Hə, nə olsun? Onun haqqında bildiyimiz ən səhih informasiya arvadının adının Mersedes olması və saysız-hesabsız fahişələrlə yatmağıdır.
Markezə sevgisini onu oxumaqla yox, fotosunu yazıçı öləndən sonra profil şəkli edib, evində cümə axşamı verən xalqım, Markez əslində yazıçı-filan olmayıb. O, müğənnidir, toylara da baha gedir. Xalq artistiniz Amaliya Pənahova mətbuata açıqlamasında belə deyib.

1 comment

  1. sizcə bu qadında kitab oxuyan sifət var? Markezi ölümündən sonra tanıyan savadsız olduğu halda özünü ziyalı kimi göstərən bədbəxtlərə oxşayır.

    Комментарий by Kamal on 03.07.2014 at 15:06

Обсуждение закрыто.

Şərh yaz