Muəllif:

Taclı virus — taclıların qənimi

Son 20-30 ildə dünya koronavirussuz da kökündən dəyişmişdi. Bəşəriyyətin inkişafında belə sıçrayışlı tərəqqi zamanları hər əsrdə olmur.

1990-cı illərin əvvəllərində əlində əl telefonu olanları barmaqla saymaq olardı, amma artıq 1990-ların sonunda bu qitədən o qitəyə videozənglər edilirdi. Gen mühəndisliyi, süni təfəkkür, böyük rahatlıq həm də böyük sərvət gətirirdi. Adamlar hansısa məqamda bütün bunları demokratiya və azadlığın gətirdiyini unutmuşdular.

Bu səbəbdən də sovet-rus imperiyasının cəngindən qurtaran millətləri elə öz soydaşları müti köləyə, azad respublikaları monarxiyaya çevirdilər.

Avropaya bitişik olduğundan bütün Türk dünyasına demokratiya və yenilik işığı saçan Türkiyə Atatürk respublikaçılığından Əbdülhəmid osmançılığına, xilafətçiliyə süründü. Türkiyənin son 20 ili azadlıq mübarizi kimi ad çıxarmış Erdoğanın despota çevrilməsi ilə müşayiət olundu.

İranda onsuz da xürafat meydan sulayırdı. 2009-cu ilin və sonrakı illərin üsyanları molla oliqarxiyasını, şahın yerini tutmuş ayətüllah tiraniyasını devirə bilmədi. Çünki İran xalqı şahlığı yox, Pəhləvini devirmişdi, içindəki şahı yıxa bilməmişdi və şahın taxtına imam sahiblənmişdi. Onun zülmdə şahdan heç bir fərqi yox idi. İndi də İranda ara-sıra qalxan üsyanlarda “şah istəyirik” şüarları səslənir.

Rusiyada qərbpərəst, fürsətçi, antisovet oliqarxların yerini Putinin hakimiyyətə gəlişi ilə KGB-yə tabeçiliyi canla-başla qəbul edən, xaricdə Rusiyanın geriçi, şovinist və təxribatçı siyasətini maliyyələşdirməyə hazır olan oliqarxlar tutdular.

Putinin özünü, hakimiyyətə “demokrat” Yeltsin, uğurlarından sərxoş olmuş Qərbin – daha dəqiq desək, Bill Klintonun icazəsi ilə gətirmişdi. Amma əslində Yeltsin demokrat deyildi. Rusiyada heç vaxt həqiqi demokratiya olmayıb. Rusiyada həmişə çarizm olub.  Leninizm, putinizm – bunlar hamısı çarizmin adını dəyişmiş formalarıdır.

Yeltsin və Rusiya həqiqi demokrat olsaydılar, Moskva keçmiş sovet respublikalarının başını sərbəst buraxar, özü də azad olardı. Amma Rusiya azad deyildi və Allahın bu sərvətini qonşularına da rəva görməyəcəkdi.

Ərəb dünyası da bu dəfə Türkiyənin, daha doğrusu, Erdoğanın xilafəti dirçəltmək cəhdlərini rahat seyr etməyəcəkdi.  XIX əsrdən fərqli olaraq indi ərəbin dəvəsindən başqa nefti də vardı. Və beləcə XXI əsrdə orta əsrlərin hakimiyyətini bərqərar edən İŞİD yaranmışdı. İŞİD ərəb şovinizminin yeni manifestasiyası idi.

Əsrin abırsızlığı

Və dediyim kimi bütün bunlar texnologiyaların sürətli inkişafı fonunda baş verirdi. XXI əsrin ən böyük fenomeninə çevrilən sosial medialar cəmiyyətləri dəyişmişdi.

Sosial media platformalarından geridə qalmış, xürafatçı, mürtəce, istedadsız və savadsız qüvvələr daha tez və daha səmərəli istifadəni bacardılar. Çünki onlar taxtabiti, tarakan, ölümcül virus kimi daha mütəşəkkil idilər.

Facebook, Instagram, Tvitterdə indi hərə özü üçün bir yazıçı, jurnalist, model, siyasətçi, rəssam, siyasi lider, hətta xəlifə olmuşdu.

Təvəzökarlıq, gözütoxluq, abırlılıq və insaf öz yerini lovğalığa, görməmişliyə, abırsızlığa və insafsızlığa vermişdi.

Yeni liderləri də əsasən elə bu mühit yetişdirmişdi. Dünya demokratiyası sərxoşluğundan ayılanda artıq gec idi, ölkələrin böyük əksəriyyətində elə demokratiyanın özündən istifadə etməyi bacaran mürtəcelər taxt-tac sahibi olmuşdular.

Demokratiyanı xilas etməyə çalışan Qərbin aparıcı təsisatları, vicdanlı adamları başını itirən cəmiyyətləri ayıltmaq və qlobal korrupsiyanın qarşısını almaq üçün müxtəlif, çox vaxt da artıq anonim gedişlərə əl atmağa başladılar.

Panama sənədləri və başqa ifşaedici sənədlər dövriyyəyə buraxıldı. Bu dəfə irili-xırdalı avtoritarların və diktatorların vicdanı hədəflənmişdi. Amma olmayan bir şeyi necə hədəfləmək olardı?

“Qızıl xiyar” mükafatı

Milyonlarla sənəd, bütöv oğru siyahıları hay-küy yaratdı. Bu siyahıların içindən adı çıxmayan çox az ixtiyar sahibi vardı. Amma nəticə nə oldu? Bu boyda zırıltının içində bircə İslandiyanın baş naziri hıqqana-hıqqana istefa verdi. Bir də Pakistanda ingilis müstəmləkəçiliyindən qalmış az-çox normal məhkəmə hakimiyyəti Nəvaz Şərifi cəzalandırdı.

Adı hallanan başqalarından nəinki istefa bəyanatı, heç cınqır da çıxmadı. At kimi dirənib, xoruz kimi ortada qaldılar. Özlərini eşitməzliyə, bilməzliyə, görməzliyə, adamları və cəmiyyətləri isə gic yerinə qoydular.

Bu mübhəm sükutları ilə “bəli biz haqlıyıq, əlinizdən gələni beş qaba çəkin, dünyanın qanunu budur, belə olub, belə də olacaq” fəlsəfəsini bütöv cəmiyyətlərə təlqin etməyi bacardılar. Bu fəlsəfə ilə razı olmayanlar əziləcəkdilər. Bu fəlsəfini qəbul etməkdə xüsusi xidmət göstərənlərə isə “qızıl xiyar” mükafatları veriləcəkdi.

İndi artıq Qərb də dəyişmişdi. Burda yalançı, vicdansız, səriştəsiz və qabiliyyətsiz populistlər meydan sulayırdılar. Putin Rusiyası bunlara açıq dəstək verirdi və indi də verir. Avropa İttifaqında Orbanlar, Mari Le Penlər, Salvinilər, Boris Consonlar peyda oldular.

Bunlar düşündüklərini yox, adamların eşitmək istədiyini deyirdilər. Əslində elə adamlar da həqiqəti yox, eşitmək istədiklərini eşitmək istəyirdilər.

Deyək ki, Şərqin müasir despotiyalarında adamlara seçim imkanı verilmir. Bəs necə oldu ki, demokratik Qərbdə də populist və zülmkarları demokratik seçki yolu ilə hakimiyyətə xalqların özü gətirdi.

Uşaq xəstəliyi böyüklərə yoluxanda

Avtokratiya, qohumbazlıq, rüşvət, kleptokratiya, nepotizm, yüz cür zibilizm beləcə qol-qanad açdı. Bu daha təhlükəli virus, daha ölümcül bakteriya idi.

Tezliklə kiçik avtokratiyaların xəstəliyi böyük demokratiyalara adladı. Qərb demokratiyası Şərq avtokratiyasına yoluxdu. Bu, qızılca, suçiçəyi və başqa uşaq xəstəliklərinin böyüklərə yoluxması kimiydi. Böyüklər uşaq xəstəliklərini daha ağır, ölümcül şəkildə ağır keçirirlər. Bu, bir elmi faktdır.

Nəhayət bütün dünyanın gözünü dikdiyi, son ümid yeri olan Amerika demokratiyası hakimiyyətə ən böyük populisti – Donald Trampı gətirdi.

Tramp onu Putinlə sövdələşmədə ittiham edənlərə qalib gəlməyi bacardı. Ona qarşı olanları qovdu, vəzifəyə özünə heyranları gətirdi. O bu işin öhdəsindən hətta Erdoğandan da daha ustalıqla gəldi.

Bu gün artıq Erdoğanla Trampın kürəkənlərinin bir masa arxasında iki ölkə arasındakı gərgin münasibətləri müzakirə etməsinə artıq heç kim təəccüblənmir. Təkcə hansısa qəzet yeni bir “kürəkən diplomatiyası” istilahını kəşf etdi.

Hakimiyyətin ailə podratına çevrilməsi adiliyə çevrildi.

Bütün dünya beləcə abırsızlaşdı, sırtıldı, “oğru” və “rüşvətxor” söyüşləri daha keç kimi utandırmır, heç kimin qeyrətinə toxunmurdu.

Daha səsini çıxaranları, sözün düzünü deyənləri, gündəyməzə girməyənləri fiziki cəhətdən neytrallaşdırmağa da ehtiyac qalmamışdı. Bu adamlar teleməkanlara, efirlərə həsrət qoyuldular, unudulmağa məhkum edildilər. Bu, ölümdən daha pis idi.

XXI əsrin ən böyük fenomeni – qlobal abırsızlıq belə bərqərar oldu. Müqavimətin sükutdan, abrını qorumaqdan başqa çarəsi qalmadı.

Və bu virus belə qlobal çarəsizlik məqamında qəfil gəldi.

O həm də dünyanın başqa bir qaranlıq və qəddar imperiyasından – Çindən gəlmişdi.

O Çindən ki, vaxtilə ona Sovet İttifaqı adlanan Rusiya çox təhlükəli virus olan kommunizmi yoluxdurmuşdu, üstəlik nüvə silahı da vermişdi.

Çin son illərdə, xüsusilə inkişaf edib. Avropada 5G qurur. Çin varlanıb. Amma Çinin də daxilində zülm və istibdad ərşə dirənib. Təkcə bu ölümcül virus haqqında həyəcan çağırışı edən o gənc həkimi yada salın. O elə həmin virusdan həlak oldu. Bəlkə də həlak olmasına şərait yaratdılar. Pekin onun ölümünü düz 24 saat təsdiqləmək istəmirdi. Çində koronavirus fəlakətini faş etmək istəyən başqa bir həkim qadın yoxa çıxıb.

Çin bu epidemiyanın yayılması xəbərini az qala bir ay ləngitməklə, bütün planeti diz çökdürüb.

Taclıların vahiməsi

Virusun özü də, adı də vahiməlidir. Coronavirus — yəni taclı virus. Bu virusun bir qəribə xüsusiyyəti də onun əhali yox, dünyanın taxt-tac sahibləri tərəfindən necə qarşılanmasıydı.

Taclarının ölçüsü irili-xırdalı, demək olar bütün hakimiyyət sahibləri vahiməyə düşmüşdülər. Onların bu virusa ilk reaksiyası da çox bənzər idi. Onların beyninə ilk əvvəl və dərhal gələn qərar, olduqca rasional və siyasi qərar idi. Xaosa yol verməmək. Lakin əksər hallarda xaosa yol verməmək qərarı onlara Allah tərəfindən tapşırılmış insanların təhlükəsizliyini təmin etmək yox, öz taclarını bu xaosdan, taclının gətirdiyi xaosdan qorumaq niyyəti ilə bağlı idi.

Çünki bütün dünyada qəribə bir durğunluq vardı. Planetin əksər ölkələrində, ən başlıcası isə dünyanın altıda birini tutan Rusiyada hakimiyyətdə və cəmiyyətdə heç nə dəyişmirdi.

Virusun gəlişi ərəfəsində Putini qiyamətədək hakimiyyətdə saxlamaq üçün ən abısrız bir proses başlamışdı. İş o yerə gəlib çatmışdı ki, Rusiya deputatları mənfur Qərbdən gələn “prezident” sözünü rus dilindəki “Ali hökmdar” titulu ilə əvəzləməyi təklif etmişdilər. Bəs necə? Bu yaltaqlar ordusu həm də millətçi-vətənpərvərlərdir axı…

Amma sonra nə olacağını bilməsələr də, avtokratlar, despotlar, ali hökmdarlar artıq virusdan sonrakı dövrə hazırlaşmağa başlayıblar.

Tələm-tələsik neftin qiymətini qaldırmaq üçün sövdələşməyə girişiblər. Hikkəsindən yer silkələnən Putin Rusiya üçün ən alçaldıcı OPEC+ sazişinə qol qoyub.

Eyni vaxtda bu qədər idiot

Beynəlxalq ekspertlər Rusiya, Çin və İran kimi ölkələrdə koronavirusla bağlı statistikanın gizlədildiyini, kiçildildiyini deyirlər. Çünki dünya çapında ən böyük səhiyyələrdən biri olan İtaliya çökürsə, görün bu ölkələrdə real vəziyyət necədir.

Statistikanı gizlədirlər ki, sabah deyə bilsinlər: “Gördünüzmü, bir çarın, bir kralın, bir öndərin müdrik  rəhbərliyi altında mənfur virusa sizin tərifli Qərbdəkindən daha az qurban verildi!”.

Rusiya telekanalları artıq belə kampaniyaya başlayıblar.

Mən hələ virusun varlığını danan Berdımuxammedov kimi meqalomanları demirəm. “Türkmən dilində koronavirus sözü yoxdur”deyə bir hökm verib. Vəssəlam. “Arkadağ” sözü var. Populistlər, zalımlar, nədirsə, elə xalqın arxasında durmağı xoşlayırlar.

Başqa bir bala padşah – Filippinin prezidenti Rodriqo Duterte xalqa karantini pozanlara güllə atmaq icazəsi verib. Bu həmin Dutertedir ki, öz əsgərlərinə “partizan qadınları öldürməyin, gülləni onların ayaqlarının arasından atın, qoy qadın kimi sıradan çıxsınlar” əmrini vermişdi.

Dünya ölkələrinin başında eyni vaxtda bu qədər idiotun durduğu başqa bir tarixi dönəmi təsəvvür etmək çətindir.

Bəs bəşər oğlu buna necə yol verdi? Xalq dediyimiz ağlını nə vaxt itirdi? Niyə seçki qutusuna bülleteni atanda “hamının günü-güzaranı olsun” deyə fikirləşmədi, “qoy məndən yaxşı yaşayan o qonşum da mənim günümə düşsün” fəlsəfəsi ilə hərəkət elədi?

Qərbdə koronavirus panikası başlananda, hətta demokratiyaların paytaxtlarında, Londonda, Parisdə, Madriddə adamlar supermarketlərə axın etdilər. Ən çox alınan isə konservlər və tualet kağızı idi. Bununla bəşər oğlu yalnız iki orqanı ilə düşündüyünü isbatladı.

Bundan az əvvəl isə həmin o seçilənlər səsini çıxardanı, başını qaldıranı daha öldürmürdülər, amma cəmiyyətin gözündən uzaqlaşdırırdılar, ucuzlaşdırırdılar, gözdən salırdılar, sındıra bilməyəndə yorub-çərlədib öldürürdülər. Axmaq ittihamlarla həyata keçirilən həbslər, Orta əsr inkvizitorlarının ağlına belə gəlməyən metodlarla işgəncələr, Allahı belə tanımayan, yada salmayan zülmkarlıq baş alıb gedirdi.

Və bütün bunlar taclı virusun qəfil gəlişi ilə dayandı. Hələki dayandı.

Müharibə olmalıydı, virus oldu

Rusiyalı rəssam, yazıçı, filosof Maksim Kantor yazır ki, adi bir virus son 30 ildə lovğalanan, inkişafın son həddinə çatdığı ilə ədabazlanan sivilizasiyaya son qoyub.

Kantor haqlı olaraq yazır ki, təzə virusun ölümcüllüyü xərçəng və vərəmin ölümcüllüyündən on dəfələrlə azdır. Üstəlik bu virus da çox güman ki, başqa viruslar kimi mutasiyasının son həddinə çatıb, həndəsi silsilə ilə inkişaf edib öləziyəcək.

Onda bəs nə baş verib ki, belə bir apokalipsis öncəsi vahimə, hay-küy yaranıb?

“O baş verib ki, sivilizasiya (hazırkı sivilizasiya) özünün kritik nöqtəsinə yaxınlaşıb. Onu nə istəsəniz yıxa bilər. Sinifli oliqarxik cəmiyyətdə bəla hər dəqiqə baş verə bilər. Hamı qorxur, hamını kollektiv qorxu hissi bir-birinə bağlayıb”, – yazır rəssam-yazıçı.

Onun fikrincə, əslində müharibə olmalıydı, amma virus oldu…

“Bu inqilab da deyil, amma dünyanın bir virusun zərbəsindən çökməsi göstərir ki, çürüyəni dəyişməyin vaxtı çatıb”, – yazır Kantor.

Rusiyalı iqtisadçı Dmitri Prokofyev “yoluxmuş iqtisadiyyat” məqaləsində orta əsrlərdə Avropanı bürümüş taun epidemiyasından yazır.

İqtisadçı Rusiyanın xammala əsaslanan iqtisadi modelini Meksika, Liviya, Əlcəzair, İran və bir az da Venesuelanın modeli ilə müqayisə edir. O yazır ki, belə ölkələrdə az-çox şaxələnmiş iqtisadiyyat qurmaq, hakimiyyətin bir növ dəyişilməsini təmin etmək mümkün olsa da, ölkə rahat və çiçəklənən bir dövlətə çevrilməyəcək:

“Afrikada ən böyük neft ixracatçısını, OPEC üzvünü, özlüyündə böyük neft gücü sayılan Nigeriya Federativ Respublikasını yada salın. Orda neft baha olanda da, ucuz olanda da hakim elita “dünyanın ali sinfinin” səviyyəsində yaşayır, amma öz gəlirlərini cəmiyyət üzvləri ilə bölüşmür. Çünki belə bir mülahizə ilə buna ehtiyac görmür: “Neft gəlirləri hamının firavan yaşaması üçün onsuz da çatmaz”. Bunun əvəzində elitaya öz saraylarının ətrafına hündür dəmir-beton hasarlar çəkib, lazımi sayda mühafizəçi kirayələmək kifayətdir”.

İqtisadçının qənaətinə görə, hansısa pozitiv dəyişikliklərin müstəsna olaraq onun öz məsuliyyət səviyyəsindən və xalqın həmrəyliyindən asılı olduğunu başa düşən vətəndaş isə özünü sahibindən razı kimi göstərməyə üstünlük verir.

XIV əsrin padşahları kimi

Bu koronavirus məsələsində ən maraqlı məqam ona müxtəlif ölkə liderlərinin verdiyi reaksiya oldu.

İlkin reaksiya heyrətamiz şəkildə bənzəyişli idi. Müasir liderlər də XIV əsrdəki monarxlar kimi karantindən başladılar. Həm də karantinlərə “suyu və havası zəhərlənmiş yerlərdən” gələnləri oturdurdular. Krallar və əshabələri öz saray və qəsrlərinə çəkilmişdilər. Keşişlər monastrlara sığınmışdılar.

Karantin rejiminə avtokratlar demokratlardan daha tez keçdilər. Bütün milləti karantində saxlamaq səadəti yatsaydılar yuxularına girməzdi. Üstəlik demokratik Qərb də bu yolu seçməyə məcburdu.

Koronavirus karantini məsələsində ən çox tərəddüd edən Almaniya idi. Kansler Merkel xalqa ayrıca məktubla müraciət etdi və yazdı ki, qorxmayın, ən əsası demokratiyanı qoruyub saxlamaqdır. Alman həkimlər karantin qərarını siyasi, lakin yeganə düzgün qərar adlandırdılar.

Başqa liderləri demokratiya məsələsi narahat eləmirdi.

Koronavirus, liderləri başqa bir xoşagəlməz seçim qarşısında qoymuşdu. Həbsxana əhalisinin sayını təcili azaltmaq lazım idi.

İran bu addımı atan ilk ölkələrdən biri oldu. Hərçənd bunu çox həvəssiz elədi. Avtoritar liderlərin əksəriyyəti bu addımı atdılar, çünki öz həbsxanalarındakı vəziyyəti hamıdan yaxşı bilirdilər.

Bəli min bir hoqqabazlıq, saxta ittiham və qondarma məhkəmə ilə bir-bir içəri salınanları topası ilə buraxmaq avtokratlar üçün ürək ağrısıydı.

Bunun ardınca koronavirus böyük-kiçik, varlı-kasıb, padşah-rəiyyət hərləmədiyini dərhal bəyan elədi.

İranda, Avropada deputatlardan tutmuş vitse-prezident və baş nazirlərə qədər koronavirusa yoluxanlar və hətta ölənlər oldu.

Koronavirus adamların, ilk növbədə vəzifəlilərin yadına çoxdan unutduqları Allahı saldı.

Allah sözü yada düşdü

Virus həm də Allahın ibadət yerlərindən daha çox ürəklərdə olmalı olduğunu qandırdı insanlara.

Hökumətlər virusun daha çox yayılmaması üçün adamların kütləvi şəkildə toplaşdıqları yerlərin hamısını bağlayırdı.

İran ayətüllahları af-uf eləsələr də bütün müqəddəs məqbərələri bağlamalı oldular. Rusiyada baş keşiş patriarx Kiril kilsələrin bağlanmasını heç istəmirdi. Amma çar Putin təpinəndən sonra nəhayət kilsələri bağladı. Amma bunu da müqavimətlə edirdi.

Qazancı məscid və kilsələrdən çıxanlar üçün qarşıdan Pasxanın, Ramazanın gəldiyi bir vaxtda, gəlhagəl mövsümündə qapını nəzir-niyaz gətirənlərin üzünə bağlamaq ağır idi.

İranda bəzi fanatiklər İmam Rza məqbərəsinin bağlanmasına müqavimət göstərir, yoluxmadan qorxmadıqlarını göstərmək üçün daşları yalayırdılar.

İtaliyada da bəzi kilsələri polis gücü ilə boşaltmaq lazım gəldi.

Hərçənd katolik keşişlər hər halda daha gözütox adam olduqlarını göstərdilər. Roma papası, pravoslavların patriarxından fərqli olaraq çəm-xəm eləmədi. Fransada, İngiltərədə, İtaliyada keşişlər internetlə ibadətə keçdilər.

İndi ruhani bizneslər kimi, maddi bizneslər də bağlanıb. Müəssisələr, nəqliyyat işləmir. İqtisadçılar gözlə görünməyən koronavirusun qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vuracağını deyirlər.

Taclı virus Allahın neft adlı sərvətinin hesabına lotuluq edənlərə də dərs verdi. Nefti su qiymətinə endirdi.

Böyük taun

Bundan sonra nə olacağı bilinmir. Müxtəlif ölkələrdəki liderlərin maaş, müavinət vədlərinə nə dərəcədə sadiq qalacaqları da bilinmir. Heç özləri də bilmirlər.

Amma o vaxt, orta əsrlərdə Böyük taundan sonra nə olduğu tarixdən məlumdur.

İqtisadçı Prokofyev yazır ki, “taun qəfil gəldiyi kimi, qəfil də yoxa çıxdı. Amma elə bu anda sinyorlar və mülkədarlar başa düşdülər ki, tamam başqa iqtisadi sistemdə yaşayırlar. İnsan əməyinin və zəkasının qiyməti qalxdı. Amma saraylar, malikanələr, qəsrlər qiymətdən düşdü”.

Ən çox da epidemiyadan kasıb-küsub, sənətkar insanlar tələf olmuşdu. Avropada fəhlə, usta tapmaq müşkül məsələydi. Zəngin sinyorlar yoxsul işçilərə acizanə ağız açırdılar.

Prokofyev yazır: “1349-cu ilin yazında ingilis qara fəhləsinin iş gününün qiyməti 2 pensdən 4 pensə qalxdı. Daha sonra 6 pensə yüksəldi. Müasir pulla bu 15 funt sterlinqə bərabər idi”.

Fəhlələrin tələbkarlığından və bahaçılığından boğaza yığılan kral III Eduard bahaçıları həbsxana ilə hədələyən fərman verdi. Amma monarxın iradəsi iqtisadiyyatın qanunları ilə üz-üzə gəlmişdi. Mülkədarlar seçim etməli idilər: ya kral fərmanını icra etmək, ya da tarlaları kəndlisiz qoymaq. Beləliklə “İşçilərin hüquqları” haqqında qanun yarandı.

Prokofyev yazır ki, krallara hədə-qorxudan, söyüş-qarğışa keçmək qaldı.

İngilis Konan Doyl bunu daha bədii ifadə etmişdi:

“Qəddar qanunlar qüvvəsini itirdi, çünki onları icra edəcək kimsə qalmamışdı…”

Böyük Bubon taunu 1347-ci ildən 1351-cü ilədək qlobal əhalini 75-125 milyon nəfər azaltmışdı.

Koronavirusun nəticələri bəlkə də belə fəlakətli olmayacaq. Amma COVID-19 Orta əsrləri müasir kralların yadına salmağa gəlib.

Ötən əsrdən qalma, üzü-üzlər görmüş Kiccincer də deyir ki, bu virus gedəndən sonra dünya daha heç vaxt əvvəlki kimi olmayacaq. Necə olacaq?

Yaxşı olardı ki, daha işıqlı, daha insaflı, daha imanlı və daha ədalətli bir dünya olsun.

Yoxsa Çindəki və başqa yerlərdəki mağaralarda yarasaların qucağında anbaan mutasiya edən daha zalım koronaviruslar gələ bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (15 оценок, среднее: 8,67 из 10)
Oxunma sayı: 2389