Ramin Deko

Qəbiristanlıq boş qalmır

Kol-kosla əhatələnmiş təpənin üstündən baxanda qəbiristanlıq şahmat taxtasına oxşayır. Rəngi solmuş ağ daşlar, qara mərmərlər… Bəlkə də bu təəssürat torpaq altında uyuyanların da sağ ikən şahmatdakı fiqurlar kimi gedişlər etdiyindəndir. Ona görə də bu qəbiristanlıq kənd camaatının dilində “şahmat yuvası” adlanır. Əvvəllər burada qızıl dükanları yerləşirdi. Dağıtdılar, yenidənqurmadan sonra qəbiristanlığa çevrildi. Yaşı çox deyil, ancaq qəbir daşları o qədərdir ki, sanki eramızdan əvvəl salınıb. *** Burada yatanlardan biri at oğrusu olub.

Tam mətn

Ağ göyərçin üzünə həsrət məhkəmə

Damında rəngi solmuş Azərbaycan bayrağı dalğalanan məhkəmə yoldan ötənləri valeh edir. Çoxmərtəbəli, yenicə təmirdən çıxmış bu məhkəmənin divarlarına “Qanun şahdı, şah qanun deyil” kəlmələri qızılı rəngdə elə həkk olunub ki, adam əyarını yoxlamaq üçün  lap dişləmək istəyir. *** Binaya bir neçə yerdən giriş var. Qapının ağzında məhkəmə salonlarına daxil olanları polis salamlayır, üzərindəki əşyaları təhvil alır, sonra bahalı “rentgen” aparatından müayinə üçün keçirsən. Siqnal səsi gəlmədisə azadsan, əksi baş verdisə, şübhədən çıxmaq üçün təkrar yoxlamaya məruz qalırsan.

Tam mətn

Çayxana, karxana, yasxana…

O, hər gün səhər günəş dənizin bir addımlığında olan yaşadığı kinoklubu işıqlandırmamış tərk edər bir də qəbiristanlığın arxasındakı təpədə batanda qayıdar. Heç zaman günəşin doğuluşuna şahidlik edə bilməyib. Bir tikə çörək üçün bütün günü min yola əl atan, hər sahədə çalışan kimisi üçün molla olan, kimisi üçün usta sayılan, kimisinə görə də çayçı adlanan beli bükük, vaxtından tez qocalanan bu adam məktəbi də yazı-pozunu öyrənənə qədər oxuyub. İndi övladı onun yolunu gedir. Arzulamasa da, buna məhkumdu.

Tam mətn

Ümidlərin dəfn olunduğu paytaxt

Bu ölkədə yüzlərlə adam Covanni Droqonun taleyini yaşayıb və yaşayır. Covanni Droqo italiyalı yazıçı Dino Bussatinin “Tatar çölü” əsərinin baş personajıdı. Hərbi akademiyanın yenicə məzunu olmuş Droqo ideal hərbçi xəyalları qurur və ölkənin sərhədlərində yerləşən Bastiani qalasına təyinat alır. Bir gün də burada qalmaq istəməyən, ancaq məcburiyyətdən qalada dörd ay xidmət edəcəyini düşünən gənc leytenantın buradakı ayları illərə dönür.

Tam mətn

Bura giriş var, çıxış yoxdu

Böyük darvazalı, uçuq-sökük yerləri ala-bula rənglənən beş mərtəbəli xəstəxananın divarlarından irin yağır. Həyətdə adda-budda əkilən güllərdən xeyli aralıda bir neçə skamya var. Qalan ərazi bombozdu, səhranı xatırladır. Həyat sanki donub. Xəstəxanaya daxil olanlar da həkim yanından əli kağızlı çıxanlar kimi qaşqabaqlı, əsəbi insanlardı. Heç kimin üzü gülmür. Hətta “sən sağlamsan” cavabını alanların da bənizləri dümağdı. Xəstəxana adamı özündən uzaqlaşdırır.

Tam mətn

Bir zamanlar orada kitab passajı vardı

Əvvəllər ora kitab passajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar. Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edəndən sonra cərgəylə düzür, bir az geriyə çəkilib uzaqdan öz əl işinə tamaşa edərdi. Nəsə gözünə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı.

Tam mətn