Muəllif:

MƏN İTALYANAM

Toto Kutunyonun (Cutugno) bütün dünyada məşhur olan “L’italiano” (Mən italyanam) mahnısı 1983-cü ildə yazılıb. Mahnı ilk dəfə San Remo festivalında müəllif tərəfindən ifa edilmişdi.

O illərdə Bakının barmaqla sayılacaq gecə barlarında – “Yubileynaya”, Bakı mehmanxanasının ən son mərtəbəsindəki “Əsgərin Barı”, Azİİ-nin “Tri Ognya” klubu, “İnturist”in barında ən çox çalan mahnı BONEY M qrupunun hərəkətli “Rasputin”i və “L’italiano” idi. Cavan idik, ümidli idik və elə bilirdik ki, Dünya bizim olacaq. Cəmi 4-5 il sonra Qarabağ hadisələri və müharibə, bir qədər sonra da Sovetlərin dağılması – bütün kataklizmləri yaşadıq, hər şey elə bil bizim nəslin başında partladı…

…İcazə verin oxuyum

gitarımı götürüb.

İcazə verin oxuyum

mahnımı yavaş-yavaş.

İcazə verin oxuyum,

çünki italyanam,

gerçək italyan…

Bu gün nənə olan bizim dövrün qızları ona aşıqdilər. Yaşıdlarım nifrət edirdilər Toto Kutunyoya, rəqib görürdülər bu italyanı..

…Salam, İtaliya,

salam, Mariya,

gözlərində melanxoliya var.

Salam, Tanrım,

bilirsən ki, mən də varam Dünyada…

Bu mahnını dinləyə-dinləyə böyüdük, ailə qurduq, qızlarımız da elə Bakıda qaldılar. Toto Kutunyo bizə italyan musiqisini, Çelentano filmlərindəki qəhrəmanları ilə italyan insanını sevdirdi. Elə yaxşı mühitdə təhsil almış, elə zövqlü müəllimlərdən dərs almışdıq ki, bizim nəslə Galileyi də tanıtdırdılar, da Vinçini də, Mikelandcelonu da sevdirdilər, Rafaeli də. Bizim nəsil Fellini və Viskonti ilə böyüdü, Anna Manyani və Sofi Loren, Marçello Mastroyani və Vittorio Gassmanı izlədi. Bizim nəsil Milanlarda, Romalarda gəzmədi, restoranlarda pullar səpələmədi, amma İtaliyanı ən az italyanlar qədər sevdi, oxudu və öyrəndi. Bizim dövrün uşaqları Toskana şərablarını ayırd edə bilmədilər, amma Uffitsi (Uffizi) qalereyasında nümayiş etdirilən şedevrləri bir-birindən ayıra bildilər. Bizim oğlanlar Yuventusun, İnterin, Milanın əfsanələrini qəzet və jurnallardakı kasad informasiyalardan tanıyır, kumirlərini görmək üçün dörd il səbirsizliklə Dünya çempionatlarını gözləyirdilər. Çünki Meatsaları, Dzoffları, Rossiləri ancaq elə izləyə bilirdik. Bizim dostlarımız nə Alianz Stadium görmüşdülər, nə də Giuseppe Meatsa, gördükləri “Neftçi”nin doğmadan doğma stadionu idi…

Ehtimal ki, rabitəsiz bir mətn deyəcəksiniz bu yazdıqlarıma. Ola bilər, beş dəqiqəyə yazılmış şeydir. 2 günlük yasaq var Türkiyədə, küçəyə heç sms-lə də çıxmaq olmaz. Nə ilə məşğul olum deyə düşünərkən əziz və qədim dostum Elçinin (Şıxlı) həyat yoldaşı whatsapp-dan ənənəvi səhər videosunu göndərdi mənə (Sevinc karantin günlərində bizi heç unutmur, darıxmağa qoymur). Açdım ki, Toto Kutunyonun mahnısı. Bir az pis oldum, mahnı eyni, sözləri eyni, ancaq oxuyan Toto Kutunyo deyil. İndi bizim Dünyamızın, bizim kumirlərin vaxtı deyil, yoxdur o Dünya…

Salam, İtaliya,

bütün sənətkarlarına

və reklam plakatlarına.

Salam,

günəş, eşq və dəniz haqda mahnılarına,

rahibə örtüyünü atan qadınlarına…

 

https://yandex.ru/video/preview/?filmId=11219273187367688577&from=tabbar&parent-reqid=1586597420140629-140475180573895648200236-production-app-host-sas-web-yp-198&text=italiano+vero

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,86 из 10)
Oxunma sayı: 514