Muəllif:

KORONAVİRUS və ya TACLI FƏLAKƏT (II)

Ən dəhşətli xəstəlik ölümcül olan deyil, müalicəsi olmayandır..

Mariya fon Ebner-Eşenbah

1939-cu ildə fiziklər Leo SilardYudjin Vigner ABŞ prezidenti Ruzveltə bir məktub qələmə alırlar. Albert Eynşteyn məktubu redaktə edir, imzalayıb Ağ Evə çatdırır. Məktubda nasist Almaniyasının atom bombası əldə etmək üçün ciddi işlər gördüyü, Hitlerdən əvvəl bu silaha sahib olmaq üçün ABŞ-ın fəaliyyətə başlamasının zərurəti haqda yazılırdı. Ruzvelt həyəcan təbili çalan dünya şöhrətli alimin müraciətinə tez reaksiya verir –‘’Manhetten Layihəsi’’ belə yaranır. Layihə bəşəri bir məqsədə — Yer Kürəsini xilas etməyə xidmət edəcəkdi. Görkəmli fizik, gələcəyin Nobel mükafatı laureatı Robert Oppenheimer layihənin rəhbəri təyin edilir, bura 130 min insan cəlb olunur, 22 milyard dollarlıq büdcə ayrılır…

Amerika o vaxt görünməmiş bir mütəşəkkilliklə imkansız olanı həyata keçirdi. Və indi, o tarixi hadisədən 75 il sonra ABŞ “Manhetten Lyihəsi”nə bənzər yeni bir səfərbərliyə başlayır. Ağ evin təlimatı ilə koronavirusa qarşı peyvənd üçün ABŞ-ın 5 farmasevt şirkəti gücünü birləşdirərək çalışmalara başlayıb. Onlar yenə də imkansız kimi görünən bir hədəf qoyublar qarşılarına – bu ilin noyabr ayına qədər 150 milyon doza peyvənd istehsal etmək. Bütün dünya buna “Yeni Manhetten Layihəsi” adını verib.

Bəs milyardlar xərclənərək əldə ediləcək 150 milyon doza kimə çatacaq və ya peyvənd çıxsa onun effektivliyi nə qədər olacaq? Bu suallara cavab hələ ki yoxdur…

***

Gənc bir qohumum Kanadanın qərb sahilindəki uzaq Vankuverdə böyük bir texnoloji şirkətdə çalışır. Telefon danışıqlarımızdan birində şirkətdə çalışan çinlilərə qarşı neqativ münasibət yarandığını söylədi. Bu əndişə onların Çin təqviminə görə Yeni il şənlikləri üçün ölkələrinə gedib gəldikdən sonra daha da artmağa başlayıb. Xeyli çinlinin yaşadığı Vankuverdə müxtəlif söz-söhbətlər dolaşmaqdadır. Konspiroloji nəzəriyyələrə inanmasam da eşitdiklərim məni heyrətə salır:

-Epidemiyanın konkret bir irqə hədəflənmiş olması

-Qripə yoluxanların əsasən çinlilər olması

-Xaricdə qeydə alınan xəstələrin də əsasən çinlilər olması

— Epidemiyanın uşaq və gənclərdən bir qədər yan keçməsi.

İntellektinə şübhə etmədiyim qohumuma etiraz edirəm – “Virusu konkret bir irqə, millətə yönəltmək nə dərəcə ağlabatandır?”. Cavab hürkütücü idi: “Genetik kodla müəyyən kriteriyalar verərək virusu mutasiya etmək mümkündür”. Nəfəsimi tutduğumu görüb, bununla bağlı bir məqalədən xəbərim varmı deyə soruşur. “Virusologiya ilə bağlı elmi məqalələr oxumaq kimi bir alışqanlığım yoxdur” deyə guya zarafat edirəm. Telefonda klaviaturasının səsi gəlir, məqalənin linkini mənə atırdı…

“Nature”nin 22.02.2017 tarixli sayındakı David Cyranoski imzalı məqalədə koronavirusun episentri sayılan Uhan (Wuhan) şəhərində 44 milyon dollara qurulmuş “BSL-4”  təsislərindən bəhs edilir. Buradakı “4” təsislərin ən yüksək sayılan 4-cü bio-güvənlik dərəcəsinə sahib olduğunu göstərir. Cyranoski 2025-ci ilə qədər Çində daha 7 belə araşdırma mərkəzi qurulacağını yazır. Çin Elmlər Akademiyası Patogenik Mikrobiologiya və İmmunologiya Laboratoriyasının rəhbəri George Gao jurnala “Çinli alimlərin araşdırmaları dünyaya faydalı olacaq” demişdi. Ehtimal edirəm ki, çinli alımlər laboratoriyada ciddi bir sızıntıya yol vermişlər. Zatən məqalədə Çin hökümətinin təhlükəsizliyin yetərli olmadığını etiraf etdikləri də qeyd olunur.

Məqalədən 1 il sonra – 4 may 2018-də Çinin rəsmi xəbər agentliyi Sinhua çox adamın diqqətini çəkməyən bir xəbərdə Uhan Virusologiya İnstitutunun 35 yaşlı alimi Chzhou Penin sözlərinə yer verir:

“Yarasalar virusu daşıyıb başqa heyvanlara bulaşdırsalar da, özləri xəstələnmirlər. Qürur hissilə deyirəm ki, biz bunu araşdıranlar içində dünyada lider olduq” və arxasınca da əlavə edir: “Ümid edirik ki, yarasalar insanları da buna öyrədəcəklər”

Sinhua alimlərin uğurunu yerə-göyə sığdırmır. Həqiqətən də Çin tibbdə, xüsusilə də virusologiyada böyük uğurlara imza atır. Ancaq Virusologiya İnstitutunun gənc və idealist alimləri bir şəkildə sızıntıya yol verib, nəzarəti itiriblər…

***

İki həftədir çinli qonağımız var. Lora böyük qızımın İsveçrədə həm tələbə yoldaşı, həm də otaq yoldaşı olmuşdu. Məzun olduqdan sonra qızım evə qayıtdı, Lora isə orada qalıb öz işini qurdu. Koronavirus epidemiyasının başlaması ilə valideynlərinin yanına tələsdi, gedə bilmədi – yollar bağlandı. O da təklikdən qurtulmaq, az da olsa rahatlamaq üçün tələbə yoldaşının yanına — İstanbula gəldi. Mən əvvəlcə narahat olsam da, qızım qorxmadı, rəfiqəsini tək qoymağa razı olmadı – çinli qızımız bir müddət bizdə qalacaq.

Lora Çinin bu bəladan çıxacağına inanır. Ailəsi Pekinlə Şanxay arasındakı Syuyçjou (Xuzhou) şəhərində yaşayır. Gündə bir neçə dəfə telefonla danışır onlarla. Şəhər epidemiyanın episentri Uhandan uzaq olsa da, karantindədir, küçələrə ordu və polis nəzarət edir. “Evdən 2 gündə bir dəfə çıxmaq olar, o da ancaq bir nəfər, həm də cəmi bir saatlığa – mağazadan lazımi şeyləri al və evinə dön. Karantinə uymayanlar həbs olunurlar”, – deyə Lora danışır. Ancaq yavaş-yavaş virus ölkə daxilində nəzarətə alınır. Çində nisbi rahatlama müşahidə olunur, dünyada isə əksinə — qorxu, təlaş, qeyri-müəyyənlik artmaqda davam edir. Çünki epidemiya pandemiyaya keçib artıq.

Qızım işdən sonra hər axşamı rəfiqəsinə ayırır, əsasən tibbi maska alıb Çinə göndərməklə məşğuldurlar. 2-3 kq-lıq karqonu Çinə 100 avroya göndərə biliblər. Mənim təəccüb və etirazımı görən qızım: “Biri bizdən 500 avro istəmişdi kiçik bağlama üçün”,- dedi. Bəzi “işbazlar” fürsətdən istifadə edib bəladan para qazanmağa çalışırlar. Ancaq gün keçdikcə İstanbulda da maska defisitə çevrilir. Koronavirusun İranda meydana çıxması ilə türklər də qorxuya düşüblər.

Qarşıdan isə Novruz gəlir, İran 3 həftəlik bayram tətilinə çıxacaq. Türkiyəyə 50-60 min iranlının gələcəyi gözlənilirdi. Ancaq dövlət qonşusu ilə sərhədləri bağladı. İki qonşu ölkə tibb və texnolojidə Çindən geri qalır, çinlilərdə olan nizam və intizam da yoxdur bu ölkələrdə. Alın yazısına inanan və “Nə gəlirsə Allahdandır” deyən toplumlarda fəlakətə qarşı mütəşəkkilliyi təmin etmək bir qədər mübahisəlidir. Türkiyə kimi Azərbaycan da İranın qonşusudur və  Türkiyəni gözləyən təhlükələr bizim üçün də eyni dərəcədə təhlükə ərz edir. Sərhədlərimizdə vəziyyət necədir, sərhəd-keçid məntəqələrindəki tibbi nəzarət nə yerdədir, şəhər və kəndlərimizdə maska və digər ləvazimatlar yetəri qədər varmı, əhaliyə xəbərdarlıq edilib, dəhşətli bəla ilə mübarizədə ilkin addımlar öyrədilibmi – bütün bu suallara cavab “fatalist” bir toplumun gələcəyi, millətin var olması üçün həyati vacibdir…

“Netflix”“İmperiyanın Yüksəlişi: Osmanlı” (orj. adı – Rise of Empires: Ottoman”) serialının sonuncu bölümünə baxır, arada isə məqaləni redaktə edirəm. “Bir imperiyanın yaranması üçün başqa bir imperiyanın yıxılması lazımdır” sözləri ilə başlayır hər bölüm. Və osmanlılar Bizans paytaxtını fəth edirlər, budur, 21 yaşlı Fatih Sultan Mehmet ağ atı Küheylanın belində Konstantinopola girir. Gözüm ekranda Akşemseddini axtarır. Əvvəlki  bölümlərdəki kimi filmi çəkənlər Fatihin müəlliminə yer verməyiblər. Unudublar, bilərəkmi görəsən?

Akşemseddin (1389-1459) Konstantinopolun fəthinin fikir babalarından biri, Fatihin Bizansın bağrını ələ keçirmə xəyallarının ən böyük dəstəkçisi idi. O həm də böyük alim və təbib idi, tarixə virusologiyanın atası kimi keçib. Akşemseddin virusu Levenquqdan (Antonie van Leeuwenhoek) 200 il əvvəl kəşf etmiş, Maddetü’l-Hayat adlı əsərində belə yazırdı:

Xəstəliklərin insanlarda tək-tək ortaya çıxdığını düşünmək xətadır. Xəstəlik insandan insana bulaşaraq keçir. Bu bulaşma gözlə görülməyəcək qədər kiçik, fəqət canlı toxumalar vasitəsilə olur.

Akşemseddinin atalarının Anadoluya Azərbaycandan köçdüyü bilinir. Bu tarixi şəxsiyyətin babalarının torpaqlarında yaşayanlar bu gün böyük sınaqla qarşı-qarşıyadırlar. Əminəm ki, biz millət olaraq bu sınaqdan çıxacağıq, çıxmalıyıq, millət olacağımızı göstərməliyik…

 

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 622