Muəllif:

Təsəvvürümüzdəki ziyalılar…

Martın 1-də dövlət başçısının bir qrup mədəniyyət xadimi ilə görüşü keçirildi. Görüş və görüşdəkilər barədə uzun yazmağa gərək yoxdur. Heç, səslənən fikir və təkliflərə də toxunmağa gərək yoxdur. Amma cəmiyyətdə xəyal qırıqlığı yaratdığı dəqiqdir.

Bu görüş Sovet Azərbaycanının və bir qədər də müasir Azərbaycan mədəniyyətinin siması idi. Yəni, köhnə və cavan nəsil nümayəndələri eyni görüşdə iştirak edirdi.  Aydındır ki, mədəniyyət xadimlərindən atom parçalanması, Kvant fizikası ilə bağlı təkliflər səslənməyəcəkdi. O da məlumdur ki, onların verəcəyi təklif öz sahələri ilə bağlı olacaqdı. Amma könül istərdi ki, xalqın artisti və yazıçısı titulunu daşıyanlar bir dəfə də məhz xalqın adından danışardılar, daha doğrusu onların dərdlərini sadalayardılar. Yaşlıları qınamaq kimi niyyətimiz yoxdur, amma gənclərdən daha innovativ təkliflər eşitmək istərdik.

Təsəvvür edək ki, həmin görüşdə Azərbaycanda söz və fikir azadlığının bugünki durumu ilə bağlı məsələ qaldırılır. Qəzetlərin reklam bazarından uzaqlaşması, abunə sisteminin məhv olunması, regionlara mətbuatın gedib çıxmaması, televiziyalarda alternativ fikirlərin olmaması, orada tənqidi fikirlərə və təkliflərə yer verilməməsi, jurnalistlərə təzyiqlər barədə fundamental fikirlər səsləndirilir.

Təsəvvür edək ki, həmin görüşdə ədalətli məhkəmə məsələsi müzakirəyə çıxarılır. Nümayəndəlik institutunun ləğvinin doğru olmadığı, Vəkillər Kollegiyasından peşəkar vəkillərin uzaqlaşdırılması barədə sual və təkliflər səsləndirilir.

Təsəvvür edək ki, həmin görüşdə mədəniyyət xadimlərimiz, yazıçılarımız Qarabağ münaqişəsinin həlli ilə bağlı ali baş komandana xeyli suallar verirlər və “xalqların sülhə hazırlanması” məsələsinə aydınlıq gətirməsini xahiş edirlər. Məlum məsələ həmsədrlərin bəyanatında səslənsə də, onun konkret izahı yoxdur, bu günədək də yüksək rütbəli kimsə bu barədə xalqa bir söz deməyib.

Təsəvvür edək ki, həmin görüşdə təhsilin hələ də “fond pulu”, “süpürgə” zillətindən qurtulmadığını, adına kurrikulum deyilən nəsnənin şagirdlərin beynini zorladığını deyirlər.

Təsəvvür edək ki, həmin görüşdə ötən il pambıq tarlalarında ölən, icbari tibbi sığorta olmadığından həyatlarını itirənlərin hesabı sorulur.

Təsəvvür edək ki, bir obyekt açmış sahibkarın dəfələrlə haqsız vergiyə cəlb olunması, axırda məcbur qalıb iş yerini bağlaması haqqında da fikir mübadiləsi aparılır.

Təsəvvür edək ki, Azərbaycandan köç edən “beyin axını”, iş dalınca Sibirə yollananlar, işsizlik ucbatından boşalan kəndlər barəsində fikirlər səsləndirilir.

Təsəvvür edək ki… bu və buna bənzər bütün məsələlərə toxunulur. Şərt deyil ki, hamısı bu barədə danışsın. Heç olmasa biri… qalanları elə mədəniyyətdən danışsalar da olar.

Təsəvvür edək ki…

Təsəvvür edək ki…

Siyahını xeyli uzatmaq olar.

Kimsə  bu ictimai məsələləri dilə gətirmədi. Doğrusu, bu sətirlərin müəllifinin elə fövqəladə gözləntisi də yox idi. Yəqin ki, Azərbaycan xalqı da mədəniyyətimizin ali təmsilçilərindən əlini çoxdan üzüb. “İnsanlarımız teatra gəlmirlər”in bir səbəbini də burada axtarmaq lazımdır.

Ümumiyyətlə, vaxtında getmək lazımdır. Səhnədən də, sənətdən də. O zaman xalq sənətkarı da, sənətçini də dərin hörmət və sevgi ilə xatırlayacaq. Əgər ictimai-siyasi fəaliyyətlə məşğul olursansa, o zaman da vicdanlı olmaq şərtdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 256