Muəllif:

Tarixi dəyişdirən 30 kitab

                                                                     (II hissə)

 8-cı kitab

LE DEUXİÈME SEXE

Simona de Bovuar (1908-1986) zadəgan bir ailədən gələn tanınmış fransız yazıçısı, ekzistensial fəlsəfənin ən rəngli nümayəndələrindən biri və feminist hərəkatın ideoloqlarındandı. Nigaha qarşı olduğundan uzun illər görkəmli fransız filosofu və yazarı Sartrın həyat arkadaşı olub. 1949-cu ildə yazdığı “İkinci cins” (fr. Le Deuxième Sexe) Bovuarın kultlaşmış əsəridir. Bu kitab feminist hərəkatın ən əsas fəlsəfi əsəri və feminizmin başlanğıc nöqtəsi sayılır. Əsər tarixboyu qadına qarşı olan münasibətdən bəhs edir.

Vatikan tərəfindən yasaqlanan bu kitab 100-dən çox dilə tərcümə olunub. Simona de Bovuar özünün başlıca tezisi olan “Qadın doğulmur, qadın olunur” tezisini ədəbi, sosioloji və ideoloji arqumentlərlə müdafiə edir, qadının yaşadığı problemləri universal şəkildə sinif və sərhəd tanımadan zərif məxluqun ümumbəşəri portretini hazırlayır. Onun əməyi nəticəsində “Qadın doğulmur, qadın olunur” tezisi ilə “cins”“gender” anlayışları bir-birindən fərqləndirilmişlər.

 9-cu kitab

DİE WELT ALS WİLLE UND VORSTELLUNG

Görkəmli alman filosofu və yazarı Artur Şopenhauerin (alm. Arthur Schopenhauer, 1788-1860) “İradə və təmsil olaraq Dünya” adlı 2 cildlik böyük kitabı çətinliyi, əhatə etdiyi mövzunun dərinliyi ilə seçilir. Kitabın adını belə dilimizə tərcümə etmək asan deyildi, qalmışdı  bu nəhəng əsərin özü (ingiliscə adı “The World as Will and Representation). Kitaba yazdığı ön sözdə oxucudan əsəri 2 dəfə oxumasını tələb edir filosof. O, kitabındakı hər bir parçanın nə ilk, nə də son olduğunu, hər parçanın bütünü tamamladığını yazır. Ona görə də yazar ilk oxunuşu bütünü görmək, ikincini isə kitabı anlamaq üçün olduğunu deyir. Kitabın bütünlüyünü yaxalamaq bəlkə də mümkündür, ancaq onu anlamaq xüsusunda bəzi şübhələrim var — əsər çox qəliz və anlaşılması çətin şəkildə qələmə alınıb.

Şopenhauer romantizmə meyl edir, mistika ilə maraqlanır, Kantı və onun fikirlərini çox yüksək qiymətləndirir, Buddizmin fəlsəfi ideyalarına dəyər verirdi. Mizantropdu Şopenhauer, qaraqabaq, qaşqabağı yerlə gedən və çox da əsəbi. Bütün bunlar onun fəlsəfəsinin ruhuna da təsir etmişdi. Lakin bununla bərabər o həm də çox hərtərəfli və erudisiyalı, usta bir qələm sahibiydi. O, dövrünün ən bilgili, ən savadlı insanı olaraq tanınırdı.

“Axmaqlar üçün yazanlar hər zaman daha çox oxucu kütləsinə sahibdirlər” yazır Artur Şopenhauer. Sanki bu sözləri öz əsərləri üçün demişdi o. Dahi alman filosofunu oxuyub təqdir edənlərin, hüdudsuz fəlsəfi fikirlərindən ilham alanların sayı heç də çox deyildi. Ancaq Niçşe, Vaqner, Vitgenşteyn, Şrödinger, Eynşteyn, Freyd, Borxes kimi dahilərə təsir etmişdi Şopenhauer. O, 19 və 20-ci əsrlərin ictimai fikri ilə fəlsəfi düşüncəsinə təsir etməklə nəhəng missiyasını uğurla yerinə yetirmişdi.

10-cu kitab

THE SELFİSH GENE

Riçard Dokinz (ing. Richard Dawkins, 1941) ingilis bioloqu və yazarıdır. Onun 1976-cı ildə yayınlanan “Eqoist Gen” (The Selfish Gene) kitabı Təkamül Nəzəriyyəsi haqdadır. Ateist olan alim əsərdə eqoist davranış nəzəriyyələri, eqoistliyin genetik tərifi, aqressiv davranışların təkamülü, qanbağı nəzəriyyəsi kimi mövzulara işıq tutur.

Kitabın böyük uğur qazanmasında Dokinzin rahat yazı üslubu, geniş oxucu kütləsinə xitab etməsi əsas rol oynayıb. 30-dan çox dilə tərcümə olunan Eqoist Gen ötən əsrin sonlarında intellektualların stolüstü kitabı idi.

11-ci kitab

SEİN UND ZEİT

Dahi alman filosofu Martin Haydeger (Martin Heidegger, 1889-1976) XX əsr fəlsəfəsini alt-üst edərək, müasir dünya mədəniyyətinə nəhəng perspektivlər açmışdır. Onun fəlsəfəsini anlayan aydınlar da, anlamayanlar da Haydegerin modern dünyaya təsirini şəksiz qəbul edirlər. Əsasən də onun linqvistikaya aid çalışmaları XX əsr aydınlarını dərindən sarsmışdır. Bu sahədəki işləri inqilab olaraq qəbul edilir. Haydeger varoluş fəlsəfəsi haqda geniş miqyaslı yazılar yazmış, alman ekzistensializminin əsasını qoymuşdur.

1927-ci ildə çapdan çıxmış «Varlıq və Zaman» (Sein und Zeit) 20-ci əsr fəlsəfəsinə ciddi şəkildə təsir edib. Hitler iqtidara gələndə Haydeger nasistləri dəstəklədi. Müharibədən sonra onu universitetlərdən on illiyə uzaqlaşdırdılar. Ancaq buna rəğmən Haydeger nəzəri çalışmalarını dayandırmadı, əsərləri elm və fəlsəfə dünyasını yeni mərhələyə çıxardı.

12-ci kitab

THE FEMİNİNE MYSTİQUE

Amerikalı feminist, yazıçı Betti Fridan (Betty Naomi Goldstein, 1921 — 2006) yazdığı “Qadınlığın Mistikası” (The Feminine Mystique) adlı kitabı ilə ölkəsindəki feminist hərəkatın ikinci dalğasını başladıb. 1963-cü ildə çapdan çıxan bu kitab “Amerikalı evdar qadın” imicini yıxmağı hədəfləyirdi. Betti Fridana görə bu imaj amerikalı qadınlara mutluluq gətrimirdi.

Ənənəvi amerikan ailə dəyərlərini sarsıdan bu kitabın nəşri bir çox ştatda yasaqlandı, ancaq kitab milyonlarla tirajla Amerikadakı qadınların dünyaya və qadınlığa baxışını dəyişdirdi. Betti Fridan qadınların daha azad və sərbəst olma yolundakı mübarizədə kişilərin dəstəyinə diqqət çəkirdi.

13-cü kitab

On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life

İngilis səyyahı və naturalisti Çarlz Darvin (Charles Robert Darwin, 1809-1882) bir çox bioloji nəzəriyyənin müəllifidir. Bunlar içində ən əsası Yerüzündə insanın yaranması və təkamül hipotezidir. Darvinin müasir insanların kökünün eyni olduğunu, onların milyon illərboyu dəyişib uyğunlaşdığı fikrini irəli sürdü. Onun “Növlərin Mənşəyi” kitabı təkamül biologiyasının ən əsas kitabıdır. Ortaya atılan fikirlər bu gün də çoxları tərəfindən qəbul edilmir, uzun illərdir davam edən mübahisə və qarşıdurmalara səbəbiyyət verir. Darvin kəşf etdiyi nəzəriyyəyə özü də çətinliklə inanır, elmi fikirlərini sürəkli sınaqdan keçirirdi. Bu səbəbdən də kitabın nəşri 20 il təxirə salınmışdı.

Darvinin elmi iddiaları zaman-zaman onun inancları ilə toqquşur, lakin o, yenə də alimlik statusuna yaraşan bir addım atır — üstünlüyü elmə verir. Darvinin böyük ədəbi istedadı, fikir yürüdərkən praktik müşahidələrə dayanması ortaya dünyanı, xüsusilə də ruhani dünyanı silkələyən sarsıdıcı bir əsər çıxarmışdır.

14-cü kitab

DE HUMANİ CORPORİS FABRİCA LİBRİ SEPTEM

1543-cü ildə Nikola Kopernik Kainatı ən kiçik hissəsinə qədər incələyib araşdırarkən Andreas Vezaliy insan bədəninin ən bilinməyən bölgələri üzərində çalışırdı. O, insanın “xəritəsini” hazırlayıb. Bu xəritələr Kopernikin çəkdiyi xəritələr qədər Bəşəriyyət tarixində böyük rol oynamışdır.

Andreas Vezaliy (Andries van Wesel, 1514-1564) Hollandiyalı həkim və anatom idi. Onu elmi anatomiyanın banisi sayırlar. “7 kitabdan ibarət İnsan Bədəninin Quruluşu” kitabı Vezaliyin oxuduğu mühazirələr əsasında hazırlanıb. 1543-də çap edilən kitab o vaxta qədər mövcud olan kitablardan xeyli fərqlənirdi. Görkəmli həkim kitabdakı illüstrasiyalar üçün ölmüş insanların cəsədlərini preparasiya edir, insan bədəninin quruluşunu öyrənirdi. Dövrün ən böyük tibbi yenilikləri bu böyük əsər sayəsində ortaya çıxmışdır. Modern tibb çox şeyi Vezaliyin məhz bu kitabına borcludur. Elm tarixi ona haqlı olaraq Tibb sahəsindəki İntibahın memarı sayır.

15-ci kitab

DİE GRUNDLAGE DER ALLGEMEİNEN RELATİVİTÄTSTHEORİE

Nyutondan sonra elm və ümumən elm tarixini ikiyə bölmək olar – 1905-ci ilə qədər və 1905-dən sonrası. Bəşər tarixinin ən dahi insanı sayılan Albert Eynşteyn zaman və maddəni bir düstura sığdıraraq yazdığı məqaləni Almaniyada dərc olunan “Annalen der Phisk” adlı elmi dərgidə yayınladı. Nisbilik nəzəriyyəsi ilə bağlı Eynşteynin fikirləri dünyada böyük rezonansa səbəb oldu. O günə qədər Elm zaman və maddəni, Kainatı, Dünyanı izah etməkdə çətinlik çəkirdi. Bir dahi ilk baxışda bəsit görünən düsturla Dünyanın gələcəyini dəyişdirəcək hesablamalar etdi.

1916-cı ildə “Annalen der Phisk”in redaktorları Eynşteynin məqalələrini toplayaraq  “Ümumi nisbilik nəzəriyyəsinin əsası” (Die Grundlage Der Allgemeinen Relativitätstheorie) adı altında kitablaşdırdı. Bu kitab Dünya tarixinin ən çox satan elmi məqalələr toplusu oldu.

16-cı kitab

The Cosmic Connection: An Extraterrestrial Perspective

Görkəmli amerikalı astrofizik, yazar və düşüncə adamı Karl Saqan (Carl Sagan, 1934-1996) yazdığı kitablar və məqalələrlə Kainatı anlamaq üçün müasir inasanların dünya görüşünü inkişaf etdirərək Elm tarixinə keçmişdir. O, sadəcə insanın elmi bilgilərini artırmaqla qalmayıb, həm də milyonlarla insanın beynində inqilab etmişdir “Kosmik Əlaqə” (Cosmic Connection) kitabı Saqanın ən populyar kitabıdır. Kitabda UFO adlandırdığımız yadplanetli varlıqlarla əlaqə ehtimalına elmi prizmadan baxılır.

Saqan bu kitabında UFO-ları elmi müstəviyə yerləşdirərək populyar ədəbiyyatla akademik mənbələrin maraqlı sintezinə nail olmuşdur. ”Kaintda yalnızmıyıq?” sualı ilk dəfə olaraq fantastik ədəbiyyatdan çıxıb fundamental elmə inikas etdirilmiş, fantastik olaraq bilinən bir mövzu Karl Saqan tərəfindən elmi müstəviyə oturdulmuşdur. Bununla da 1970-lərdə UFO-ların varlığı qətiyyətlə rədd edilən iddiaları elmi müzakirə mövzusu etmişdir.

17-ci kitab

GORİLLAS IN THE MİST

Dayana Fossi (Dian Fossey, 1932-1985) tanınmış amerikalı primatoloq, etoloq və təbiəti qorumanın populyarizatorudur. İxtisasca həkim olan Fossi 18 il Afrikada dağ qorillalarının həyatını araşdırıb. O, səbrlə qorillaların onu sürüyə qəbul etməsini gözlədi və sonunda istəyinə nail oldu. Kembricdən (Cambridge University) doktorluq dərəcəsi aldı, Korneldə (Cornell University) dərs dedi.

1983-cü ildə çıxan “Qorillalar dumanda” (Gorillas in the mist) adlı elmi-populyar kitab bestsellerə çevrildi. Kitabın nəşrindən 2 il sonra Fossinin cəsədi maçete ilə parçalanmış şəkildə Ruandadakı tədqiqat mərkəzi yaxınlığında tapıldı. Onu bunqalosunun yanındakı qorillaların basdırıldığı yerdə dəfn etdilər. Baş daşına “Naurmaçabele” — ruanda dilində “Dağlarda yaşayan qadın” anlamına gələn adı yazılıb.

Həyatının ən gözəl illərini qorillalara həst edən bu fədakar qadının yazdığı kitab heyvanlar aləminin sirlərinə dair çox önəmli xüsusları gün işığına çıxardı. Milyonların sevgisini qazanan Dayanın çox sayda ovçu və brakonyerlərdən ibarət düşməni vardı. Cinayətin üstü açılmasa da onun məhz elə bu insanlar tərəfindən öldürüldüyü ehtimal edilir.

1988-ci ildə çəkilmiş eyniadlı film kitabın şöhrətinə şan qatmışdır. Dayana obrazında ecazkar aktrisa Siqurni Uiver (Sigourney Weaver) çəkilib.

18-ci kitab

A Brief History Of Time

Görkəmli ingilis alimi, yazıçı, fizik-nəzəriyyəçi, astroloq Stiven Hokinq (Stephen William Hawking, 1942-2018) 1988-ci ildə yazdığı “Zamanın qısa tarixi” (A Brief History Of Time) kitabının əsas mövzusu Kainatın yaranması, məkanın və zamanın təbiəti, Qara Dəliklər, Super Simlər nəzəriyyəsi və bir çox başqa riyazi problemlər haqdadır. Baxmayaraq ki, kitabda cəmi bir dənə formul var – E = mc2. Kitab çıxdığı andan bestsellerə çevrildi, sadə dili sayəsində əsər daha geniş oxucu kütləsinə sahib oldu. 20 il ərzində kitab 10 milyon ədəd satdı.

Ön sözünü Karl Saqanın (Carl Sagan) yazdığı kitab varlığını borclu olduğumuz zamanı anlamaqda bizə çox şey verməyib əslində. Ancaq müəllif yazıldığı dövrə qədər zaman və kosmosla bağlı insanın çatdığı elmi yüksəlişin gözəl xülasəsinu verib. Hokinq dünyanı anlamaqda fani insanlar üçün əvəzsiz bir əsər hədiyyə etmiş, onlarda elmə maraq oyandırmışdır.

19-cu kitab

The Naked Ape: A Zoologist’s Study of the Human Animal

Britaniyalı zooloq və etoloq, sürrealist rəssam, televiziya aparıcısı və elm populyarizatoru Desmond Morris 1967-ci ildə qələmə aldığı “Çılpaq meymun” (“The Naked Ape: A Zoologist’s Study of the Human Animal”) kitabı çıxan kimi bestsellerə çevrildi. 23 dilə tərcümə olunan kitab etoloq alimlər tərəfindən şiddətli tənqid atəşinə tutulsa da çox geniş oxucu kütləsinə sahib olub.

Oksford məzunu Morris uzun sürən araşdırmalar nəticəsində Kainatın tarixi mərhələlərini  incələmiş, insanın milyon illik inkişaf yollarını öyrənmişdir. Alim kitabında insan haqda bildiyimiz fundamental bilikləri şübhə altına alaraq ortaya böyük sensasiya yaradan iddialar atmış, elmdə yeni cığır açmışdır. O, insanın adi bir məməlidən fərqlənmədiyini o qədər mükəmməl bir şəkildə izah edir, elmi dərinlik və kulturoloji bilikləri sayəsində olduqca mübahisəli və rezonansa səbəb olan bir əsər yaradıb. Morrisə görə insan planetimizin heyvanlar aləminin sıravi üzvündən başqa bir şey deyil.

Çoxları kitabın populyarlığını Morrisin çılğın və qeyri-adi iddialarına bağlasa da, onun elmiliyini və məntiqini şübhə altına almağa cəsarət etmirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,67 из 10)
Oxunma sayı: 469