Muəllif:

BAŞKEÇİD, DİDQORİ SAVAŞI və ÇƏKİKGÖZLÜ QIPÇAQLAR


Tarixçı deyiləm. Ancaq tarix kitablarını sevirəm. Zaman-zaman tarixlə bağlı elmi-populyar məqalələr də oxuyuram hətta. Araşdırıram bir az da bacardığım qədər. Əlimə keçəni deyil, xüsusi olaraq seçdiklərimi oxuyuram.
Didqori savaşı haqda da belə oldu…
2019-cu il idi, bir-neçə günlük Bakıya gəlmişdim. Dostlarla bir söhbətdə niyə Azərbaycanın bəzi bölgələrində, xüsusilə də atamla anamın, dədə-babalarımın yurdu olan Qazax bölgəsində çəkik gözlü insanlara çox rast gəlinir deyə fikir ayrılığı yarandı. Həqiqətən də, o bölgədə elə məhlə, elə kənd yoxdur ki, ən az 2-3 nəfər “Yapon” ləqəbli insan olmasın. Uzağa getməyək, elə o söhbətdə olanlardan birinin də ləqəbi “Yapon”dur. Əyləncəli, zarafatlaşaraq apardığımız söhbət ciddi mövzulara buruldu.
“Yapon”a dedim ki, hardasa oxumuşam, sənin soyadını daşıyanların çoxu Özbəkistandan gəliblər, ona görə gözün çəkikdir. Pahooo, bir hay-küy saldı ki, gəl görəsən. Razılaşmadı, “Özbək özünsən” dedi. “Bir anti-tezis de ya da dişə gələcək bir arqument gətir”. Gətirəmmədi, dediyi tək şey o oldu ki, sənin də qohumlarının çoxu çəkikgözdür, sizdəmi Özbəkistandan gəlibsiz? Dedim ki, minillər əvvəl Qazağa yerləşmiş tayfalar içərisində özbək tayfaları da olub, qazax steplərindən gələnlər də.
Güldük, cırnaşdıq, sonra dedim ki, sevin, yoxsa Cənubi Rusiyadan gələn qıpçaqlarla qohum olduğunu da deyə bilərdim. Lap əsəbləşdi. Sonra da əlavə elədim: “Çox sayda döyüşçü qıpçaq köç edib bizim ellərə, müxtəlif tayfalardan”…
“Döyüşən qıpçaq” deyəndə sakitləşdi, “Danış” dedi, bilmədiyi şeylər olduğunu anladı, çəkik gözləri buğlanmışdı. Mənə sarılaraq, “Vallah sözünü kəsməyəcəm, danış görüm bir” dedi.
Masadakılar bizə baxırdılar ki, bunlar neynirlər belə, onlara da maraqlı gəlmişdi mövzu. Bir az fasilə verib dedim ki, heç mən də çox şey bilmirəm.
Ertəsi gün başqa bir dostumla Bayılda qəribə bir yerdə çay içirdik. “Çəkikgözlü” mübahisəsindən danışdım ona. Ciddi görkəm alıb, “Didqori savaşı”nı incələmək lazımdır dedi…
***
12 avqust 1121-ci ildə Tiflis yaxınlığındakı Didqori adlı bir yerdə Gürcü knyazı IV David və onun ordusu Səlcuqlu ordusu ilə girdiyi döyüşdə zəfər çaldı. Bu qələbə Gürcü tarixində qazanılan nadir qələbələrdən biridir.
“Qurucu” ləqəbli IV Davidin 60 minlik ordusunun ondan sayca qat-qat çox olan Səlcuqlu ordusunu yenməsi gözlənilməz idi. Nə idi bunun səbəbi? Gürcülər bu qədərmi döyüşkən və cəngavər idilər o zaman? Necə oldu ki, kiçicik bir Gürcü knyazlığı Səlcuq İmperatorluğunun ordusunu yenərək, bac ödəməkdən, vergi ödəməkdən qurtuldu?
Səlcuqların əsas nizami qüvvələri Bizansla vuruşurdu, gürcülərin üstünə ciddi hərbi birləşmə göndərə bilməmişdilər. Ancaq yenə də sayca üstündülər, gürcülərə nəzərən özlərinə əmin idilər. IV Davidin uzaqgörənliyi nəticəsində 1118-ci ildə 300 minə qədər qıpçaq Gürcüstana köç etdirilmişdi. Müharibə ərəfəsində isə Şimali Qafqazın qıpçaq Ordasının lideri Xan Ətrak 50 min döyüşçüsü ilə sərhədləri Oğuzlardan, yəni Səlcuq ordusundan müdafiə etməyi öz üzərinə götürdü. 1121-ci ildə isə 60 minlik gürcü ordusunun 45 mini qıpçaqlardan – indiki Borçalı, Başkeçid, Qazax, Gəncə, Qarabağ çəkikgözlülərindən ibarət idilər.
Didqoridəki qələbədən sonra 1122-ci ildə David Tiflis Əmirliyini də ələ keçirdi, Dədə Qorqud dastanında Tumanis adlanan Dmanisi (Başkeçid) qalası Ani ilə birlikdə gürcülərə bağlandı…
Diqqətlə baxanda görürük ki, bu illər Səlcuq imperatorluğunun zəiflədiyi, süquta doğru getdiyi illərdir. 1118-ci ildə Səlcuq İmperatoru Məhəmməd Təpər vəfat edir. Qorxu və itaətdən səsləri çıxmayan gürcülər qımıldanlamağa başlayır, hərbi hazırlıqlara üstünlük verirlər. Təpərin ölümü ilə qardaşlar Mahmud, Məsud Toğrul və əmiləri Sultan Səncər arasında hakimiyyət uğrunda mübarizə başlayır. Qardaş qırğını Sultan Səncər 1157-də əsirlikdə ölənədək davam etdi…
Bayıldakı çay süfrəsi yemək masasına çevrildi. Dostumun ana tərəfdən türk-qıpçaq kökləri baş qaldırdı. Söz gəlib ana dilimizin üstünə, Borçalı, Qazax, Gəncə və Qarabağ ləhcələrinin yaxınlığına, eyniliyinə çıxdı…
Gürcülər sovet vaxtı öz tarixlərini xeyli saxtalaşdırıb, bizimkini təhrif ediblər. Məsələn, dostum gürcü alimi Mariam Lordkipanidze adlı bir alimin “Gürcüstan XI-XII əsrlərdə” adlı kitabının adını çəkərək, onun ingilis dilinə də tərcümə olunduğunu və kitabda ciddi sərsəmləmələrə yol verildiyini dedi.
Vaxtında Lordkipanidzenin cavabı verilməmişdi. Yaşlı nəslin tarixçiləri ermənilər kimi gürcülər qarşısında da çarəsiz, tükənmiş və gücsüz qalmışdılar.
Ancaq nə yaxşı ki, məsələn, Əkbər Nəcəf kimi yeni nəsil tarixçilərimiz var. Sayları yox dərəcəsində az olsalar da, Əkbər bəy kimi alimlər tariximizə keyfiyyət və kəmiyyətcə yeni yanaşma, məntiqli baxış gətirirlər.
Burada onun “Səlcuqlu dövlətləri və Atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər), Bakı, 2010” kitabının adını xüsusi qeyd etmək lazımdır.
Gəlin baxaq, görək Əkbər Nəcəfi kifayət qədər ön sıralara çəkə bilirikmi? Baxın, yaxşı təhsil görmüş, Ana dilinə hakim, fikir və mülahizələrini gözəl ifadə edən, tezislərini özünəməxsus tərzdə müdafiə edən bu alimi tv kanallarında izləyə bilirikmi, hansı önəmli proqramlarda danışır? Heç bir yerdə, olsa olsa ancaq Youtube kanallarında…
Maarifləndirmə, elmi-populyar proqramlar, insanlarımıza elmi, irfanı sevdirmək ayrıca bir Dövlət siyasəti olmalıdır. 2-ci Qarabağ müharibəsindəki zəfərdən sonra “buzun” nəhayət ki, tərpəndiyini sezmək olur deyəsən. Ümidliyəm, bir sözlə…
Didqori Döyüşü haqda bu sətirləri yazmaqdakı məqsədim həm də “Ermənilər tarixi saxtalaşdırır, gürcülər nisbətən insaflıdırlar” tezisinin kökündən yanlış olduğuna diqqət çəkməkdir. Neftimizə, qazımıza, borularımıza möhtac olduqları üçün bir qədər kirimiş dururlar. Ancaq Başkeçiddəki (Dmanisi) dağlı Svanların həyasızlığı, arsızlığı, tarixi türk-qıpçaq torpaqlarında vəziyyətin nə qədər həssas və təhlükəli olduğunu göstərdi.
“Gəmidə oturub gəmiçi ilə dava edən” başıpozuq svanları anlamaq üçün Didqori döyüşünü, habelə XI-XIV əsrlər tarixini yaxından təhlil etmək lazımdır. Bunun üçün isə Əkber N. Nəcəf kimi tədqiqatçılarımız əl üstündə tutulmalı, onlara istədikləri qədər çalışma imkanları, yaxşı yaşama şərtləri verilməlidir. Yoxsa tarix bizi bağışlamayacaq…
***
Bayılda çayla başlayıb axşam yeməyinə keçən o avqust günü hər yaxşı məclisdə olduğu kimi bir-birimizə verdiyimiz sözlə bitdi. Söz verdik ki, Didqori haqda ortaq bir məqalə yazaq. Hətta daha da ilhama gəlib növbəti Didqoroba festivalına da (Didqori qələbəsindən sonra Tiflis Müsəlman Əmirliyi ləğv edildi, gürcü mədəniyyətinin intibahı dövrü başladı. Və gürcülər 1121-ci ildəki bu önəmli zəfəri hər il 12 avqustda döyüşün şərəfinə inşa edilmiş abidə ətrafında Didqoroba adlı bayram şənliyi keçirirlər) getməyə qərar verdik.
Sonra hər birimiz yaşadığımız ölkələrə qayıtdıq, boğuşa-boğuşa qayğılarla baş-başa qaldıq, bir tərəfdən Vətən həsrəti, sonra zəhrimara qalmış pandemiya və bir də baxdıq ki, dünən dağdan enən vəhşiləşmiş svanlar Başkeçidimizə sahib çıxmaq istəyirlər.
Gürcüstandan mədəni muxtariyyət, Ana dilimizə xüsusi status məsələlərini qaldırmağın vaxtı gəlibdir, məncə…
18 may 2021

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 482