Muəllif:

Milli Məclis: Gələn ilin dövlət büdcəsi təsdiq edildi

Milli Məclis ölkənin 2013-cü il üçün Dövlət büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edərək qəbul etdi. Parlamentin dünənki növbəti plenar iclası əsasən bu məsələyə həsr edilmişdi.

Bundan əvvəlki müzakirələrdə millət vəkillərinin təklifləri əsasında daxil edilən əlavə və dəyişikliklər, hökumətin büdcə siyasəti barədə maliyyə naziri Samir Şərifov məlumat vermişdir. Parlament müvafiq müzakirələrdən sonra 2013-cü ilin dövlət büdcəsini təsdiq etmişdir.

«APA-Economics»in məlumatına görə, toplantıda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, millət vəkillərinin təklifləri nəzərə alınaraq büdcə layihəsinə bəzi dəyişikliklər edilib. Belə ki, səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki və dərman təminatının yaxşılaşdırılması üçün onlara ayrılan məbləğ 3 mln. manat artırılıb.

Bundan başqa, millət vəkillərinin siyasi partiyalara ayrılan vəsaitin artırılması barədə təkliflərini nəzərə alaraq əlavə 500 min manatın ayrılması büdcə layihəsində nəzərdə tutulub və bu məbləğ 2,5 mln. manata çatdırılıb.

Bundan başqa, Milli Məclisin xərclər smetası üçün əlavə 726 min manat vəsaitin ayrılması məqbul hesab edilib. Büdcə təşkilatlarının büdcədənkənar fəaliyyəti nəticəsində görülən işlərə və cərimələrdə nəzərdə tutulan gəlirlərə görə büdcədənkənar təşkilatların gəlirlərinin artmasını nəzərə alaraq həmin təşkilatların maddi-texniki təminatının yaxşılaşdırılması və əmək haqlarının artırılması məqsədilə bu sahəyə əlavə 35 mln. manat ayrılacaq.

Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlir və xərclər hissəsi dəyişib. Belə ki, büdcə gəlirləri 5 mln. manat artırılaraq 19,159 mlrd. manata, xərcləri isə 40 mln. manat artırılaraq 19,850 mlrd. manata qaldırılıb. Büdcə kəsiri isə 35 mln. manat artırılaraq 690 mln. manata çatdırılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 431