Muəllif:

Şeytanın xidmətçiləri

Allah şeytana lənət eləsin. Bu kəlmə son günlərin trendinə çevrilib. Yəqin hardan gəldiyini bilirsiz. Məlum videodan. Açığı desək, Mehman Hüseynovla onu şərləyən Əli Abdalovun barışması videosunda bütün günahların şeytanın boynuna qoyulması və ona lənət oxunmasının şahidi olduq. Nəysə… Allah şeytana bir daha lənət eləsin. Sözüm onda yox.

Dini inanc sahibi olsam da, dindar deyiləm. Ola bilsin ki, bu yazdıqlarıma görə dindarlar da məni günahlandıracaqlar. Amma bəzən insanın etdiklərindən heç şeytan da baş açmır. Özü də əsasən bizim kimi müsəlman ölkələrində.

Tanrı və ya Allah və şeytanın mübarizəsinə bütün dinlərdə və dini kitablarda rast gəlmək mümkündür. Avestada bu Hörmüz və Əhrimən kimi yəni Xeyir və Şər allahları kimi təqdim olunurdu. Daha sonrakı dini kitablarda isə Allah və Şeytan. Adlar və təqdimatlarda fərqlilik olsa da, təşəbbüs eynidir. Xeyirlə şərin mübarizəsi. Yaxşı ilə pisin mübarizəsi. Və ya haqq ilə nahaqqın mübarizəsi.

Xeyirə, haqqa xidmət edənlər haqsızlıqla, şərlə mübarizə aparırlar və ya aparmalıdırlar. Haqsızlığa etiraz etməlidirlər. Haqsızlıq qarşısında susmamalıdırlar. Amma həqiqətən belədirmi? Biz bunu reallıqda görə bilirikmi?

Mən əksərən yox deyəcəm. Çünki sübutlarım var. Sizin də var.

Baxın. Hamımızın ətrafında namaz qılan, oruc tutan, özünü haqq yolunda göstərən insanlar var. Məqsədləri Allaha ibadət və xidmət etməkdir. Düzgün yaşamaqdır.

Amma bu insanların bir çoxu bu fani həyatda rahat yaşamaq, dolanmaq, ailəsini dolandırmaq üçün şərə xidmət etmək məcburiyyətində qalırlar və ya bilərəkdən xidmət edirlər.

Adam tanıyıram ki, Həccə gedir. Həccə getdiyi pulu halallıqla qazanmır. Xalqın pulunu, haqqını yeyir.

Adam tanıyıram namaz qılır. Amma evinə rüşvət aparır.

Adam tanıyıram oruc tutur.  Amma insanları şərləməklə, böhtan atmaqla, yalan danışmaqla məşğuldur.

Adam tanıyıram hər il qurban kəsir. Amma kəsdiyi qoyunun pulunu başqa tökdüyü qanlardan və göz yaşlarından qazanıb.

Adam tanıyıram özünə dindar deyir. Amma  kasıbların, yetimlərin pulunu evinə aparır.

Və.s. Və.i.a.

Siz də tanıyırsızmı? Varmı ətrafınızda belələri? Diqqətlə baxın. Ətrafınızdakı namaz qılıb, oruc tutan, Hacı olan şəxslərin fəaliyyətlərini və qazandığı pulların mənbəyini diqqətlə araşdırın. Əməli-saleh adamlar kimi, düzgün adam kimi tanıdığınız, inandığınız insanları diqqətlə izləyin.

Və ən əsası. Adam tanıyıram ki, namaz qılıb, oruc tutub, Hacı olmağından asılı olmayaraq haqsızlıq qarşısında susur. Göz yumur. Danışmır. Hətta yeri gələndə Şərin əlini-ayağını yalayır.

Bəlkə də araşdırsaq, məlum olar ki, Mehman və digər siyasi məhbusların şərlənməsində, saxta ittihamlarında, saxta hökmlərində iştirak edən şəxslərin bir çoxu da namaz qılır, oruc tutur, Hacıdır, özünü Allaha xidmət etmiş kimi görür, müsəlmandır. Amma ki əməlləri ilə ibadətləri düz gəlmir. Və ya bu ibadətləri etməsələr də, bilirlər ki, pis əməllər, şər, böhtan, rüşvət, oğurluq, haqqı yemək şeytan əməlidir.

Indi deyəcəyim nədir. Mən də sizin kimi əvvəllər dini ayinləri yerinə yetirən birinin rüşvət aldığına, şər maşınına xidmət edib kimisə şərlədiyinə, yetimin pulunu evinə apardığına təəccüblənirdim. Amma daha təəccüblənmirəm. Ikrah hissi keçirirəm. Onların etdiklərinə özünü sığortalamaq kimi baxıram. Nə də olsa sonda günahlarını qoyacaqları biri var. Şeytan. Sonda şeytanı günahkar çıxarıb, ona lənət oxuyacaqlar. Sanki bunlar günahkar deyilmiş, bütün bunların etdiklərini şeytan edirmiş.

Nə deyim. Allah şeytana da lənət eləsin, onun xidmətçilərinə də…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 265