Muəllif:

QAZAXISTAN, YOXSA NURSULTANSTAN?..

Bu yazı işıq üzü görəndə bəlkə də bir az gec olacaq, amma mən bu sətirləri yazanda diqqətlər birmənalı şəkildə Qazaxıstana yönəlmişdi və dərhal etiraf edim ki, MDB məkanında belə maraq və hətta təəccüb sonuncu dəfə Rusiya prezidenti Boris Yeltsin istefa verərkən yaşanmışdı və indiki kimi yadımdadır ki, o vaxt mən bu xəbəri bir nəfərə çatdıranda onun ilk reaksiyası belə oldu ki, nə danışırsan, Yeltsin də istefa verərmi?

Amma Nazarbayevin “istefası” gözlənilən idi — düzdür, kənarlarda bu, Qazaxıstanın özündəki kimi duyulmurdu, amma bu yöndəki işarələr, hazırlıqlar artıq bəlli idi; hiss olunurdu ki, Mərkəzi Asiyanın ən böyük ölkəsinin prezidenti postunu tədricən başqasına verməyə hazırlaşır…

Ən əsası isə bu idi ki, siyasi adrenalin həvəskarları eyni gündə həm eyforiya, həm də məyusluq yaşadılar; əvvəl “Baxın, kişi postunu cavanlara verdi” dedilər, di gəl, axşam saatlarına yaxın bəlli oldu ki, əslində Nursultan kişi harasa getməyə tələsmir, sadəcə, vəzifəsinin adını və bir az da statusunu dəyişibdi.

Odur ki, dərhal “Prezident getdi, yaşasın Elbaşı!” deyənlər haqlı çıxdılar; təxminən bir neçə saat ərzində, demək olar ki, ildırım sürətilə hakimiyyətə yeni tərtibat verildi; bundan sonra kimin “prezident” adını daşıyacağı da məlum oldu, Nazarbayevin qızının parlamentin yuxarı palatasına başçılıq edəcəyi də, hətta bir anın içində paytaxtın da adı dəyişib Nursultan oldu, Nazarbayevin özünün bundan sonrakı statusu ilə bağlı ən mühüm detallar aydınlaşdırıldı…

Ən əsası da belə məlum oldu ki, əslində qazax hökmdarı heç bir yerə getmir və buna işarə edən rus mətbuatı dərhal yazdı ki, ciddi, kardinal dəyişiklər yalnız Nazarbayev postunu yox, dünyasını dəyişəndən sonra olacaq, çünki qoca siyasi lider ölkənin bütün siyasi-iqtisadi rıçaqlarını öz əlində saxlayır və bundan sonra Qazaxıstanı, məsələn, ayətullah Xameneyi İranı idarə edən kimi idarə etməyə və bir növ, milli rəhbər, hətta kral kimi yaşamağa hazırlaşır, bir fərqlə ki, qızı Senata başçılıq etsə də, ölkənin əsas siyasi və iqtisadi rıçaqları bu adamın yaxınlarının əlində cəmləşsə də monarxiya Qazaxıstanda hələ institusional və hüquqi təsdiqini tampayıb və Nazarbayevlər ailəsi güclü siyasi klan kimi formalaşa bilsələr də, hələki rəsmi siyasi dinastiya statusunu almayıb…

Bir daha ərz edirik ki, bənzər hadisələr əslində bir çox avtoritar ölkələrdə baş veribdi; İranı xatırlatdıq, amma səhv etmiriksə, hətta Qəzzafi də son illərdə özü üçün ümummilli status yaratmışdı və bununla hakimiyyətini və statusunu bir az da artırmışdı.

Nazarbayev də belə edir; o, da öz adını daşıyan şəhərdəki eyni adlı  küçədəki mənzilində oturub səltənətini idarə edəcək, hətta ola bilsin, İrandakı kimi, yüksək əcnəbi qonaqlar təkcə yeni prezidentə deyil, həm də siyasi rəhbərə baş çəkməli olacaqlar…

O ki qaldı Nazrbayevin siyasi lider kimi, mədhiyyəsinə, əlbəttə ki, kolxozçu Əbiş kişinin oğlu, qazax bəylərindən olan Nazarbay kişinin nəvəsi Nursultan əlbəttə ki, ağıllı adamdır, xüsusən də çox hiyləgərdir. Amma onun haqqında deyilən digər təriflər yaltaqnamədən başqa bir şey deyil; digər Mərkəzi Asiya ölkələri – Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan nə qədər müstəqildirsə, Qazaxıstan da o qədər müstəqildir.

Üstəlik, bunu sosial-iqtisadi inkişafla da bağlı demək olar. Ən başlıcasısa budur ki, Nursultan cənabları ölkədə sərt avtoritar rejim yaradıb, burada da heç bir demokratiyadan və ya azadlıqdan danışmaq mümkün deyil.

Çoxlarında daha çox Nursultanın siyasi manerasındakı bir detal – onun Kremllə necə “oynaması” maraq doğururdu, həta bunu digər ölkələrə misal kimi də göstərirdilər. Amma biz burada elə bir məharət görmürük, çünki MDB despotlarının hamısı bu işdə mahirdirlər.

Əlbəttə, demək olardı ki, gənc dövlət olan Qazaxıstan iki nəhəngin – Çinlə Rusiyanın arasında yerləşib və bu çox mürəkkəb geosiyasi “areal”dır. Düzdür, amma siz mənə elə ölkə göstərin ki, yalnız dostlarla əhatə olunmuş olsun, — belə ölkə tapmaq çox çətindir, bütün siyasi regionların öz mürəkkəblikləri var.

Həm də bir az əvvəldə dedik ki, digər Mərkəzi Asiya ölkələri nə qədər müstəqildirsə, Qazaxıstan da o qədər müstəqildi – MDB-nin, KTMT-nın və Avrasiya Birliyinin, Gömrük İttifaqının üzvüdür.

Sadəcə, Nursultan müəllimi digərlərindən fərqləndirən ən əsas cəhət budur ki, o, Kremllə həmişə “Yalançını evinə qədər qovarlar” prinsipilə davranır; Moskvanın meqalayihələrinə hamıdan əvvəl “dəstək” verir, bir çox hallarda isə bunu hətta özününküləşdirərək təqdim edir və bundan ehtiyatlanmır, çünki gözəl bilir ki, Moskva nə qədər çabalasa da onun daha meqalayihələrin mühərriki kimi çıxış etmək gücü yoxdur və bütün bu ittifaqlar — təşkilatlar cəfəngiyyatdan başqa bir şey deyil, hamısı kağız üzərində qalacaq…

Hiss etdinizsə, qazax lideri haqdakı qısa “təhlilnamə”ni maksimum dərəcədə təmkinli üslubda yazdıq. Səbəbi də budur ki, özümüz də heç o qədər də fərqli durumda deyilik – bizi Mərkəzi Asiya ilə “birləşdirən” tellər günbəgün artır; insanlarımız mancanaq və yaxud ruslar demişkən, kaçalka kimi o qədər əyilib-dururlar ki, artıq sual işarəsi şəklini alıblar.

Bu günlərin söhbətidir. Şəhərdə bir jurnalist tanışımla rastlaşdım. Dedi ki, yazılarını oxuyuram, amma daim narazısan. Soruşdum ki, bilirsənmi niyə narazıyam? Dedi “yox”. Onda ona qayıdıb dedim ki, Azərbaycanda əsl partiya mediası indi formalaşır və ardınca da soruşdum ki, sən bunun heç fərqindəsənmi? Növbəti dəfə “yox” kəlməsini eşidəndə qayıtdım ki: “di sağ ol, mən getdim”…

İndi siz də sağ və salamat qalın və bir şeyi bilin ki, hakimiyyət çox şirin şeydir, onu heç yerdə, heç kim elə-belə, könüllü şəkildə ona-buna vermir – o cümlədən də Qazaxıstanda…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 224