Muəllif:

Yoxsa bizim də dərimizi soyacaqlar?..

Lap çoxdanın, neçə illər bundan əvvəlin söhbətidir. Bir ara siyasi yazılarda tez-tez “orta əsrlər” ifadəsini işlədirdim.

Axırda rəyinə hörmət elədiyim insanlardan biri mənə qayıtdı ki, sən nahaq yerə orta əsrləri yalnız neqativ mənada işlədirsən, o, dövr həm də İntibah və humanizm dövrü kimi yadda qalıb.

Əlbəttə onunla razılaşmaya bilməzdim, çünki düz deyirdi. Amma onda da dedim və indi də bir daha ərz edirəm ki, orta əsrlər həm də inkvizisiya və teokratik imperiyalar dövrü olubdur.

Fəqət, sözüm yenə bunda da deyil. İnsanın fərd olaraq və cəmiyyətlərin də tam kimi sosial evolyusiyası məni həmişə çox düşündürüb.

Deyirlər ki, min illər, hətta yüz illər ərzində çox dəyişmişik, çox böyümüşük. Amma bu “böyümək” məsələsi bəndənizdə həmişə suallar doğurubdur.

Söz yox ki, indi ortabab orta təhsilli hər bir adam Platondan da, Aristoteldən də qat-qat artıq bilir. Amma Aristotel özünün “Metafizika”sında bir çoxbilənlərə və bir də müdriklərə işarə vurur. Odur ki, hələ bilmək olmaz, biz hansı kriteriya üzrə “böyümüşük” və ya  ümumiyyətlə, böyümüşükmü?..

Nizami, Nəsimi və bir də dədə Füzuli. Azərbaycanın klassik poeziyasının üç ən uca zirvəsi və üçü də saraylardan və hakimiyyətlərdən tamamilə uzaq adamlar. Hətta Xaqani də saray şairi kimi tanınsa da, bu adamın da saraylara sığmadığı və saray əhli ilə daim ixtilaflarda olması hamıya bəllidir.

Bəs indi nə var? XXI əsr Azərbaycan ədəbiyyatı nəinki sarayda, hətta varlı-karlı bir məmurun cibində yerləşməyə belə hazır-müntəzir görünür.

Əlbəttə, bununla demək istəmirik ki, böyük ədəbiyyat yalnız böyük iztirablardan yaranır. Yox, belə deyil. Götenin həyatı çox rəvan keçibdir. Amma o, nə az, nə də çox, “Faustu” yazmışdı.

Üstəlik, Götenin hətta Bonaparta simpatiyasının (bir ara!) mayasında tamam başqa motivlər dayanırdı. Bu, bir yaradıcı insanın N.Bonapartın rəğbətini qazanmaq və ya bundan hansısa formada yararlanmaq məsələsi deyildi.

Odur ki, keçmişə qəti aşağılayıcı nəzərlə baxmayaq. Həmin keçmişimizdə, hətta özümüzü belə götürsək, ən azı əqidəsinə görə dara çəkilən Sührəverdi, Nəimi kimi hikmət əhli — filosoflar vardı.

Bəli, il də Nəsimi ili elan olundu. Azərbaycanlılar son illərdə yaman qəribə olublar, hər şeyə ironiya edir, hər şeyi lağa qoyurlar. Görünür, bir Azərbaycan Turgenevi də lazımdır ki, azərbaycanlıların nihilizmindən yazsın…

Sizlərə mücərrəd təsir bağışlamasın bu. Hər şeyə nihilist münasibət tamam boş yerdən də yaranmayıbdır. İnsanlar deyilənlərlə gerçək həyat arasında o qədər təzad görüblər ki, artıq istənilən sözə ikrahla, ən yaxşı haldasa, ironiya və lağla yanaşmağa başlayıblar, sanki sözlərin də inflyasiyası baş veribdir, bütün sözlər dəyərdən düşübdür, elə bil artıq heç bir söz mənasında və məqamında işlənmir.

Amma əvvəllər, hətta lağ etdiyimiz uzaq orta əsrlərdə də belə olmamışdı, sözə dəyər verirdilər. Bəzən o, qızıl-gümüşlə, ləl-cavahiratla ifadə olunurdu, bəzənsə sözə görə edam edirdilər. Hər ikisi, bütün hallarda, sözün çəkisindən xəbər verirdi, sözə sayğıya işarə idi, sözün gücü və qüdrətilə hesablaşmağın göstəricisi idi. Bəlkə də spesifik, özünəməxsus bir göstərici idi, amma “Əşi, filankəsdir də, çərənləyir” də demirdilər…

Amma indi nə var? Bəli, yaşının tamam ahıl çağında, əllini ötəndən sonra belə özünü ədib kimi “təsdiq edə bilməmiş”, 50 yaşlı “gənc yazarlar” və bir də rəsmən ədib kimi “təsdiqlənmiş-möhürlənmiş”, əlində “arayışı” olan, neçə illərdir ki, ədib – şair və yazıçı işləyən, biri-birinə zidd iki sistemdə yaşayan, hər birilə də dil tapa bilən, hər birində də hörmət-izzət sahibi olan bir qrup qoca-qarımış yazarlar.

İki dəstə gah barışır, gah dalaşır, gah da “dost” olurlar. Bunların da özlərinin müharibəsi var, aralarında savaş da olur, atəşkəs də, çünki hamısı eyni “əraziyə” – eyni pul kisəsinə iddia edirlər, hər ikisi hesab edir ki, biri digərinin tikəsini yeyir…

İl isə “Nəsimi ili” elan olundu. Görən, Nəsimi özü buna nə deyərdi, necə baxardı? Bilmirəm. Bildiyim odur ki, orta statistik azərbaycanlı meşşanının buna özünəməxsus reaksiyası oldu: Yoxsa bizim də dərimizi soyacaqlar?..

Görünür ki, bu da təsadüfi deyil. Neçə yüz il bundan əvvəlin insanı – İmadəddin Nəsimi heç bilmirdi ki, ona hansı cəzanı verəcəklər, qətiyyən bunun fərqində belə deyildi, öz işində, şair-filosof kimi Yerlə, Göylə əlləşməyində-vuruşmağında idi.

Amma XXI əsrin müasir orta statistik azərbaycanlısı üzdə zarafatla olsa da, hər halda, içdə lap ciddi sayaq dərhal ÖZ DƏRİSİ haqda düşündü, “Bəlkə bizim də dərimizi soyacaqlar?”,- deyə soruşdu.

Odur ki, çox əziz qardaşlarım, hələ bilmək olmaz ki, kim daha BÖYÜKDÜR — orta əsrlərin İNSANI, yoxsa ki, bizim XXI əsrin müasir Azərbaycan ADAMI?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 142